
Qərb paytaxtlarının Cənubi Qafqaza marağının artması Kremli ciddi şəkildə narahat edir; Rusiya XİN-dən açıqlamaların arxasında hansı plan dayanır?
Qərbin Cənubi Qafqaza artan marağı Rusiyanı ciddi şəkildə narahat etməkdədir. Xüsusilə də ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməkdən ötrü hərəkətə keçməsindən sonra Kremlin bölgəmizə diqqətinin artmasını müşahidə etməkdəyik. Rusiya rəsmiləri gah Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiklərini, gah da Zəngəzur məsələsinin də Bakı və İrəvan arasında həllinin zəruriliyini vurğulayırlar ki, bu da daha çox Qərbin neytrallaşdırılmasına yönəlik siyasət sayıla, eyni zamanda Moskvanın “mən buradayam” mesajı kimi anlaşıla bilər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb Bakı ilə İrəvan arasında normallaşma prosesini öz yoluna qoymaq istəyir ki, bu da “regionda disbalans yarada bilər”. O, Qərb paytaxtlarından gələn siqnalları nəzərə almağa çağırıb, çünki Rusiya tərəfinin fikrincə, “Qərbin xoş niyyət altında sırf fürsətci vəzifəni gizlətdiyinə şübhə yoxdur”.
M.Zaxarovaya görə, iki ölkə arasında konfliktin həll olunmasına töhfə vermiş ən yaxın qonşuları Rusiya, İran və Türkiyə olub. “Qərb Bakı və İrəvan arasında barışıq prosesini öz nəzarətinə almaq niyyətindədir. Bu niyyətin hara apardığını da bilirik. Əslində regionda aktual məsələlərin həlli Cənubi Qafqaz və onlarla birbaşa həmsərhəd olan dövlətlər tərəfindən həyata keçirilməlidir. Əks halda, bu, regionda təhlükəsizlik sisteminin pozulmasına gətirib çıxara bilər”, - Zaxarova bildirib. Zaxarova konkretləşdirməsə də ABŞ-ın son günlər müzakirə olunan Zəngəzur dəhlizinin 100 ilik icarəyə götürülməsi haqda təklifinə bu sözlərlə etiraz edib: “Məsələn, amerikalılar deyirlər ki, guya onlarda məsələnin unikal həlli var. Əslində üç ölkənin baş nazir müavinlərinin iştirak etdiyi üçtərəfli işçi qrupu çərçivəsində görülən işlərdən fərqli yeni heç nə təklif edə bilməzlər. Deməli, bu da hiylədir”. Aydındır ki, Zaxarova fəaliyyəti dayandırılmış üçtərəfli sərhəd komissiyasının işini nəzərdə tutur. M.Zaxarova əlavə edib ki, Rusiya XİN Azərbaycan və Ermənistanın Rusiya Federasiyasının vasitəçiliyi olmadan birbaşa dialoq aparmaq seçiminə hörmətlə yanaşır". “Biz bu seçimə hörmət edirik, onlar bir-biri ilə yaşamalı olacaqlar. Biz hələ də sülh prosesinə kömək etməyə hazırıq, həm məsləhətləşmələr, həm də sazişin imzalanması üçün platforma təqdim etməyə hazırıq”, - diplomat deyib.
Rusiya XİN rəsmisinin çıxışında əsas diqqətçəkən tezis regionda mümkün gərginliklə bağlı dedikləridir. Zaxarova çıxışında iki dəfə xəbərdarlıq edir ki, “Qərbin Azərbaycan-Ermənistan arasında sülh prosesinə qoşulması regionda disbalans yarada bilər”. Rusiya XİN rəsmisinə görə, bu kimi məsələlər Cənubi Qafqaz və onlarla birbaşa həmsərhəd olan dövlətlər tərəfindən həll edilməlidir, əks halda, regionda sabitlik pozula bilər. Bu, Moskvadan Cənubi Qafqazın qarışa biləcəyi anonsu da hesab edilə bilər.
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə dedi ki, Rusiyanın doğrudan da Azərbaycanla Ermənistan arasında sülh yaratmaq fikri vardısa, onda bunu 2021-ci ildə asanlıqla edə bilərdi, “Dağlıq Qarabağla” bağlı problemin çözümünü gələcək nəsillərə buraxmaq kimi təklif irəli sürməzdi: “İranın da regionda sülhə "töhfəsi" Rusiyadan qətiyyən fərqlənməyib. Azərbaycan torpaqları işğal ediləndə də, işğal altında olanda da, işğaldan qurtarılanda da İran Rusiya ilə sinxron hərəkət edib, Ermənistana dəstəyini əsirgəməyib. Postmünaqişə dövründə İranın Zəngəzur dəhlizinin əleyhinə çıxma səbəbindən elə biri də məhz Azərbaycanla Ermənistan arasında sülhə maneçilik törətmək olub. Ona görə də Rusiya Xarici İşlər Nazirliyindən bildirildiyi kimi, doğrudan da iki ölkə arasında sülhə yardım fikirləri varsa, onda vasitəçilərsiz dialoqu sözdə yox, əməldə də dəstəkləsələr pis olmaz".
S.Alıyev qeyd etdi ki, Rusiyadan bu yöndə gözlədiyimiz ən böyük dəstək proseslərin gedişinə maneçilik törətməməsidir: “Ermənistanda Moskvaya bağlı ünsürlərin - Qriqoryan kilsəsinin, daşnakların, Qarabağ klanının, Karapetyan-Abramyan cütlüyünün ətrafındakı hay əsilli iş adamlarının və digərlərinin davranışları göstərir ki, Rusiya heç də xanım Zaxarova təqdim etdiyi kimi, regionda sülhdə maraqlı deyil. Hədəyə gəldikdə, əgər biz onları ciddiyə alsaydıq, bu gün Qarabağda "miatsum"çu ünsürlər yenə də at oynadırdılar".
Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadə isə bildirdi ki, AzərbaycanlaErmənistan arasında ikitərəfli danışıqlar prosesində ciddi irəliləyişlər əldə edilib: “Moskva isterikadadır və vasitəçilikdən uzaqlaşdırılıb. Reallıq budur ki, Rusiya səmimi vasitəçi deyil. Əgər Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olardısa, heç bir irəliləyiş olmayacaqdı və sərhəddə daima atəş səsləri gələcəkdi. Azərbaycanın ikitərəfli danışıqlar aparmaq təklifini Nikol Paşinyan siyasi iradə ortaya qoyaraq qəbul etdi və bununla da xeyli irəliləyiş əldə olundu. Hətta Nikol Paşinyan ötən həftə Qarabağın Azərbaycanın tərkib hissəsini əvvəldən tanımadığına görə səmimi peşman olduğunu dedi”. M.Əsədullazadə bir məqama da diqqət çəkdi: “Rusiya görür ki, hər iki əzəli düşmən vasitəçi olmadan razılaşır. Baydenin dövründə Ağ Evin vasitəçiliyi ilə ABŞ-da xarici işlər nazirlərinin bir həftəlik görüşü oldu. Nəticədə bəlli oldu ki, Vaşinqton vasitəçi qiyafəsində ermənilərin maraqlarından çıxış edir. Brüssel də həmçinin. Moskva özü Ermənistan vasitəsilə Azərbaycana vəkalət müharibəsi aparıb. Moskva necə vasitəçi ola bilər?! Odur ki, Rusiya vasitəçi kimi sülhün əldə edilməsini yubadacaq. Əbu-Dabidə keçirilmiş ikitərəfli görüş Kremldə ciddi narahatlıq doğurur”. ABŞ Zəngəzur dəhlizinə nəzarətinə gəldikdə, ekspert bildirdi ki, bu barədə qərarı Ermənistan verir: “Rusiya səmimi olmadığına görə Ermənistanda öz ənənəvi müttəfiqini qəbul etmir. Kreml "Azərbaycanla Ermənistan arasında Qərb vasitəçi olur" adı altında regionda vəziyyəti gərginləşdirmək istəyir. Kreml çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasın. Rusiya reallıqlarla deyil, ötən əsrin siyasəti ilə hərəkət edir. Ona görə də bütün təşəbbüsləri Kreml divarlarında qalır. Amma Rusiyanın Azərbaycan və Ermənistana təsir və təzyiq etmək cəhdləri və bu istiqamətdə işə saldığı rıçaqları nəticə verməyəcək, yekunda sülh müqaviləsi bağlanacaq. Burada nə Qərb, nə də Rusiya olmayacaq, məhz Türkiyə olacaq. Moskvanın narahatlığı Türkiyə ilə bağlıdır. Sadəcə, bunu açıq şəkildə deyə bilmir".
Şərhlər