Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiyanın Paşinyana “ölkən qarışacaq” xəbərdarlığı
Rusiyanın Paşinyana “ölkən qarışacaq” xəbərdarlığı

Moskva Ermənistana açıq müdaxiləsinə legitim əsaslar hazırlayır

Yanvarın 28-də Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Departamentinin sədri, Volokolamsk mitropoliti Entoni Moskvadakı Erməni Apostol Kilsəsinin kilsə kompleksini ziyarət edərək Rusiya və Yeni Naxçıvan Yeparxiyasının Primatı Yezras Nersisyanla görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Rusiya ermənilərinin media resursları yazıb.

Bildirilir ki, söhbət zamanı Volokolamsk mitropoliti Erməni kilsəsinə qarşı mövcud təzyiqlərlə bağlı Yezras yeparxiyasına dəstəyini bildirib. Metropoliten Entoni vurğulayıb ki, Rus Pravoslav Kilsəsi Ermənistan hakimiyyətinin kilsə işlərinə açıq şəkildə müdaxilə etmək cəhdlərindən dərin narahatdır və dindarlar arasında süni şəkildə parçalanma yaratmaq cəhdlərini qəbuledilməz hesab edir. Yezras yepiskopu qonağına Erməni Apostol Kilsəsindəki mövcud vəziyyət barədə məlumat verib və Moskva Patriarxlığının həmrəyliyinə görə minnətdarlığını bildirib.



Yada salaq ki, Ermənistan hökuməti ilə kilsə arasında siyasi qarşıdurmaların daha da kəskinləşdiyi bu günlərdə II Qareginin başının dəstəsi ilə Moskvaya qaçış planı olduğu iddia edilir. Məlumatlarda deyilir ki, hazırkı katolikosun başına nə gəlsə də, o, məğlubiyyətini etiraf etməyəcək və özünü kilsənin qanuni rəhbəri hesab edəcək. Hələ payızda erməni KİV-ləri yazırdı ki, erməni kilsəsinin rəhbərliyi lazım gələrsə, Moskvaya sığınacaq. Və sadəcə qaçmayacaqlar, hətta Rusiyada alternativ dini mərkəz yaradacaqlar.
Moskva Patriarxlığının Erməni Apostol Kilsəsinə açıq dəstəyi sırf dini həmrəylikdən daha geniş məna daşıyır. Bu mövqe Rusiyanın Ermənistan daxilindəki proseslərə yumşaq güc alətləri vasitəsilə təsir imkanlarını qorumaq istəyinin göstəricisidir.

Rusiya Pravoslav Kilsəsi postsovet məkanında “ənənəvi dəyərlərin qoruyucusu” rolunda çıxış edərək Kremlin siyasi xətti ilə uzlaşan mövqe tutur. Ermənistan hakimiyyətinin kilsə üzərində nəzarəti gücləndirmək cəhdləri isə Moskva üçün yalnız dini məsələ deyil, Rusiyanın regiondakı təsir kanallarının daralması deməkdir.

Erməni Apostol Kilsəsi Ermənistan cəmiyyətində hələ də ciddi nüfuza malikdir. Rusiya bu nüfuzun zəifləməsini və ya hakimiyyətə tabe edilməsini öz maraqlarına zidd hesab edir. Çünki kilsə Moskvaya yaxın qalmaqla Ermənistan daxilində balanslaşdırıcı, hətta lazım gəldikdə təzyiq mexanizmi rolunu oynaya bilər.

“Dindarlar arasında süni parçalanma” ifadəsi əslində Paşinyan hakimiyyətinə yönəlmiş siyasi mesajdır. Moskva bu yolla xəbərdarlıq edir ki, kilsə ilə qarşıdurma daxili sabitliyi poza və Rusiyanın açıq müdaxiləsinə legitim əsas yarada bilər.

Nəticə etibarilə, Rusiya Kilsəsinin istəyi aydındır: Ermənistanda kilsənin müstəqil və Moskva ilə koordinasiyalı qalması, hakimiyyətin isə bu instituta müdaxilə etməməsi. Bu, Kremlin Ermənistandakı təsirini qorumağın daha “təhlükəsiz” və sanksiyalardan kənar yoludur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti