Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, Elm və Təhsil nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qazax mahalında sayılıb seçilən Babanlılar nəslinin layiqli nümayəndəsi Məhəmməd Babanlının doğum günüdür. Onun 72 yaşı tamam olur.
Məhəmməd Babanlı Azərbaycan Respublikasında elmin, təhsilin inkışafında böyük xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan dəyərli alimdir.
Məhəmməd Babanlı 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-2021-ci illərdə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru vəzifəsində işləmişdir, 2021-ci ilin avqust ayından isə həmin müəssisənin icraçı direktorudur. O, eyni zamanda 2015-ci ildə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək yaradılmış Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar beynəlxalq laboratoriyasının elmi rəhbəridir.
M.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termodinamikası və materialşünaslığı sahəsində tanınmış mütəxəssisdir. O, çoxkomponentli qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqi üçün yeni rasional yanaşma təklif etmiş, onun nəzəri və metodoloji aspektlərini hazırlayaraq geniş şəkildə reallaşdırmışdır. Apardığı sistemli fundamental tədqiqatlar nəticəsində perspektivli yarımkeçirici, topoloji izolyator, termoelektrik, fotoelektrik, superion keçirici və digər funksional xassəli materiallar kimi praktiki əhəmiyyət kəsb edən yeni sinif birləşmələr və qeyri-stexiometrik fazalar aşkar etmiş, onların istiqamətli sintezinin elmi əsaslarını yaratmışdır.
M.Babanlı 1000-dən artıq elmi əsərin, o cümlədən, 4 monoqrafiyanın, ali məktəblər üçün 12 dərslik və dərs vəsaitinin, 550-dən artıq məqalənin və 5 patentin müəllifidir. 300-dən artıq məqaləsi “Web of Science” və “Scopus” elmimetrik bazalarına daxil olan beynəlxalq elmi jurnallarda, o cümlədən yüksək impakt faktorlu “Nature”, “Nature Communications”, “ASC Nano”, “Nano Letters”, “Quantum materials”, “Physical Review Letters”, “Physical Review B”, “Scientific Review”, “Solid State Chemistry”, “Journal of Alloys and Compounds”, “Journal of Thermal Analysis and Calorimetry” və s. jurnallarda çap edilmişdir.
Professor Məhəmməd Babanlının elmi məlumat bazalarındakı göstəricilərinə (oktyabr, 2021) diqqət edək:
– “Researchgate”: H-indeks – 30, əsərlərinə istinadların sayı – 4673;
– “Google Scholar”: h-indeks – 44, i10-indeks – 140, əsərlərinə istinadların sayı – 7121.
AMEA-nın müxbir üzvü M.Babanlının elmi-tədqiqat layihələri bir sıra beynəlxalq və respublika qrantlarına layiq görülmüşdür.
Alim elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 36 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. Yetişdirdiyi elmi kadrlar arasında Suriya, Vyetnam, Cənubi Koreya, İran və Əfqanıstan vətəndaşları da vardır.
Kimyaçı alim respublikamızın elmi-ictimai həyatında da fəal iştirak edir. Müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert şurasının üzvü, sədr müavini və sədri, BDU-nun Elmi şurasının, bir sıra Dissertasiya şuralarının üzvü olmuşdur. Hazırda o, “Azərbaycan Kimya Jurnal”ının, həmçinin “Web of Science” və “Scopus” bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry”, “Turkish Journal of Chemistry”, “Condensed Matter and Interphases”, “Physics and Chemistry of Solid State”, “New Materials, Compounds and Applications” və “Chemical Problems” jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Bundan əlavə, Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə, REA-nın Rəyasət Heyəti tərəfindən mükafat və diplomla təltif edilmişdir. 2016-cı ildə “Thomson Reuters” şirkəti tərəfindən ən çox istinad olunan görkəmli elmi məqaləyə görə, xüsusi mükafata layiq görülmüşdür.
2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. “Russ.J.Inorg.Chem” jurnalında 2019 və 2020-ci illərdə ən çox istinad olunan məqalələr müsabiqələrinin qalibi kimi diplomlarla təltif edilmişdir.
