Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » DİM sədrinin ödənişli yerləri tez doldurma planı - səbəb
DİM sədrinin ödənişli yerləri tez doldurma planı - səbəb

Ekspert deyir ki, yaxın gələcəkdə ödənişli təhsil modeli tamamilə dövlət sifarişli modellə əvəz ediləcək

Bu il ali məktəblərdə özəl əsaslı sifarişli yerlərin 90% dolacağı gözlənilir. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, ənənəvi olaraq dövlət sifarişli plan yerləri 93-95% dolur. DİM sədri həmçinin əlavə edib ki, subbakalavrların qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur. M.Abbaszadə qeyd edib ki, hər il olduğu kimi, bu il də I və III qruplara üstünlük verilir.

Bəzi təhsil ekspertlərinin fikrincə, ödənişli yerlərin daha tez dolmasının səbəbi var. Bu da ondan ibarətdir ki, bir çox abituriyentlər dövlət sifarişi üzrə keçid balını toplaya bilmədikləri halda, məcbur olaraq ödənişli əsaslara üstünlük verirlər. Bu da həmin yerlərə olan tələbatı artırır və onların daha sürətli dolmasına səbəb olur.

Ödənişli yerlərin daha tez dolmasının başqa hansı səbəbləri var?

Qeyd edək ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60 min 489 plan yeri ayrılıb. Ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb. Plan yerlərinin 28 min 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər. Plan yerləri hər qrupda fərqlidir. Bu il üçün I ixtisas qrupunda 455, II qrupda 388, III qrupda 124, IV qrupda isə 114, ümumiikdə 1 309 yer artım olub.

Elşən Qafarov

Təhsil üzrə mütəxəssis Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş 2022-2026-cı illər üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının təhsillə bağlı bölməsində tələbə yerlərinin sayının 2026-cı ilə qədər 45 mindən 75 minə qaldırılması hədəfi qoyulub və bu sahədə ciddi işlər görülür. Yeni ixtisasların, eləcə də yeni universitetlərin açılması hesabına tələbə yerlərinin sayı artırılır. Bununla yanaşı, ödənişli təhsil alanların sayında ildən-ilə azalma müşahidə edirik. Əgər 5 il əvvəl hər 100 nəfərdən 75-dən çoxu ödənişli əsaslarla təhsil alırdısa, indi bu rəqəm 40 faizdən bir qədər artıqdır. Dövlət sifarişi ilə ayrılan yerlərin sayı isə artmaqdadır.

Bir çox hallarda abituriyentlər alternativ olaraq istədikləri ixtisası seçərkən onun ödənişli olub-olmamasına əsasən qərar verirlər. Bu isə hər il ödənişli ixtisaslara qəbulda yerlərin tam dolmasına və ya 90 faizdən çox tutulmasına gətirib çıxarır.

Digər tərəfdən, 2022-ci ildən fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu ödənişli təhsil alanlar üçün təhsil haqlarını qarşılamaq baxımından ciddi imkanlar yaradır. Bu, artıq ödənişli təhsil alanlar üçün əvvəlki kimi ciddi bir tərəddüd yaratmır.

Əvvəllər, hər il ali məktəblərə qəbul zamanı 2000-dən çox abituriyent tələbə adını qazansa da, əsasən ödənişli ixtisaslara düşdüyü üçün təhsilinə başlaya bilmirdi. Digər tərəfdən isə 4 illik təhsil müddətində hər 100 nəfərdən 30-u təhsilini yarımçıq qoymaq məcburiyyətində qalırdı. Əsas səbəb isə ödənişləri ödəyə bilməmələri idi.

Amma 2022-ci ildən başlayaraq Təhsil Tələbə Krediti Fondu artıq qarşıya qoyulan hədəflərə çatır və ödənişli təhsil alanların təhsil haqlarını kreditlə qarşılamaq imkanı yaradılır. Bu da uğurlu nəticə göstərən, lakin maliyyə çətinliyi yaşayan tələbələr üçün həmin maneəni aradan qaldırır.

Lakin bununla yanaşı, ümumilikdə Təhsil İnkişafı üzrə Dövlət Strategiyasında da hədəf ondan ibarətdir ki, yaxın gələcəkdə ödənişli təhsil modelini tamamilə dövlət sifarişi ilə əvəz etmək mümkün olsun. Yəni dövlətin məqsədi budur.

Bu sahədə də artıq böyük işlər görülüb. Dediyimiz kimi, son 5 ildə ödənişli yerlərin sayında ciddi azalma var və bu tendensiya ildən-ilə davam edir. Dövlətin məqsədi bu sahədə istifadəçi yükünü azaltmaqdır.

Əvvəldə sadaladığım hallardan da göründüyü kimi, artıq abituriyentlərin ödənişli yerləri seçməsi əvvəlki illərdəki kimi qorxu yaratmır".

Kamran Əsədov

Təhsil mütəxəssisi Kamran Əsədovun da fikirləri diqqət çəkir: “Bu il magistraturaya qəbul nəticələri bir daha sübut etdi ki, ali təhsilin planlaşdırılması keyfiyyətsiz, əlaqəsiz və məsuliyyətsiz şəkildə aparılır. Magistratura pilləsinə ixtisas seçimi edən 15555 nəfərdən 13446 nəfəri qəbul olunub. Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16794 plan yeri ayrılıb, lakin 3300-dən çox plan yeri BOŞ qalıb! Bu nə deməkdir? Deməkdir ki, universitetlər ehtiyacdan artıq magistr planı veriblər, bu yerlər üçün nə tələbə var, nə də maraq. Amma nəticədə nə baş verir? Həm universitetlər maliyyə itirir, həm də az tələbə ilə formalaşan qruplarda tədrisin keyfiyyəti ciddi şəkildə zəifləyir. Bu, birbaşa həm təhsilalanlara, həm də təhsilverənlərə zərbədir.

Daha da acınacaqlısı odur ki, builki imtahanda iştirak edən 26241 bakalavrın 3147 nəfəri 0-30 bal arası nəticə göstərib. Bu rəqəm onu göstərir ki, imtahanda verilən suallar universitetlərdə keçilən biliklərə əsaslanmır. O zaman bu sualları kim hazırlayır, hansı əsasla? Universitetlərdə verilən təhsil niyə bu imtahanda “keçərli” sayılmır? Bunu kim izah edəcək? Dövlət İmtahan Mərkəzi? Elm və Təhsil Nazirliyi?

Və daha bir nüans - qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi ilə, amma 7648 nəfər ödənişli əsaslarla oxuyacaq. Ödənişli təhsilin bu qədər yüksək olması həm sosial bərabərliyi pozur, həm də keyfiyyətsiz və kommersiya maraqlı bir sistemin davam etdiyini göstərir.

Universitetlər boş plan yerləri ilə baş-başa qalıb, magistratura isə məqsəd deyil, formal pilləyə çevrilib. Elm və Təhsil Nazirliyi bu vəziyyətə nəzarət etməlidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti