
Rusiyada prezident Vladimir Putinin ünvanına səsləndirilən sərt və təhqiramiz ifadələrə görə məhkəmələr inzibati məsuliyyət tədbirlərini sərtləşdirir. Maraqlıdır ki, bu hallarda çox vaxt “təhqir” maddəsi deyil, ordunun “diskreditasiyası” və ya nifrətin qızışdırılması ilə bağlı daha ağır maddələr tətbiq olunur.
Reportyor.tv-nin Rusiya mediasına istinadən xəbərinə görə, bir neçə region üzrə məhkəmə qərarlarının təhlili göstərir ki, cərimələr təkcə fəal gənclərə deyil, pensiya yaşlı şəxslərə də şamil edilir.
Novosibirskdə Anna Uşakova küçədə “Putin pisdir” və Rusiya ordusu ilə bağlı neqativ şüarlar səsləndirdiyinə görə 15 min rubl cərimələnib. Məhkəmə bunu ordunun açıq şəkildə diskreditasiyası kimi qiymətləndirib. Təqsirləndirilən şəxs emosional vəziyyətdə və spirtli içkinin təsiri altında olduğunu, yaxın qohumunun “xüsusi hərbi əməliyyat” zonasından itkin düşdüyünü bildirib. Buna baxmayaraq, məhkəmə cərimə qərarı çıxarıb.
Maqnitoqorskda isə 40 illik stajı olan uşaq bağçası tərbiyəçisi Olqa Vasyukova sosial şəbəkədə Putinin açıqlamasına şərh olaraq “vampirə ağcaqayın mıxı vurmaq” yazdığı üçün 10 min rubl cərimələnib. Dilçilik ekspertizası bu ifadəni prezidentə qarşı zorakılığa çağırış kimi qiymətləndirib. Vasyukova hesabının sındırıldığını iddia etsə də, məhkəmə bunu müdafiə mövqeyi kimi qəbul etməyib.
Perm diyarında tələbə Vyaçeslav Sokolovski divara yazdığı Putin əleyhinə olan qrafitisinə görə 15 min rubl cərimə alıb. Məhkəmə belə yazıların vətəndaşlarda Rusiya Silahlı Qüvvələrinə qarşı mənfi münasibət formalaşdıra biləcəyini əsas gətirib.
Ən diqqətçəkən qərarlardan biri isə Ufada çıxarılıb. Açıq Telegram çatında yerləşdirilən şərhdə müəllif Putini “ən böyük günahkar” adlandıraraq, həmçinin belə ifadə işlədib:
“Bütün türk xalqları rusların rusları və ukraynalıları bir neçə dostunun və onun şıltaqlığı naminə öldürməsinə şok içindədir”.
Dilçilik ekspertizası mətnin “ruslar” adlı sosial qrupa qarşı mənfi münasibət ifadə etdiyini müəyyən edib. Nəticədə həmin şəxs 80 saat məcburi ictimai işə cəlb olunub.
Musavat.com






Şərhlər