Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putinin müxalifəti ortaya çıxdı - Rusiyanı belə dəyişmək istəyir
Putinin müxalifəti ortaya çıxdı - Rusiyanı belə dəyişmək istəyir

Prezident Administrasiyası rəhbərinin keçmiş müavinin islahatlar planında geniş amnistiya tətbiqi də var, Rusiyada çoxları onun haqda danışmağa daha risk etmir

Rusiya Prezident Administrasiyası rəhbərinin keçmiş müavini Dmitri Kozak həm Qərb, həm də yerli mediada yenidən gündəmə gəlib. Bəzi KİV-lər onun sentyabrda istefa verməzdən əvvəl 2025-ci ildə təklif etdiyi iddia edilən “Rusiyanın yenidən qurulması” planı haqqında məlumat yayıb. Üstəlik, Kozakın islahatlar planı haqda ilk dəfə “The New York Times” məlumat dərc edib.

Musavat.com “Svobodnaya Pressa”ya istinadən verdiyi məlumata görə, bu plana iqtisadiyyatda, məhkəmə və hüquq-mühafizə sistemində, eləcə də demoqrafiyadan tutmuş millətlərarası münasibətlərədək dərin islahatlar, hətta ölkədə geniş amnistiya verilməsi(güman ki, söhbət həbsdə olan müxalifətdən gedir) də daxildir.Dmitri Kozaka aid edilən layihənin böyük hissəsi “Avrasiya inteqrasiyası”na həsr olunub.

Kozakınn “islahatlar planı”nə?

Nəşr “görünür, Kreml Vladimir Putinin çoxdankı müttəfiqi sayılan Kozakla heç də kədərlənmədən ayrılıb. Azərbaycan daxil postsovet ölkələri, o cümlədən Ukrayna ilə bağlı siyasəti koordinasiya edən Prezident Administrasiyası rəhbərinin keçmiş müavini niyə yenidən gündəmə gəlib” deyə, yazır.

Qeyd olunur ki, liberal ekspertlər “Kozak planı”nı “əhəmiyyətli dərəcədə yenilənmiş və cəlbedici demokratik inkişaf modeli” üçün şans kimi qiymətləndirirlər. “Planda vurğulanır ki, Rusiya Qərbin səhvlərini təkrarlamadan, dövlət və cəmiyyət üçün modernləşdirilmiş mexanizmlər tətbiq etməklə inkişaf etməlidir. Bu isə sadəcə olaraq “kosmetik təmir” deyil, bu, Rusiyaya rəqiblərini geridə qoymağa imkan verən dərin transformasiyadır”.

Onun haqda danışmaqdan qorxurlar

Nəşr yazır ki, çoxları belə bir planın həqiqiliyinə şübhə ilə yanaşır. “RBC” kanalı Dmitri Kozaka bununla bağlı yazılı sorğu göndərib, lakin cavabsız qalıb. Prezidentin mətbuat katibi Dmitri Peskov Kozakın təkliflərini şərh etmək istəyinə cavab olaraq, "Məndə belə bir məlumat yoxdur" deyib. Vəziyyəti qiymətləndirmək üçün nəşrin əlaqə saxladığı bir çox politoloqlar Kozakın adı çəkiləndə şərh verməkdən qəti şəkildə imtina ediblər.

Politoloq Sergey Stankeviç isə “SP”-yə maraqlı açıqlama verib: “Mən Kozakı şəxsən tanıyıram, lakin son görüşümüz zamanı ona aid edilən bu islahat planı haqqında ondan heç nə eşitmədim. Bildiyimə görə, Dmitri Peskov Kozakla yaxşı şəxsi münasibəti olub, amma o da bu sənədin həqiqiliyini təsdiq edə bilmir. Amma bu layihə qəfil mətbuatda gündəmə gəlibsə, deməli, bu, kimlərəsə lazımdır”.

Dmitri Solonnikov isə deyib ki, Kozaka aid edilən islahatlar plan gələcəyə heç bir inam yaratmır. Onun hakimiyyətə qayıtmaq şansına gəlincə, Solonnikov qısa cavab verib: “Kozak istefa verməklə qocalana qədər hakimiyyətdən yapışmamağın nümunəsini yaratdı”.

Kozak kimdir?

1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində anadan olan Kozak Putinin də təhsil aldığı Leninqrad Dövlət Universitetində oxuyub. 1980-ci illərin sonunda Leninqrad prokurorluğunda işləyib, 1990-cı illərin əvvəllərində isə mer Anatoli Sobçakın dəvəti ilə Sankt-Peterburq administrasiyasına keçib. 1998-ci ildə Sankt-Peterburqun vitse-qubernatoru vəzifəsində çalışıb.

1999-cu ildə Putin Rusiyanın baş naziri təyin olunanda Kozak hökumət aparatı rəhbərinin birinci müavini, sonra isə aparat rəhbəri olub. Putinin prezident seçilməsindən sonra Kozak Prezident Administrasiyası rəhbərinin müavini, daha sonra Prezident Aparatı rəhbərinin birinci müavini olub. 2000 və 2004-cü illərdə hökumət aparatının rəhbəri vəzifəsində çalışıb.

2004-cü ildə Kozak Cənub Federal Dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi, 2007–2008-ci illərdə regional inkişaf naziri, 2008-ci ildə baş nazirin müavini olub, daha sonra Prezident Administrasiyasına qayıdıb. Kozak iki departamentin işinə nəzarət edirdi. Onun vəzifələrinə Ukrayna da daxil olmaqla, postsovet ölkələri ilə bağlı siyasət daxil idi.

Avqustun sonunda Kozakın rəhbərlik etdiyi şöbələrin ləğv edildiyi, PA-nın digər müavini Sergey Kiriyenkonun rəhbərliyi ilə yeni strateji tərəfdaşlıq və əməkdaşlıq şöbəsi yaradıldığı bildirilib.

Şərhlər