
İnfeksionist: “İngiltərə və İspaniyada mövcud olan virusun əlamətləri Azərbaycanda da var...”
Son dövrlərdə aktivliyi artan H3N2 qrip ştamı səhiyyə mütəxəssisləri arasında ciddi narahatlıq yaradıb. Ekspertlər bu virusun yeni yoluxma dalğasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Türkiyəli dosent Ahmet Rıza Şahin mövzu ilə bağlı bildirib ki, qrip və koronaviruslar zaman-zaman genetik dəyişikliklərə uğrayaraq kütləvi yayılmalara yol açır. Onun sözlərinə görə, xüsusilə 2026-cı ilin ilk ayları riskli dövr kimi qiymətləndirilir:
“İlk dəfə Avstraliyada müşahidə olunan və daha sonra İngiltərə ilə İspaniyada səhiyyə müəssisələrinə ciddi yük yaradan H3N2 qripi artıq Türkiyədə də qeydə alınmağa başlayıb. Mütəxəssislər hesab edir ki, qrip virusları təxminən dörd ildən bir əhəmiyyətli mutasiyaya məruz qalır. Keçmiş illərdə bu proses koronavirusla özünü göstərmişdisə, hazırda oxşar vəziyyət H3N2 ştamı ilə yaşanır. Genetik dəyişiklik keçirmiş virusun qitələr arasında sürətlə yayılması qlobal miqyasda qrip dinamikasına təsirsiz ötüşmür”.
2026-cı ildə epidemiya, pandemiyanın olması nə dərəcədə realdır? Son günlər Azərbaycanda yayılan virusun mənşəyi nədir?

Həkim-infeksionist Gülnarə Əhmədova mövzu ilə bağlı Musavat.com-a deyib ki, türkiyəli dosentin sadaladığı oxşar vəziyyət hazırda Azərbaycanda da mövcuddur:
“Sadəcə olaraq bizdə virusun mutasiyasının nəyə aid olduğu hələ təsdiqlənməyib, bununla bağlı müayinə nəticələri hələ ki, yoxdur. Halbuki hazırda deyilən virus həm Bakıda, həm də rayonlarda mövcuddur və getdikcə yayılır. Onun nə dərəcədə pandemiyaya səbəb ola biləcəyini, nə qədər geniş yayıla biləcəyini demək çətindir. Amma həqiqətən də koronavirusa bənzər müəyyən mutasiya əlamətləri hiss olunur. Bilmirsən, bu, koronavirusdur, yoxsa başqa bir virusdur - nə tam odur, nə də tam bu. Sanki ikisinin birgə ortaya çıxması ilə yeni bir virus formalaşıb. Lakin bunu dəqiq demək mümkün deyil, çünki laborator təsdiq yoxdur.
Dəqiq fikir bildirmək üçün mütləq laborator müayinələr aparılmalıdır. Bununla belə, türkiyəli mütəxəssis tamamilə doğru danışır və mən onun fikri ilə razıyam. Bu mütəxəssisin söylədiyi hər bir fikir bizim üçün dəyərlidir. İngiltərə və İspaniyada mövcud olan vəziyyətlə bağlı məlumatlarımız var. Eyni və oxşar klinik əlamətlərlə Azərbaycanda da hər gün xəstələrin müraciətlərini qeydə alırıq”.






Şərhlər