
ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 8–9 yanvar tarixlərində İranda təhlükəsizlik qüvvələri tərəfindən yatırılan etirazlarla bağlı yeni statistika yayıb. Qurumun məlumatına görə, hadisələr zamanı ölənlərin sayı 7002 nəfərə çatıb.
Reportyor.tv xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkə daxilində baş verən qarşıdurmalarda ümumilikdə 52 min 941 nəfər saxlanılıb. Ölənlər arasında 214 təhlükəsizlik əməkdaşının olduğu qeyd edilir. Təşkilat daha əvvəl 6984 nəfərin həyatını itirdiyini açıqlamışdı, lakin hazırda əlavə 11 min 730 hadisənin araşdırıldığını vurğulayır.
Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayıb. Tacirlərin təşəbbüsü ilə keçirilən aksiyalar yerli valyuta olan rialın xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi və ölkədə iqtisadi çətinliklərin dərinləşməsi fonunda qısa müddətdə digər şəhərlərə də yayılıb.
Paytaxt Tehranda 8 yanvarda etirazlar daha da şiddətlənib. Hökumət həmin gün internetə çıxışı məhdudlaşdırıb. Təhlükəsizlik qüvvələri 8–9 yanvar tarixlərində aksiyalara müdaxilə edərək onları dağıdıb.
Digər tərəfdən, İran Şəhidləri və Veteranları Fondu Məhkəmə Tibbi İnstitutuna istinadən yanvarın 21-də fərqli rəqəmlər açıqlayıb. Rəsmi məlumata əsasən, etirazlar zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3117 nəfər həyatını itirib.
Fondun açıqlamasında ölənlərdən 2427 nəfərin “silahlı terrorçu qruplar” tərəfindən öldürülən təhlükəsizlik əməkdaşları və mülki şəxslər olduğu bildirilib. Qalan 690 nəfər barədə isə ətraflı məlumat verilməyib.
Beləliklə, hadisələrlə bağlı müstəqil mənbələr və rəsmi qurumlar tərəfindən açıqlanan rəqəmlər arasında ciddi fərq qalmaqdadır.
Musavat.com






Şərhlər