
(Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis edilmiş yubiley medalına sözardı…)
…Söhbət adından göründüyü kimi Yubiley Medalından gedir. Medalın vəsiqəsini Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov imzalayıb. Medalların kimə verilməsini isə Agentlik özü müəyyənləşdirməyib. Namizədlərin adını Medianın İnkişafı Agentliyinə- əməkdaşların çalışdığı və ya rəsmən tərəfdaşlıq etdiyi qurumların rəhbərləri təqdim edib. Ona görə də mövzunu müzakirə masasında hələ də saxlamaq niyyətində olan həmkarlardan xahiş edirəm ki, bu vacib detalı unutmasınlar. Suallarını təyinatı üzrə yönəltsinlər. Təqdimatçıya!!! Medalın ikinci üzünə gəlincə, çox istərdim ki, bu mövzu başqa müzakirələrin səbəbinə çevrilsin.
Məsələn: “Medal kimə verildi, niyə verildi, kim kənarda qaldı?” tək sualları mətbuatımızın 150 illiyinə hesabatla, yekun şərhlərlə əvəz edək. Məsələn; -mətbuat üçün indiyədək nə etmişik və nə edəcəyik?
-hansı araşdırmalar, hansı sənədli filmlər, xüsusi reportajlar, eksklüziv müsahibələr var ehtiyatımızda?
- İşğaldan azad edilmiş yaşayış məntəqələrimzə özümüzü nə qədər həsr etmişik və edəcəyik?
-Dövlət və Milli Maraqlar uğrunda, Azərbaycanı hədəf alan daxili və xarici qüvvələrlə mübarizədə, ölkənin hüdudlarından kənarda müxtəlif “hinlərə”, “damlara” sığınan, böhtan, iftira, təhqir maşını kimi çalışan antimilli “azərbaycanlılarla” savaşda özümüzü necə aparmışıq və aparmalıyıq?
- Sosial (şəxsi!) hesablarımızdan ümumi Azərbaycan naminə, Müstəqil Dövlətimiz uğrunda necə istifadə etmişik və etməliyik?
-Azərbaycanın yeni gerçəkliyinin normativlərinə uyğun olmaq üçün ümumiyyətlə nə etməliyik?
-Liberallıq, hamının ürəyincə olmaq, hər kəsin xoşuna gəlmək kimi azara yoluxmuş xəstə həmkarlarımızı necə müalicə etməliyik?
…Başqa suallar da var: medalın iki üzünün olması hamının qəbul etdiyi qanunauyğundur! Bu belə olmalıdır! Bəs biz?
-Axı BİZ MEDAL DEYİLİK!
p.s. Mətbuatımızın Yubiley İli mübarək olsun! Mətbuatımız mübarək olsun!
Mir Şahin, Real TV rəhbəri






Şərhlər