Bakıda keçirilən “8 Marş” adlı aksiyanın neqativ qəhrəmanı Aysel Ələkbərzadənin intihar cəhdi ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, istintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır: “Cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.
Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcəkdir. Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaqdır”,-deyə E. Sultanov bildirib.

“Yeni Müsavat” xəbər verir ki, adları çəkilən şəxslərdən bəziləri sosial şəbəkədə bu məsələ ilə bağlı fikirlərini yazıblar.
Nurlan Libre ile ilgili görsel sonucu
Nurlan Libre bildirib ki, Aysel Ələkbərzadənin psixologiyası sabit deyil:
“Martın 8-də keçirilən yürüşlə bağlı statuslarda müxtəlif formalarda təhqir edilməsi ona təsir etmişdi, ictimai bullinqə məruz qalmışdı. Gərək mən də tənqid eləməzdim, yəqin xətrinə dəydi, insan acığı həmişə gözünün qarşısındakından çıxmaq istəyir. Bundan əvvəl bizim kiçik konfliktimiz olmuşdu, bəlkə də düşünüb ki, ondan qisas alıram deyə tənqid etmişəm. Ümid edirəm, günahkarlar cəzalandırılar. Günahkar əslində cəmiyyətin özüdür”,-deyə bildirib. Lakin bu fikirlərə yazılan rəylərdə insanlar Nurlan Libreni qınayaraq, öz günahını cəmiyyətin üzərinə atmamağı bildiriblər.
Aslan Həmidli ile ilgili görsel sonucu
Adı çəkilən Aslan Həmidli bildirib ki, heç bir zaman feminst hərəkatının fəalı olmayıb: “Feminist xanımların təşkil etdiyi aksiyalarda da ümumiyyətlə iştirak etməmişəm. Aysel Ələkbərzadənin intiharı ilə bağlı açılmış cinayət işində hal şahidi olaraq sadəcə ifadə vermişəm. Bu da Aysel Ələkbərzadə ilə şəxsi həyatda olan tanışlığımdan irəli gəlib”.
Adları çəkilən digər şəxslər isə dolayısı ilə bu hadisə ilə əlaqələrinin olmadıqlarını bildiriblər.

Ekspertlər bildirirlər ki, əslində bu cür aksiyalar Azərbaycan mədəniyyətinə, dəyərlərinə qarşı Qərbin bəzi dairələri tərəfindən uzanan “əllərdir”. Bu kimi aksiyaların təşkilində isə Qərb dairələri ilə sıx təması olan və yuxarıda da adı çəkilən şəxslərdən bəziləri əsas təşkilatçı kimi qeyd edilir. Daha öncə də həmin şəxslərin feminizmlə bağlı müxtəlif yönlü aksiyaları, ölkənin dəyərlərinə qarşı fərqli çağırışları olub...
Hüquqşünaslar hesab edirlər ki, intihara cəhd hadisəsinə görə ciddi araşdırma aparılmalıdır. Araşdırmanın sonunda intihara təhrik faktının olub-olmaması müəyyən edilməli və günahkarlar qanunla cəzalarını almalıdırlar.
Əli Rais,
“Yeni Müsavat”