Rusiyada Çinə casusluq etməkdə şübhəli sayılan 79 yaşlı alim həbs edilib
Tarix: 15-06-2020, 23:00
Baxılıb: 177
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada Çinə casusluq etməkdə şübhəli sayılan 79 yaşlı alim həbs edilib

15-06-2020, 23:00

Rusiyanın Federal Təhlükəsizlik Xidməti 79 yaşlı alim, Peterburqda yerləşən Arkitika İctimai akademiyasının prezidenti Valeri Mitkonu həbs edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusiyalı alim məxfi məlumatları Çinə ötürməkdə ittiham olunur.

Maraqlıdır ki, V.Mitko hələ bu ilin fevral ayında Moskva şəhərinin Dzerjinski rayonunda həbs edilməsinə rəğmən bununla bağlı xəbərlər məhz indilərdə gün işığına çıxıb.
İstintaqın versiyasına görə, V.Mitko 2017-ci ilin mart ayından 2018-ci ilin mart ayına qədər “casus tapşırığı” əsasında sualtı qayıqlaırn aşkarlanması və hidro akustika sahəsində aparılan təhqiqatlar barəsində informasiyanı qarşı tərəfə ötürürmüş.

“Meduza” saytının məlumatına əsasən, alim tərəfindən toplanılan materiallar hərbi xarakterli dövlət sirri sayılıb və kəşfiyyat onun “xüsusi maraqla”, maddi mükafat müqabilində Çinə çalışdığı qənaətinə gəlib. Mükafatın məbləği sənədlərdə göstərilməyib.

FTX hesab edib ki, V.Mitko hərbi donanmada əldə etdiyi təcrübələrə əsaslanaraq 2018-ci ilin mart ayının 24-də Rusiyanın milli təhlükəsizliyinə xələl gətirə biləcək bir sıra informasiyaları rəsmi Pekinə verib. Bundan başqa alimin Çində “sabit sosial əlaqələr” və “uzunmüddətli əməkdaşlıq” qurduğu iddia edilib.

Lakin V.Mitkonun vəkili və “Komanda29” hüquq-müdafiə təşkilatının rəhbəri İvan Pavlovun sözlərinə görə burada hər hansı casusluqdan söhbət gedə bilməz. Rus alim həqiqətən 2018-ci ilin mart ayında Çinin Dalyan universitetində mühazirələr oxuyub.

Ümumiyyətlə onun 2016-cı ildən hidrofizika üzrə bu ölkədə tədris etdiyi heç kimə gizli deyil. Məhz onun son iki ildəki səfərləri ona qarşı cinayət işini başlatmaq üçün əsasa çevrilib.

Vətənə geri döndüyü zaman V.Mitkonun baqajı FTX əməkdaşları tərfindən onun xəbəri olmadan açılıb və burada foto çəkilişlər aparılaraq ekspertizaya göndərilib. Burada həqiqətən bəzi sualtı qayıqların xarakteristikası barədə məlumatlar varmış. Lakin alimin sözlərinə görə, o bunu internetdən və hər kəsə məlum olan materiallardan əldə edib. Ekspertiza isə həmin sənədləri dövlət sirri hesab edib.

V.Mitko bu ilin fevral ayının 11-də evində axtarış aparıldığı zaman həbs olunub. Vəkil Pavlovun fikrincə, akademik çevrələrdə FTX-nin agentləri vardır və onlar sevilməyən insanları bu cür üsullarla kənarlaşdırırlar. Alimin xanımı Tatyana Mitko həyat yoldaşının yalnız 15 il öncə 3-cü dərəcəli dövlət sirri daşıyan materiallara çıxışı olduğunu, həmin vaxtdan bu yana belə bir hüquqdan istifadə etmədiyini söyləyib.

Bu ilin iyun ayının 5-də məhkəmə V.Mitkonun ev həbsini bu ilin oktyabr ayına qədər uzadıb. Yaşlı alimin ürək xəstəsi olması və koronavirusla əlaqədar onun həbsxanaya göndərilməsi məqsədəuyğun sayılmayıb.

Tatyana Mitko həyat yaldaşının ümumiyyəltə siyasətlə məşğul olmadığını, cinayət işinin isə FTX-nin karyera arxasınca qaçan və rütbələrini yüksəltmək istəyən bir sıra insanların təşəbbüsündən irəli gəldiyini qeyd edib.

Ümumiyyətlə son dövrlərdə Rusiyada xaricdə ezammiyyətdə olan alimlərə qarşı təqiblərin artması adi hal alıb. İnsan hüquqları müdafiəçiləri bunu SSRİ zamanındakı qaranlıq praktikaya geri qayıtmaq cəhdi kimi qiymətləndirirlər.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ