Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Fəzail Ağamalı-“Quska” davası - 19 il əvvəl nə baş vermişdi?
Fəzail Ağamalı-“Quska” davası - 19 il əvvəl nə baş vermişdi?

Ana Vətən Partiyasının sabiq sədri və keçmiş deputat Fəzail Ağamalının bu il fevralın 9-da vəfatından sonra onun ictimai-siyasi fəaliyyəti sosial şəbəkə və mediada müzakirə edilməkdədir.

O, siyasi fəaliyyəti dövründə bir neçə siyasi qalmaqalın birbaşa iştirakçısı olub.

Bunlardan biri də tanınmış bəstəkar, “Quska” ləqəbli nüfuzlu iş adamı Hüseyn Abdullayevlə olan əlbəyaxa dava olub.

2007-ci ilin 16 martında, Nazirlər Kabinetinin Milli Məclis üzvləri qarşısında hesabatı zamanı Fəzail Ağamalı ilə deputat Hüseyn Abdullayev arasında baş vermiş mübahisə gərginləşərək fiziki qarşıdurmaya çevrilib. Bu hadisə Azərbaycanın siyasi tarixində parlament səviyyəsində nadir davalardan biri kimi qalaraq geniş rezonans doğurdu.

Fəzail Ağamalı-Hüseyn Abdullayev qalmaqalı parlamentin iclası zamanı baş verdiyindən, deputatlar, hökumət üzvləri və jurnalistlər də hadisənin şahidi olmuşdu.

O dövrdə “Mediaforum” portalından parlamentdə akkreditasiyalı jurnalist kimi fəaliyyət göstərmiş, hazırda “Yeni Sabah” saytının baş redaktoru olan İmdad Əlizadə də qalmaqalın şahidlərindən olub.

İ.Əlizadə xatırlayır ki, Hüseyn Abdullayev çıxış etdiyi zaman Fəzail Ağamalı ona etiraz edib. Bundan əsəbiləşən Hüseyn Abdullayev qəzəblə onu “Küçük, səsini kəs” deyə təhqir edib. Əlbəyaxa dava da bundan sonra başlayıb.

Parlamentə ilk dəfə seçilmiş H.Abdullayevin siyasi karyerasına bu qalmaqalla son qoyuldu.

İş adamı həbs edildi və parlamentin xüsusi iclasının qərarı ilə onun deputatlıq toxunulmazlığı ləğv olundu. Bundan sonra məhkəmə Hüseyn Abdullayevi iki illik şərti cəzaya məhkum edib.

Hadisədən 5 ay sonra 60 illiyi ərəfəsində APA-ya verdiyi müsahibədə Fəzail Ağamalı Hüseyn Abdullayevlə qalmaqalının səbəblərindən bəhs etmişdi.

“- Orada şərəf, ləyaqət məsələsi var idi. Şərəfini qoruya bilməyən insanın həyatda yaşamağa haqqı yoxdur. Mən o addımı atmasaydım, gərək özümü Xəzər dənizinə ataydım. Orda başqa yol yox idi.

- Amma Sizdən əvvəl Mili Məclisdə adamın qadınını təhqir etdilər, cavab vermədi...

- Bu hərəkətə görə Sizin deputat mandatınızı ala bilərdilər...

- Bu mənim gözümdə deyildi. Şərəf və ləyaqət olan yerdə hər şey ona qurban getməlidir. Orada mənim ölümüm də ola bilərdi. Bəlkə də, o hərəkətimə görə, mənə doğru güllə atılıb, nə vaxtsa da ünvanına çatacaq. Amma başqa yol yox idi.

- Hələ də bu günə qədər cəmiyyətdə həmin hadisənin qabaqcadan planlaşdırıldığı haqda fikirlər səslənir.

- Tamamilə yanlışdır. Çox təsadüfən yaranmış situasiya idi. Hüseyn Abdullayevi sakitləşdirə bilmirdilər. Mən ona ağsaqqal kimi ərkyana yerində oturmağı, qəhrəman kimi danışmamağı məsləhət gördüm. O isə heç kimə məhəl qoymadan başladı söyüş söyməyə və məlum hadisə baş verdi.

- Sonra Hüseyn Abdullayev Sizdən üzr istədi?

- Ümumi şəkildə üzr istədi və baş verən hadisədən peşman olduğunu dedi.

- Və məhkəmədə barışdınız?

- Mən bir çox şeyləri nəzərə aldım. Onun anası mənə müraciət etmişdi.

- Bir də hansısa deputat eyni hərəkətə yol versə, hansı addımı atacaqsınız?

- Kim belə eləsə, ondan betər münasibətə layiqdir. Əslində millət vəkilləri, dövlət məmurları, jurnalistlər xalqın üzdə olan nümayəndələridir. Bizim başqa cür davranmağa haqqımız yoxdur. Bu hadisə təəssüfləndirici idi.

- Sizə niyə töhmət verildi, bircə o başa düşülmədi...

- Mən bunu heç cür başa düşə bilmədim. Sentyabrda bu məsələyə yenidən baxılmasına israr edəcəyəm. Məsələ ilə bağlı Nizam-intizam komissiyasına müraciət etmişəm. Bu barədə spikerlə də danışmışam. Tələb edəcəyəm ki, lazım gəlsə məsələni parlament səviyyəsində müzakirə etsinlər.

- Hüseyn Abdullayev sizin oğlunuz yaşındadır. Bu hadisənin Sizə hansı psixoloji təsiri oldu?

- Doğrudur. Mən düşünmürəm ki, bu ağır psixoloji yükdən nə vaxtsa qurtara biləcəyəm. Bu hadisənin baş verəcəyini düşünmürdüm. Ziyalı üçün bu asan məsələ deyil. Mən elə adamam ki, yanımda söyüş söyüləndə qızarıram. Uşaqlarım otağa daxil olanda köynəyimin yaxasını düymələyirəm. Bu cür dəyələrlə yaşayan bir adamın belə hadisə ilə qarşılaşması olduqca çətindir. Bu heç vaxt unutmayacağım bir hadisədi”.

Fəzail Ağamalı ilə fiziki əlbəyaxadan sonra verilmiş şərti cəza müddəti bitən Hüseyn Abdullayev ölkəni tərk edərək Avropada siyasi mühacirətə üz tutdu. Bir müddət sonra ona qarşı maliyyə cinayətləri ilə bağlı cinayət işi qaldırılıb.

2018-ci il aprelin 23-də o, Türkiyə ərazisində saxlanılaraq Azərbaycana eksradisiya edilib. Məhkəmənin qərarı ilə o, qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə həbsə məhkum edilib.

2024-cü ildə cəza müddətinin başa çatmasına az qalmış sabiq deputat yeni müəyyən edilmiş faktlara əsasən, təkrar cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci ilin fevralında çıxardığı hökmlə H.Abdullayev cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək, yenidən 9 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi onun müraciətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

İttihama görə, H.Abdullayev bilərəkdən cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkədə fəaliyyət göstərən banklarda açılmış yeddi sayda hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb.

O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmaqda təqsirləndirilib./yeni sabah

Şərhlər