
Pensiyaların indeksləşdirilərək artırılması mövcud hüquqi mexanizmə uyğun həyata keçirilir və bu proses təxminən 1 milyon 100 min vətəndaşı əhatə edir.
Reportyor.tv xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev pensiyaların indeksləşdirilməsi ilə bağlı təşkil olunan brifinqdə məlumat verib.
Nazir müavini vurğulayıb ki, artım qanunvericiliyin tələblərinə əsasən icra olunur. O qeyd edib ki, yalnız pensiya məbləğləri deyil, eyni zamanda hazırda çalışan şəxslərin fərdi hesablarında yığılan pensiya kapitalı da 2026-cı il yanvarın 1-dən etibarən artırılacaq.
Rəşad Mustafayevin sözlərinə görə, pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım göstəricisinə əsaslanır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il üzrə bu artım təxminən 93 manat olacaq.
Nazir müavini vətəndaşları maraqlandıran əsas məsələlərdən birinin yanvar ayına düşən artımın ödəniş vaxtı ilə bağlı olduğunu da bildirib. Qeyd olunub ki, yanvar ayı üçün hesablanan artım fevral ayının pensiyası ilə birlikdə ödəniləcək.
Musavat.com






Şərhlər