
Mən, Məmmədov Əli Axilles oğlu, 1972-ci il təvəllüdlüyəm. Orta ixtisas tibbi təhsilliyəm, feldşerəm. Tibbi təhsilimi Rusiyanın Altay vilayətinin Kamen şəhərində almışam. Təhsilimi başa vurduqdan sonra bir müddət Rusiyada müxtəlif səhiyyə müəssisələrində öz ixtisasım üzrə çalışmışam.
Azərbaycana qayıtdıqdan sonra uzun illər ərzində müxtəlif tibb müəssisələrində feldşer kimi fəaliyyət göstərmişəm. Belə ki, Mingəçevir şəhər xəstəxanasında cərrahiyyə, reanimasiya, uroloji və psixiatriya şöbələrində, daha sonra Gəncə şəhər Mərkəzi Xəstəxanasının kardiologiya şöbəsində, Yevlax rayon xəstəxanasının reanimasiya və təcili-təxirəsalınmaz tibbi yardım şöbəsində, son olaraq isə Vərəm xəstəxanasında 2025-ci ilin sentyabr ayına qədər işləmişəm.
2025-ci il sentyabr ayının 12-də yeni təyin olunmuş müəssisə rəhbəri məni kabinetinə çağıraraq heç bir əsas göstərmədən işdən azad edildiyimi bildirdi. Mən narazılığımı ifadə etdikdə isə kobud şəkildə “Get hara istəyirsən şikayət et, heç kimdən qorxmuram. Arxamda dayanan adamlar var. Kimi istəsək işdən çıxarıb yerinə başqa adam götürərik. Buranın ağası mənəm” deyərək məni kabinetindən itələyib çıxardı.
Bildirmək istəyirəm ki, mənim əmək fəaliyyətim dövründə heç bir nöqsanım olmayıb, mənə heç bir xəbərdarlıq edilməyib və işdən azad olunmağım üçün qanuni əsas göstərilməyib.
Ailə vəziyyətim olduqca ağırdır. İki övladım var və hər ikisi əlildir. Nə mən, nə də həyat yoldaşım hazırda işlə təmin olunmuşuq. Maddi vəziyyətimiz son dərəcə ağırdır. İş axtarmaq üçün həm tibbi, həm də qeyri-tibbi müəssisələrə müraciət etsəm də, hər yerdə vakant yer olmadığını bildirirlər.
Bundan əlavə, 16 aprel tarixində feldşerlik üzrə sertifikasiya imtahanı vermiş və yüksək nəticə ilə həmin imtahandan uğurla keçmişəm.
Sizdən xahiş edirəm ki, şikayətimi araşdırıb mənim qanunsuz şəkildə işdən azad olunmağıma hüquqi qiymət verəsiniz və yenidən işlə təmin olunmağım üçün müvafiq köməklik göstərəsiniz.






Şərhlər