
Dekabrın 18-də müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Hərracda ümumilikdə 17 nəqliyyat vasitəsi satışa təqdim olunacaq.
Reportyor.tv xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında Xarici İşlər Nazirliyinin balansında olan 2014-cü il buraxılışlı "Honda Akkord" 9 000 manat start qiyməti ilə, 2011-ci il buraxılışlı "Nissan Tiana" isə 8 500 manat start qiyməti ilə satışa çıxarılıb.
Eyni zamanda, BMV 528i 14 000 manat, BMV 740Li isə 12 500 manat start qiyməti ilə təklif olunur. Avtomobillər müvafiq olaraq 2012-ci və 2014-cü illərə aiddir.
Digər qurumlar tərəfindən təqdim olunan nəqliyyat vasitələri arasında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən satışa çıxarılan "Hunday Kounti" (2003-cü il, 9 700 manat) və "İsuzu Ekobus" (2012-ci il, 13 300 manat) avtobusları da yer alır.
Hərracda, həmçinin yük və xüsusi təyinatlı avtomobillər də var. "Azəristiliktəchizat" ASC-yə məxsus 1989-cu il buraxılışlı UAZ-3741 1 300 manata, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Zuğulba" iqamətgahının balansındakı 2006-cı il buraxılışlı "ZiL-433362" isə 4 700 manat start qiyməti ilə təklif olunur.
Hərracda iştirak etmək üçün start qiymətinin 10%-i qədər beh ödənilməsi tələb olunur.
(Valyuta.az)






Şərhlər