
Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi tərəfindən təsdiqlənmiş TRIPP çərçivəsi sənədi planlaşdırılan mexanizmlərin əsas konturlarını göstərir, lakin heç bir tərəf üçün hüquqi öhdəlik yaratmır və daha çox siyasi mesaj xarakteri daşıyır.
Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında tranzit məsələsinə xüsusi yer ayrılıb. “Uğura Öhdəlik” bölməsində tərəflərin Ermənistan qanunları və beynəlxalq standartlar əsasında hər iki istiqamətdə şəxslər, nəqliyyat vasitələri və mallar üçün xüsusi tranzit prosedurları hazırlamaq niyyətində olduqları qeyd olunur.
![]()
TRIPP çərçivəsində Amerika–Ermənistan birgə müəssisəsi olan TRIPP İnkişaf Şirkətinin yaradılması da nəzərdə tutulur. İlk 49 il ərzində şirkətin səhmlərinin 74 faizi ABŞ-a, 26 faizi Ermənistana məxsus olacaq. Növbəti 50 ildə Ermənistanın payı 49 faizə qədər artsa da, nəzarət paketi ABŞ-da qalacaq. Şirkət tikinti və layihə idarəetməsi ilə məşğul olacaq və təhlükəsizlik tədbirlərini Ermənistan qanunvericiliyinə uyğun həyata keçirəcək.
Tranzit mexanizmi “ön ofis – arxa ofis” modeli ilə təşkil ediləcək. Ön ofisi TRIPP İnkişaf Şirkəti idarə edəcək, arxa ofis funksiyaları – gömrük qərarları, təhlükəsizlik və immiqrasiya nəzarəti, hüquq-mühafizə səlahiyyətləri – Ermənistan dövlət qurumlarının ixtiyarında qalacaq. Sənəddə vurğulanır ki, suveren funksiyalar autsorsinqə verilmir və qərarvermə yalnız dövlət strukturlarına məxsusdur.
TRIPP sənədi Ermənistanın suveren qərarı ilə Azərbaycana öz ərazisindən maneəsiz tranzit icazəsi verməsini nəzərdə tutur, lakin əsas mexanizmlər hələ tam işlənməyib.
Professor Elxan Mirzəyev Musavat.com-a qeyd edib ki, əsas mexanizmlərin müəyyənləşməsi üçün üçtərəfli danışıqlara zərurət var. Onun sözlərinə görə, "Tramp yolu" Orta dəhlizin bir hissəsidir və beynəlxalq logistika mahiyyəti daşıyır: "Ona görə də bu layihənin reallaşması üçün Azərbaycan, Ermənistan və ABŞ arasında birgə müzakirələr aparılmalıdır. O halda yoldan istifadə qaydaları mütəxəssislər tərəfindən işlənib hazırlanacaq. Zənnimcə, burada mürəkkəb məsələlər yoxdur. Həm beynəlxalq təcrübədən yararlanmaq olar, həm amerikalıların bu məsələdə məsləhəti işə yarayar. Sadəcə, indiyə qədər üçtərəfli görüş olmayıb. Əgər bu formatda danışıqlar başlanarsa, Zəngəzur dəhlizinin açılması mexanizmi də razılaşdırılacaq. Bundan başqa, Azərbaycanın qeyri-adi tələbi və ya gözləntisi yoxdur. Bizə lazım olan Naxçıvana quru yolun təmi edilməsidir. Odur ki, mexanizm və texniki məsələlərin həlli daha çox ABŞ ilə Ermənistanın üzərinə düşür".
E. Mirzəyevin sözlərinə görə, çünki ərazi Ermənistanındır, təhlükəsizliyə o qarantdır, icarəyə götürən isə ABŞ şirkətidir. Ağ Evdə imzalanan sənəd də Amerika ilə Ermənistan arasında razılaşdırılıb. Belə desək, ABŞ Azərbaycanla daha az məsələni dəqiqləşdirməlidir, əsas öhdəlik Ermənistandadır. Onlar yüklərin təhlükəsiz şəkildə keçidinə şərait yaratmalıdır. Həmçinin yoxlama olmayacaq. Ola bilsin ki, rentgendən keçirilsin. Amma biz erməni gömrük əməkdaşı görməməliyik. Düşünürəm ki, bütün bu məsələlərin həlli zaman tələb edir. Amma tərəflər regiondakı hadisələri nəzərə alaraq tələsməlidirlər".
Onu da deyək ki, Ermənistanın təhlükəsizlik və gömrük orqanlarının əməkdaşları TRIPP-in (və ya “Tramp yolu”nun) ölkə ərazisindən keçən marşrutlarında fiziki olaraq iştirak edəcəklər.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihənin icrası qaydalarını əks etdirən yayımlanmış sənədi şərh edərkən bildirib. Nazirin sözlərinə görə, sərhəd və gömrük nəzarəti sahəsində bütün suveren səlahiyyətlər yalnız Ermənistanın dövlət orqanları tərəfindən həyata keçiriləcək və bu, “bek-ofis” funksiyasına aid orqanların səlahiyyətindədir: “Son gömrük qərarları, təhlükəsizliyin təmin edilməsi tədbirləri, miqrasiya nəzarəti, zərurət yarandıqda hüquq-mühafizə tədbirləri, eləcə də icazələrin verilməsi, yoxlama və nəzarətlər yalnız Ermənistanın səlahiyyətli orqanlarının istisnasız səlahiyyətindədir”.
Mirzoyan vurğulayıb ki, “front-ofis” nümayəndələri TRIPP şirkəti ilə müqavilə əsasında işləyən özəl operatorlar yalnız köməkçi funksiyalar yerinə yetirəcək və qərar qəbul etmək səlahiyyətinə malik olmayacaqlar: “Ermənistan məmurları bütün sərhəd və gömrük müəssisələrində fiziki iştiraklarını saxlayacaqlar”.






Şərhlər