
Əvvəllər sosial şəbəkələrdə, xüsusilə də Tiktokda sadəcə qadın paltarları reklamlarında qadınların açıq-saçıq geyimləri ilə diqqət cəlb etməyə çalışırdılar. İndi isə restoranlar da, xüsusilə də, pivəxanalar bu yola ət atırlar.
Artıq bir çox kafe, restoran, geyim mağazası və ya gözəllik studiyası diqqət çəkmək üçün açıq-saçıq geyinmiş qızlardan istifadə edir. Guya bu, müştəri cəlb etməyin "müasir" yoludur. Amma əslində bu, cəmiyyətin zövqsüzlüyünün, mədəni səviyyəsinin və mənəvi boşluğunun açıq göstəricisidir.
Qadın sadəcə "müştəri cəlb edən vasitə" kimi təqdim olunur. Qadının işi, davranışı, zövqü və savadı qiymətləndirilməli olduğu halda, bəzi sahibkarlar onu reklam alətinə çevirirlər. Bu, həm qadına, həm də cəmiyyətə hörmətsizlikdir. Həm insan ləyaqətinə, həm də peşə etikasına ziddir.
Əgər bir sahibkar öz işini bədən nümayişi ilə deyil, xidmət keyfiyyəti, səliqə, dürüstlük və mədəni münasibətlə tanıtdıra bilmirsə, deməli, onun biznesində dəyərlər yox, sadəcə görüntü var.
Qadın bədənindən reklam vasitəsi kimi istifadə etmək nə yenilikdir, nə də "azadlıq". Bu, sadəcə ucuz diqqət qazanmaq cəhdidir. Belə yerlər qısamüddətli maraq yaratsa da, uzunmüddətli etibar qazana bilmir.
Bu hal təkcə qadınlara deyil, kişilərə də təsir edir. Cəmiyyətin zövqü dəyişir, normal olan təbii davranışlar arxa plana keçir. Gənclər öyrənirlər ki, diqqət çəkməyin yolu əxlaq və bacarıqdan yox, cəlbedici geyimdən keçir. Bu, təhlükəli tendensiyadır.
Cəmiyyət o vaxt inkişaf edir ki, dəyər bədəndə yox, beyində, bacarıqda, davranışda ölçülür. Əks halda, hər parıltının arxasında boşluq gizlənəcək..


Milli.Az






Şərhlər