
ABŞ-ın nüfuzlu "The Hill" nəşrində dərc olunan analitik məqalədə Çinin Rusiya-Ukrayna müharibəsindəki mövqeyi ilə bağlı diqqətçəkən iddialar irəli sürülüb.
Reportyor.tv xəbər verir ki, məqalədə bildirilir ki, Çin Rusiyanın Ukraynada tam qələbəsini istəmir, əvəzində müharibənin uzunmüddətli, dağıdıcı və zəiflədici şəkildə davam etməsinə üstünlük verir.
Analitiklərə görə, Pekin üçün bu vəziyyət strateji baxımdan son dərəcə sərfəlidir: müharibənin uzanması ABŞ-ın diqqətini Avropada saxlayır, Qərb ölkələrinin resurslarını tükəndirir və NATO daxilində parçalanma riskini artırır. Eyni zamanda, bu geosiyasi xaos Çinə fürsət pəncərəsi açır – həm Cənubi Çin dənizi, həm də Tayvan istiqamətində manevr imkanlarını genişləndirir.
"The Hill" yazır ki, Pekin Ukraynadakı müharibədən nə Rusiya qalib çıxsa, nə də tam məğlub olsa, bu vəziyyəti öz xeyrinə çevirməyə çalışır. Çünki Rusiya qələbə qazansa, bu, Pekin üçün nəzarətdən çıxmış və güclənmiş bir müttəfiq deməkdir. Ancaq müharibənin uzanması və Rusiyanın Qərbin sanksiyaları qarşısında tədricən zəifləməsi, onu Çindən daha da asılı vəziyyətə salır. Bu isə Pekinin qlobal ticarət və təhlükəsizlik sistemindəki rolunu artırır.
Məqalədə qeyd olunur ki, Çin rəsmən neytral mövqe sərgiləsə də, əslində qeyri-rəsmi şəkildə müharibənin alovlanmasında maraqlıdır. Çin xarici işlər naziri Vanq Yinin Avropa İttifaqı rəsmiləri ilə son görüşlərindən birində, bu strategiyanın konturlarını açıq şəkildə ifadə etdiyi bildirilir. Nəşrin mənbələrinə əsasən, Çin Avropaya ötürmək istədiyi əsas mesaj budur: “Rusiya bu müharibədə tam uduzmamalıdır, çünki bu, regionda və dünyada balansı dəyişə bilər".
ABŞ və NATO bu mövqeni ikili oyun kimi qiymətləndirir. Çin bir tərəfdən “sülh təşəbbüsləri” ilə çıxış edir, digər tərəfdən isə Rusiyaya “töhfə verməyən, lakin zəifləməsini də əngəlləyən” bir münasibət sərgiləyir. Bəzi mənbələr isə bildirir ki, Pekin, həmçinin Rusiyanın hərbi texnologiya istehsalında istifadə etdiyi bəzi dual-texnologiyalı komponentlərlə dolayı yolla bu ölkəyə dəstək verir.
Ekspertlər vurğulayırlar ki, bu vəziyyət əslində Çinin yeni dünya düzəninə gedən yolda öz rəqiblərini öz silahları ilə zəiflətmək strategiyasının bir hissəsidir. ABŞ və Avropa Ukraynaya hərbi və iqtisadi dəstək verərkən, öz daxili ehtiyatlarını tükəndirir, Çin isə bu zəiflikləri fürsətə çevirir.
Qərb mediası və kəşfiyyat dairələri bu vəziyyəti “Çinin səssiz qələbə strategiyası” kimi adlandırır. Rəsmi Vaşinqton isə bu hiyləgər diplomatik manevrlərə qarşı həm iqtisadi, həm də texnoloji sferada Pekinə təzyiqləri artırmağa çalışır.
Müharibənin taleyi və dünyanın yeni güc balansı bu cür görünməz müttəfiqliklər və diplomatik tələlər üzərində qurulur. Aydındır ki, Çin artıq sadəcə seyirçi deyil – oyunu arxa plandan idarə edən ən hiyləgər oyunçulardan biridir.
Musavat.com
Şərhlər