Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran prezidenti Pezeşkian “Yaruzelski dilemması” ilə üz-üzə – ABŞ analitikindən heyrətamiz müqayisə
İran prezidenti Pezeşkian “Yaruzelski dilemması” ilə üz-üzə – ABŞ analitikindən heyrətamiz müqayisə

Musavat.com xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən beynəlxalq münasibətlər üzrə analitik Mayk Doran İran prezidenti Məsud Pezeşkianın hazırkı siyasi durumunu 1980-ci illərdə Polşaya rəhbərlik etmiş general Voyçex Yaruzelskinin qarşılaşdığı dilemma ilə müqayisə edib.

Mayk Doran X (keçmiş Twitter) platformasındakı paylaşımında qeyd edir ki, Pezeşkian da Yaruzelski kimi real dəyişiklik tələbləri ilə rejimin sərt ideoloji dayaqları arasında tarazlıq yaratmağa çalışan lider obrazıdır. Analitikin fikrincə, bu, siyasi baxımdan “uduz-uduz” ssenarisidir.

Doran yazır ki, Pezeşkian bir tərəfdən ictimai narazılığı yumşaltmaq üçün barışdırıcı mesajlar verir, iqtisadi islahatlar vədləri səsləndirir, etirazçılara qarşı “mehriban yanaşma”dan danışır. Digər tərəfdən isə eyni vaxtda etirazları “xarici qüvvələrin təsiri ilə baş verən iğtişaşlar” adlandırır və *Xamneyiyə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusuna mütləq sədaqətini nümayiş etdirir.

Analitikin fikrincə, bu yanaşma Yaruzelskinin vaxtilə “Solidarnost” hərəkatının islahatçı tələbləri ilə Kremlin ideoloji diktəsi arasında manevr etməsini xatırladır. Hər iki halda lider sistemin daxilində dəyişiklik görüntüsü yaratmağa çalışsa da, real güc mərkəzləri buna imkan vermir.

Mayk Doran vurğulayır ki, Pezeşkianın qarşısında iki riskli yol var:

– sərt xətti və SEPAH-ı razı salmaq onun “islahatçı mandatını” məhv edir və cəmiyyətin etimadını sarsıdır;

– real liberallaşma cəhdi isə rejimin “keşikçiləri” tərəfindən əngəllənə və ya daha ağır nəticələrə yol aça bilər.

Analitik açıq şəkildə etiraf edir ki, əsas suala qəti cavab verə bilmir: Pezeşkian doğrudan da sistem daxilində islahatçı bir xətti təmsil edir, yoxsa ali rəhbərlik tərəfindən etirazçıları parçalamaq üçün istifadə olunan siyasi fiqurdur? Onun fikrincə, bu iki ehtimal eyni vaxtda doğru ola bilər.

Musavat.com arayış üçün bildirir ki, Mayk Doran Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru, tanınmış xarici siyasət analitikidir. O, uzun illər Yaxın Şərq, İran, ABŞ-İsrail münasibətləri və avtoritar rejimlərin daxili mexanizmləri üzrə tədqiqatlar aparıb. Doran Vaşinqtonda fəaliyyət göstərən beyin mərkəzləri ilə əməkdaşlıq edir, ABŞ mediasında analitik məqalələrlə çıxış edir və X platformasında İran, Rusiya və Yaxın Şərq siyasəti ilə bağlı kəskin şərhləri ilə tanınır.

Musavat.com

Şərhlər