
Mən, Omarova Aidə Mustafa qızı, 12 fevral 1965-ci il tarixində Yevlax şəhərində anadan olmuşam.
1972-ci ildə Yevlax şəhəri N. Nərimanov adına 15 saylı (hazırkı 9 saylı) tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişəm.
1982-ci ildə Bakı şəhəri 2 saylı Tibb Kollecinin feldşer-laborant ixtisasına qəbul olunmuş, 1984-cü ildə həmin təhsil müəssisəsini bitirmişəm.
20 avqust 1984-cü il tarixində Yevlax Rayon Mərkəzi Xəstəxanasında laborant vəzifəsinə işə qəbul olunmuşam. 6 fevral 2001-ci il tarixində öz xahişimlə həmin işdən ayrılmış və Yevlax Dəmiryol Tibb Ambulatoriyasında laborant vəzifəsinə qəbul edilmişəm. 1 fevral 2017-ci ildə həmin müəssisə ləğv olunduğu üçün işdən azad edilmişəm.
20 sentyabr 2017-ci il tarixindən 12 sentyabr 2025-ci il tarixinədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsində laborant vəzifəsində çalışmışam. İşə xitam verilməsi barədə əmr 2 sentyabr 2025-ci il tarixində verilsə də, bu barədə mənə yazılı məlumat yalnız 12 sentyabr 2025-ci il tarixində təqdim edilmişdir.
İşdən haqsız şəkildə azad olunduğumu düşündüyüm üçün müxtəlif aidiyyəti qurumlara şikayət ərizələri ünvanlamış, həmçinin məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım etmişəm.
Bundan sonra Günel adlı xanım mənimlə əlaqə saxlayaraq özünü TƏBİB nümayəndəsi kimi təqdim etmiş və görüşmək istədiyini bildirmişdir. Görüş üçün xəstəxanaya getmişəm. Həmin görüş zamanı mənə bildirilmişdir ki, 7 yanvar tarixindən sonra laboratoriyaya qaytarılmasam belə, başqa işlə təmin olunacağam. Bu görüş 18 dekabr tarixində baş tutmuşdur.
Verilən vədə inanaraq gözləmişəm, lakin mənə heç bir geri dönüş edilməmişdir. Yanvarın 10-da özüm əlaqə saxlamağa çalışsam da, iki gün ardıcıl etdiyim zənglər cavabsız qalmışdır. Daha sonra oğlum başqa nömrədən zəng etdikdə telefon açılmış və mənə “Türkiyədə olmuşam, ona görə cavab verə bilməmişəm” deyə bildirilmişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs bu müddətdə mərkəzi xəstəxanada kitabxana yaradılması ilə məşğul olmuşdur.
Daha sonra Bakıda yerləşən kadrlar şöbəsinin rəhbəri Ruslan müəllimə müraciət etmişəm. Mənə yeni vakant yer yarana biləcəyi bildirilmiş və ayın sonuna qədər gözləməyim tövsiyə edilmişdir. Fevralın 2-də yenidən əlaqə saxladıqda isə mənə “işlərlə məşğulam, 15-dən sonra məsələ həll oluna bilər” deyə bildirilsə də, yenə heç bir nəticə olmamışdır.
Fevralın 18-də yenidən zəng etdiyim zaman isə mənə kobud şəkildə belə cavab verilmişdir: “Get kimə deyirsən de, istəyirsən Ruslan müəllimə de, istəyirsən jurnalistə de, onlar səni işə qoysun, mən isə qoyan deyiləm”, daha sonra telefon üzümə bağlanmışdır.
Bu münasibət və yaşadığım haqsızlıq nəticəsində sağlamlığımda ciddi problemlər yaranmışdır. Davamlı stress və əsəb səbəbindən təzyiqim yüksəlir, burun qanaxmaları baş verir və zob xəstəliyi yaranmışdır. Bu vəziyyət mənə ağır psixoloji təsir göstərməkdədir.
Ən ağrılı məqamlardan biri isə mənim yerimə götürülən laborantın artıq 6 aydır laboratoriyada işləməsinə baxmayaraq, kifayət qədər tibbi təcrübəsinin və peşəkar biliyinin olmamasıdır.
Bundan əlavə bildirirəm ki, mənim 61 yaşım var və həyat yoldaşım görmə qabiliyyətini itirmiş əlil şəxsdir. Bu yaşda yenidən iş tapmağım çox çətindir. Eyni zamanda bank qarşısında kredit öhdəliyim mövcuddur və işsiz vəziyyətdə həmin öhdəliyi yerinə yetirmək mənim üçün olduqca ağırdır.
Həmçinin qeyd etmək istəyirəm ki, 2025-ci ildə keçirilmiş tibbi işçilərin sertifikatlaşdırılması imtahanından yüksək nəticə ilə keçmişəm. Buna baxmayaraq, əvvəlcədən heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığımı yalnız sonradan öyrənmişəm.
İşdən çıxarılma ilə bağlı məlumatın SİMA sistemi üzərindən yerləşdirildiyi bildirilsə də, həmin bildiriş adi istifadəçi üçün aydın və əlçatan formada təqdim edilməmişdir. Texniki bilik və xüsusi istifadə bacarığı olmayan şəxsin bu məlumatı vaxtında görməsi və bundan xəbərdar olması faktiki olaraq mümkün olmamışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarımın qorunmasını, müraciətimin obyektiv, ədalətli və qanunauyğun şəkildə araşdırılmasını, mənə qarşı edilmiş haqsızlığın aradan qaldırılmasını və araşdırmanın nəticəsi barədə mənə rəsmi cavab təqdim olunmasını xahiş edirəm.






Şərhlər