
Yunanıstanın müdafiə naziri Nikos Dendias ötən gün Afinada keçirilən tədbirdə Türkiyəni hədəf alan açıqlamalar verib.
Reportyor.tv xəbər verir ki, Türkiyənin Yunanıstan üçün təhlükə yaratdığını iddia edən nazir Egey dənizindəki yüzlərlə adaya raket yerləşdirəcəklərini bildirib.
Afinada "Qlobal Perspektivdə Yunanıstan" adlı tədbirdə çıxış edən Dendias Türkiyənin ölkəsi üçün təhlükə yaratdığı iddiasını təkrarlayıb:
"Yunanıstan 1952-ci ildə NATO üzvü olduqdan bəri ziddiyyət içində yaşayır. NATO üzvü Yunanıstan üçün ən əhəmiyyətli təhlükə alyansın digər üzvü olan Türkiyədən gəlir. Yunanıstan özünü müdafiə edir, Türkiyə isə təhdid edir. Qurunu ordu, dənizi donanma, havanı isə döyüş təyyarələri qoruyur, lakin doktrinanı dəyişdirəcəyik. Əvvəlki kimi, Egey dənizinin donanma tərəfindən müdafiəsi mənasızdır. Yeni freqatlar və yeni döyüş gəmiləri Egey kimi dar dənizdə məhdud əməliyyatlar və müasir təhdidlərə məruz qalmaq üçün çox bahalı alətlərdir. Bir neçə min dollarlıq dronla 1 milyard avro dəyərində freqatı məhv edə bilərsiniz. Buna görə də doktrinamizi tamamilə dəyişdiririk. Egey yalnız donanma tərəfindən qorunmayacaq. O, əsasən yüzlərlə, bəlkə də minlərlə adaya səpələnmiş mobil raketlərlə qorunacaq. Egey dənizini qurudan (adaları nəzərdə tutur - red.) bağlayacağıq. Bu yolla donanmanın əməliyyatları bu dar dənizlə məhdudlaşmayacaq".
Nazir xatırladıb ki, indiyə qədər hava hücumundan müdafiə əsasən hava qüvvələri tərəfindən təmin edilirdi:
"Bu, düzgün cavab deyildi. Üstəlik, çox bahalı bir cavabdır. Hava hücumundan müdafiə əsasən zenit silah sistemləri tərəfindən təmin ediləcək. Biz "Axilles Qalxanı" adlandırdığımız layihəni həyata keçiririk. Bu, təkcə dənizi deyil, həm də Egey dənizinin havasını bağlayacaq".
Musavat.com






Şərhlər