
Putin tələbə yoldaşını daha vəzifədə saxlaya bilməyəcək - səbəb...
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərərək cinayət işinə xitam verildiyini bildirməsi Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurub.
Bu barədə məlumatı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə açıqlayıb. Nazir deyib ki, bu qərar Azərbaycanda ciddi təəccüb doğurub:
“Həmin məktuba müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulub. Bizim gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır. Güman edirəm ki, bu məsələyə də aydınlıq gətiriləcək”.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heytəti təyyarə qəzasından bir neçə ay əvvəl, mart ayında Azərbaycanda işğüzar səfərdə olmuşdu.
Məlum qərardan sonra diqqətlər həm də Bastrıkinin personasına yönəlib. Son zamanlar onun adı xüsusilə miqrantlara qarşı sərt qanunların tətbiqindən gündəmə gəlib. O, cinayətkarlığın artmasında miqrantları suçlayır və sərt qanunların tətbiqinin tərəfdarı kimi çıxış edir.
Əslində Rusiya qanunlarına görə onun vəzifə tutmaması gərəkir. Amma Rusiya prezidenti Bastrıkinin İstintaq Komitəsinin sədri səlahiyyətlərini daha bir il, 2026-cı ilin avqust ayına qədər uzatmaq qərarına gəlib. Qeyd edək ki, Putin İstintaq Komitəsinə 2011-ci ildə müstəqil qurum kimi formalaşdıqdan sonra rəhbərliyi tələbə yoldaşı Aleksandr Bastrıkinə tapşırıb. Dövlət qulluğunda olmanın son yaş həddinə çatmasına baxmayaraq, 2024-cü ildə 70 yaşı tamam olan İstintaq Komitəsinin sədrinin səlahiyyət müddətini uzatmaq üçün Putin hətta xüsusi qanun belə imzalamışdı. Beləliklıə, Bastrıkinin son işdə qalmaq müddəti 8 ay sonra -avqustun 27-də başa çatır.
Son aylar mətbuatda Bastrikinin Ali Məhkəmənin rəhbəri və ya prezidentin Şimal-Qərb Federal Dairəsində xüsusi nümayəndəsi təyinatı ilə bağlı müzakirələr aparılıb. Ekspertlər onu İrina Podnosovanın( o da Putinin tələbə yoldaşı olub) ölümündən sonra Ali Məhkəmənin sədri vəzifəsinə ən çox ehtimal olunan namizədlərdən biri kimi qeyd edirdilər. Amma Ali Məhkəmənin sədri vəzifəsi Rusiyanın baş prokuroru vəzifəsində işləyən Krasnova tapşırılıdı.
Yeri gəlmişkən, bir ay əvvəl Moskvada Bastrıkinin sədrliyi ilə Beynəlxalq Kriminalistlər Birliyinin konfransı keçirilib. Tədbirə Beynəlxalq Kriminalistlər Birliyinin Rəyasət Heyətinin üzvü, Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov da Zoom proqramı vasitəsilə qoşulub.
İlham Rəhimov Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin istintaqı ilə bağlı Rusiya İstintaq Komitəsinin sədrinə sualla müraciət etmişdi. İlham Rəhimov baş verən faciənin Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaratdığını qeyd edərək Bastrıkindən istintaqın gedişi barədə ətraflı məlumat verməsini xahiş etmişdi.
Bastrıkin məlumat vermişdi ki, faciənin bütün səbəb və şəraitinin müəyyən edilməsi üçün kompleks istintaq tədbirləri artıq başa çatıb:
“Hazırda istintaq tam yekunlaşıb və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Musavat.com






Şərhlər