
İran ətrafında gərginlik artmaqda davam edir. ABŞ Tehrana qarşı üç şərt irəli sürüb. Vəziyyətin hansı səmtə inkişaf edəcəyi böyük ehtimalla, həmin şərtlərə İranın ali rəhbərliyinin münasibətindən asılı olacaq.
İrana hərbi zərbələrin endirilməsi istisna olunmur. Hətta bunun qarşıdakı günlər deyil, saatlar ərində mümkünlüyü tez-tez dilə gətirilir.
Bu arada ABŞ Hərbi Hava Qüvvələri bölgəyə "F-15E Strike Eagle" qırıcılarından ibarət eskadrilya yerləşdirərək mövcudluğunu gücləndirib. Böyük Britaniya isə koalisiya əməliyyatlarının bir hissəsi olaraq Qətərə "Typhoon" (“Tayfun”) qırıcılarını yerləşdirib. Birlikdə bu imkanlar həm genişmiqyaslı hava kampaniyası aparmaq, həm də müttəfiqləri üçün raketdən müdafiə təmin etmək qabiliyyətinə malik güclü zərbə və müdafiə qüvvəsi təşkil edir.
İranın yüksək vəzifəli rəsmiləri və hərbi heyəti isə ölkənin “ən pis ssenariyə hazır olduğunu” və yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayır. Xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, 2025-ci ilin iyun ayında göstərilən nisbi təmkinlilikdən fərqli olaraq, bu dəfə İslam Respublikası “əlindəki hər şeylə cavab verəcək”.
İran genişmiqyaslı qısa və orta mənzilli ballistik raket arsenalını istifadə edə bilər. Əsas hədəf bölgədəki Amerika hərbi bazaları, ABŞ-ın əsas müttəfiqi olan İsrail və Hörmüz boğazındakı vacib enerji infrastrukturu ola bilər. İran həm asimmetrik, həm də yüksək texnologiyalı silahlar da daxil olmaqla geniş hücum arsenalından istifadə edə bilər.
Bıs zaman hansı tərəfə işləyir? Hərbi toqquşmadan qaçmaq mümkün olacaqmı?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, ABŞ-nin zərbə qüvvələrinin regiona cəlb olunması İrana qarşı hərbi müdaxilə ehtimallarını daha gücləndirir:
“Bu fonda ABŞ prezidenti Tramp İrana qarşı şərtlər irəli sürüb. Bunlardan ən əsası İranın nüvə proqramından tam imtina etməklə bağlıdır. Daha bir şərt İranda həbs edilən etirazçıların edam edilməməsidir. Hələ ki, ABŞ tələblər səviyyəsində təzyiq göstərir. Yəni, şərtlər irəli sürməklə İran tərəfinin cavabını gözləyir.
Bu şərtlərə cavablar əsasında proseslərin cərəyan edəcəyi gözlənilir. Hərbi toqquşmadan qaçmaq şərtlərə əməl edilib-edilməyəcəyindən asılı olacaq. Zaman gedir və İran ətrafında həlqə daralır”.






Şərhlər