
İran və İsrail Rusiyanın vasitəçiliyi ilə bir-birinə hücum etməmək barədə qeyri-rəsmi razılığa gəlib.
Musavat.com xəbər verir ki, The Washington Post nəşrinin mənbələrə istinadən yazdığına görə, tərəflər 2025-ci ilin dekabr ayının sonlarında Rusiya kanalı ilə qarşılıqlı mesajlar ötürərək bir-birlərinə zərbə endirmək niyyətində olmadıqlarını bildiriblər.
Bu razılaşma İsrailin Livanda “Hizbullah” hərəkatına qarşı genişmiqyaslı hərbi kampaniya hazırladığı bir vaxta təsadüf edib.
WP-yə danışan iki mənbə bildirib ki, İran İsrailin təklifinə müsbət yanaşıb. Bununla belə, Tehranda ehtiyatlı mövqe qorunub, çünki İsrailin verdiyi təminatlar ABŞ-nin İsraillə koordinasiyalı şəkildə İrana zərbə endirməsi ehtimalını istisna etməyib.
Nəşr yazır ki, İran şəhərlərində baş verən etirazlar fonunda bu qeyri-rəsmi razılaşmaya tərəflərin münasibətinin dəyişib-dəyişmədiyi hələlik aydın deyil. Eyni zamanda, İsrailin mümkün ABŞ zərbələrinə qoşulmaq üçün razılaşmadan imtina edib-etməyəcəyi də sual altındadır.
Bu arada, İsrail hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi WP-yə bildirib ki, “Hizbullah”a qarşı əməliyyat İranla bağlı vəziyyətin inkişafından asılı olmayaraq gündəmdə qalır.
Musavat.com






Şərhlər