
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva ilə münasibətlərdə apardığı ziqzaqlı siyasət yenidən diqqət mərkəzinə düşüb.
Reportyor.tv xəbər verir ki, son günlər Rusiyaya yaxın oliqarx fiqurlarla bağlı atılan addımlar İrəvanın Kremlin təsir dairəsindən çıxmaq istəyi ilə real asılılıq arasında tərəddüd etdiyini açıq şəkildə göstərir.
Söhbət Rusiyada “Putinin sağ əli” kimi təqdim olunan iri biznesmenlərin Ermənistan daxilindəki təsirindən gedir. Paşinyan hökuməti bir müddət bu fiqurlara qarşı sərt mövqe nümayiş etdirir, hüquqi və siyasi basqıları artırır, ardınca isə prosesi yumşaldaraq geri addım atır. Bu “tut-burax” taktikası artıq siyasi dairələrdə “çilingağac siyasəti” kimi dəyərləndirilir.
Paşinyan bir tərəfdən Qərbə inteqrasiya mesajları verir, digər tərəfdən isə Kremlin mümkün təzyiqlərindən ehtiyatlanaraq Moskvaya yaxın şəxslərlə körpüləri tam yandırmır. Nəticədə İrəvanın kursu nə Moskvanı qane edir, nə də Qərbdə ciddi etimad yaradır.
Gedişat onu göstərir ki, bu cür qeyri-ardıcıl siyasət Ermənistanın həm daxili sabitliyinə, həm də xarici manevr imkanlarına zərbə vurur. Paşinyanın Vladimir Putinlə münasibətlərdə eyni fiqurları gah hədəf seçib, gah da prosesdən kənara çəkməsi Kremlin səbrini tükəndirə, eyni zamanda Ermənistanı daha dərin geosiyasi risklərlə üz-üzə qoya bilər.
Musavat.com






Şərhlər