“Heç olmazsa 1-6 yaşda uşaqlara 80-100 manat verilsin” - deputatların çağırışına reaksiyalar
Tarix: 22-11-2022, 08:25
Baxılıb: 137
Google+ Paylaş
Tumblr Paylaş

“Heç olmazsa 1-6 yaşda uşaqlara 80-100 manat verilsin” - deputatların çağırışına reaksiyalar

22-11-2022, 08:25

Ekspert: “Müəyyən ailə kateqoriyaları var ki, onlarla bağlı mexanizmlər işlənib hazırlana bilər”

Ötən həftə Milli Məclisin iclasında yenidən uşaq pulu ilə bağlı məsələ gündəmə gətirilib. Belə ki, deputat Fəzail Ağamalı uşaq pulunun bərpa edilməsi təklifi ilə çıxış edib. “Mən təklif edirəm ki, ünvanlı sosial yardım uşaq puluna transfer edilsin. Ünvanlı sosial yardım uşaq pulu kimi verilməli və bu məsələyə birdəfəlik son qoyulmalıdır”, - deyə Fəzail Ağamalı əlavə edib.
Deputat Vahid Əhmədov da deyib ki, uşaq pulu ilə bağlı məsələni mübahisələndirmək lazımdır və bunun üzərinə gedilməlidir: “Nəzərə almaq lazımdır ki, uşaq pulu birbaşa ünvana çatan məbləğdir. 01.01.2021-ci il statistikasına baxsaq, ölkədə 1 milyon 228 min pensiyaçı var idisə, hazırda onların sayı 1 milyon 118 minə düşüb. Ölüm saylarına baxsaq, xoşagəlməz hallarla qarşılaşırıq. Koronavirus və digər xəstəliklərlə bağlı pensiyaçı sayında azalma oldu. Odur ki, pensiya yaşının azaldılması da gündəmdir”, - deyə deputat bildirib.
Amma zaman-zaman bu məsələnin gündəmə gətirildiyinin şahidi olsaq da, sonradan bunun reallaşmadığını görmüşük. Bununla belə, millət vəkillərinin məsələnin həlli yönündə açıqlamaları hansısa addımların atılacağına ümid yaradır. Bəs görəsən, real vəziyyət necədir, bunun həyata keçməsi mümkündürmü? 
Yeri gəlmişkən, ekspertlər son dövrlər uşaqların qəfil ölümünün səbəblərini ailələrin maddi gəlirinin az olması ilə əlaqələndirirlər. Həkimlər bildirirlər ki, valideynlər imkansızlıqdan övladlarını vaxtlı-vaxtında chek-up müayinə etdirmirlər, nəticədə bir çox xəstəliklərdən xəbər tuta bilmirlər. Qəfil ölümlər də əksər vaxtlarda bu səbəblərdən baş verir. Nəzərə alınsa ki, ümumi müayinələr çox bahadır və sığorta paketinə də daxil deyil, o zaman bu məsələnin nə qədər ciddi olduğunun fərqinə varırıq...
Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib” - 16.07.2021, Sputnik  Azərbaycan
Eldəniz Əmirov
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a dedi ki, Fəzail Ağamalının qaldırdığı məsələ vaxtaşırı gündəm olur, daha sonra gündəmdən çıxır: “Hazırda bunun yenə də aktual olaraq səsləndirilməsi ehtiyac duyulan bir mövzudur. Amma real mənzərəni müşahidə edərək uşaq pullarının verilməsi ilə bağlı qərarın qəbul ediləcəyini hazırkı məqamda gözləmirəm. Hazırkı mövcud vəziyyəti təhlil etdikdə görürsən ki, bununla bağlı qərar qəbul edilməyəcək. Amma gələcəkdə təbii olaraq şərtlərin dəyişəcəyi təqdirdə, xüsusilə də əhali artımı ilə bağlı müəyyən problemlərin yaşanacağı təqdirdə belə bir qərar qüvvəyə minə bilər. Amma bütün hallarda hesab edirəm ki, uşaq pulu ilə bağlı hansısa addımı atmağa ehtiyac var. Ya uşaq sayına görə, ya da müəyyən ailə kateqoriyaları var ki, valideynlərin işləməsinə görə, orta əmək haqqı nisbətən aşağı səviyyədə olan valideynlərə görə və digər mexanizmlər işlənib hazırlana bilər. Yəni bu kimi mexanizm hazırlamaq realdır. Amma kütləvi olaraq tam şəkildə hər bir uşaq üçün uşaq pulunun verilməsi real deyil. Hazırkı vəziyyətdə şərtləri biz nəzərə alsaq, buna kifayət qədər maliyyə vəsaiti tələb olunur. Bu səbəbdən də uşaq pullarının verilməsi ilə bağlı qərarın qəbul ediləcəyini gözləmirəm. Amma hesab edirəm ki, müxtəlif kateqoriyadan olan  ailələrə birbaşa uşaq pulu şəklində vəsaitlərin verilməsi daha doğru olardı. Çünki ünvanlı sosial yardımın təyinatından əlavə olaraq valideynlərin aldığı əmək haqqına yönəlik bir mexanizm işlənə bilər. Əmək haqqı kateqoriyalarına görə məbləğin uyğunlaşdırılması kimi mexanizmin işlənməsi və bundan dolayı tətbiqlər həyata keçirilsə, daha doğru olardı”.
Aparıcı valyutalar və qızıl ucuzlaşır, ölkələr borc böhranı və devalvasiya  ilə üz-üzə
Vüsalə Əhmədova
İqtisadçı-alim, AĞ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, hazırda ölkəmizdə bütün uşaqları əhatə edən müavinət yalnız uşağın anadan olmasına görə verilən birdəfəlik ödənişdir: “Digər iki növ sosial müavinət çox cüzi əhali təbəqəsini əhatə edir. Hansı ki, bir yaşınadək uşağı olan aztəminatlı və ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələrə, uşağın yalnız bir yaşı tamam olanadək verilən 70 manat məbləğində aylıq müavinətdir. Digəri isə beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 70 manat məbləğində müəyyən edilən aylıq müavinətdir ki, bu da digər uşaqların sağ olması şərti ilə altıncı uşaq doğularaq bir yaşına çatdıqda təyin edilir. Azərbaycanda uşaq pulu yalnız həssas kateqoriyadan olan uşaqlara verilir, digər uşaqlara verilməsi nəzərdə tutulmur. Necə olur ki, işsizlik həddinin 2-6%, yoxsulluq həddinin 4-6.8%, minimum əmək haqlarının ölkəmizdəkindən dəfələrlə yüksək olduğu inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilir, ancaq bizdə yalnız həssas kateqoriyadan olan uşaqlara təyin edilir. Digər ailələrin iqtisadi vəziyyəti çox yaxşıdırmı? Deputat Fəzail Ağamalının "ünvanlı sosial yardımın uşaq pulu kimi verilməsi" ilə bağlı təklifinə gəlincə. Yəni nə deməkdir bu, indiyə qədər verilən ünvanlı sosial yardımın adı dəyişdirilərək uşaq pulu edilsin? “Çevir tatı, vur tatı”. Bu, həll yolu deyil. Dediyimiz budur ki, ölkədəki bütün uşaqları əhatə edəcək sosial təminat siyasəti müəyyən edilməlidir".
Ekspert əlavə edib ki, heç olmazsa, 1-6 yaş qrupları üzrə uşaqlara 80-100 manat məbləğində müavinət təyin edilsin: “Ölkədə 1-6 yaş qrupundakı uşaqların cəmi sayının təqribən 940.400 nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 80 manat məbləğində müavinət verilərsə, bu, illik 902.784.000 manat təşkil edəcək. Bu məbləğin büdcə üçün böyük yük olacağını düşünmürəm. Digər 7-17 yaş qrupları üzrə uşaqlar üçün isə müəyyən təhsil imkanları yaradılsın. Məsələn, 7 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin. Həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. 18 yaşı tamam olan vətəndaş həmin vəsaiti alaraq ali təhsilinə xərcləyə bilər. Məlumdur ki, ölkəmizdə ali məktəblərə qəbulun 69%-i ödənişli əsaslarla aparılır. İllik təhsil haqları isə universitetlərimizdə 2500-6500 manat arasında dəyişir. İllik 2500 manat təhsil haqqı, aylıq ortalama 350 manat əmək haqqı alan vətəndaşın illik gəlirinin 60%-ni təşkil edir”.
V.Əhmədova qeyd etdi ki, ünvanlı dövlət sosial yardımın alınması da o qədər asan proses deyil: “Kifayət qədər mürəkkəb şərtlər qoyulur. Bir çox hallarda ailələr sosial vəziyyətlərinin ağır olmasına baxmayaraq müavinəti ala bilmirlər. Məsələn, qanunda deyilir ki, ünvanlı dövlət sosial yardım almaq üçün hər bir ailə üzvünün orta aylıq gəliri "onlardan asılı olmayan səbəblərdən" ehtiyac meyarının məcmusundan aşağı olmalıdır. “Onlardan asılı olmayan səbəblərdən” nə deməkdir? Burada artıq bir çox şərtlər dövrəyə girir. Məsələn, ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyinin olması və ya 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəbindən işləyə bilməməsi, ailənin əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi və ya olduğu yerin məlum olmaması və s. Ayrıca, uşaq evlərində, internatlarda, qocalar evində, xüsusi təhsil müəssisələrində yaşayanlara, müddətli həqiqi hərbi xidmətdə və ya cəzaçəkmə müəssisələrində olanlara, Azərbaycan Respublikası ərazisində yaşamayanlara sosial yardım təyin olunmur".
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ