Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Fələstin səfiri: “Münaqişə genişlənə bilər” - MÜSAHİBƏ
Fələstin səfiri: “Münaqişə genişlənə bilər” - MÜSAHİBƏ

“İsrail və Fələstində minlərlə dinc, günahsız insanın ölməsinin qarşısını ala bilərdik”
Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim son hadisələrlə bağlı Reportyor.tv  müsahibəsi
- Artıq bir neçə gündür ki, Yaxın Şərq regionunda baş verənlər, daha dəqiq desək, İsrail və Fələstin arasında Qəzzada baş verənlər gündəmdədir və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Mənim ilk sualım Azərbaycanın bu münaqişəyə dair mövqeyi ilə bağlıdır. Bir neçə gün əvvəl Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurası səviyyəsində Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclas keçirildi və orada Azərbaycan xarici işlər naziri də çıxış etdi. Ümumilikdə Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz?
- Bu məsələ ilə bağlı uzun zamandır ki, Azərbaycanın mövqeyi məqbuldur. Söhbət Fələstin məsələsi, Fələstin şəhərlərinin işğalı ilə bağlıdır ki, bu məsələlərdə Azərbaycanın mövqeyi təqdirəlayiqdir. Azərbaycan Fələstinin Şərqi Qüds paytaxt olmaqla öz dövlətinə, müstəqilliyinə nail olmaq uğrunda mübarizəsini daim dəstəkləyir. Belə ki xarici işlər naziri Ceyhun Bayramovun İƏT Xarici İşlər Nazirlərinin növbədənkənar iclasındakı çıxışı beynəlxalq legitimliyə, beynəlxalq hüquqa, BMT qətnamələrinə əsaslanan, Fələstinin mövqeyini həmişə dəstəkləmiş Azərbaycanın çoxdankı mövqeyi ilə üst-üstə düşür. Təqdirəlayiqdir ki, Azərbaycan hər zaman öz prinsiplərini, beynəlxalq hüququ və beynəlxalq legitimliyi müdafiə edir. Çünki beynəlxalq hüquqa və beynəlxalq legitimliyə sadiq qalmasaq, Azərbaycan da, biz də, bütün sivil dünya da anlayır ki, indi Fələstində baş verənlər kimi cəngəlliyin hökm sürdüyü bir dünyada yaşayacağıq. Ona görə də, əlbəttə ki, biz Azərbaycanın mövqeyindən razıyıq.

- Bu regionda müharibə gedir, biz hər gün hər iki tərəfdən mülki əhali arasında itkilər barədə xəbərlər oxuyuruq. Fələstin tərəfinin bu şiddətin - müharibənin sonlanması üçün beynəlxalq ictimaiyyətdən gözləntiləri nədir? Hazırkı vəziyyətə son qoyulması üçün hansı addımlar atılmalıdır?
- Bu müharibəni bitirmək üçün ilk və son şərt işğala son qoymaqdır. Bilirsiniz, işğal bu zorakılıq döngüsünü saxlayır və bu, zaman-zaman təkrarlanır. Təəssüf ki bundan zərər görənlərin 99,9 faizi fələstinli mülki əhalidir. İsrail, əslində, indi hər kəsin öz televiziya ekranlarından gördüyü Fələstin xalqına qarşı kampaniyanı 75 ildir ki, etnik təmizləmə, təzyiq, işğal kampaniyası ilə aparır və indi hər kəs televiziya ekranlarında Fələstin xalqına qarşı edilənləri görür. Bu gün baş verənlər isə XXI əsrdə Qəzzada, Fələstin daxilində, yandırılmış torpaq siyasəti, mülki yaşayış məntəqələrin bombalanması, onların yer üzündən silinməsi, evlərini tərk etməyə məcbur etmə, bir milyon iki yüz min insanı şəhərlərdən, qəsəbələrdən, kəndlərdən başqa yerə köçməyə məcbur etmədir. İsrailin etməyə çalışdığı etnik təmizləmədir, çünki o, insanları Qəzzadan sıxışdırıb çıxarmağa, Misirə və ya İordaniyaya, Ərəb Liqası və ya İƏT ölkələrinə göndərməyə çalışır. Əgər İsrail buna nail olsa, fələstinlilər üçün daha bir “Nəkbə” yaradacaq. Nəkbə, 1948-ci ildə fələstinlilərin öz qəsəbələri, evləri və kəndlərindən çıxarılmasıdır. Məhz beynəlxalq ictimaiyyət BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri tətbiq etməli və onu seçici şəkildə deyil, bərabər şəkildə tətbiq etməlidir. Görünür, Qərbdəki dostlarımız seçici davranırlar, istər BMT Nizamnaməsi, istərsə də müəyyən sahələrdə beynəlxalq humanitar hüquq olsun, o dəyərləri tətbiq edir, digərlərini bu prinsiplərin həyata keçirilməsindən kənarda qoyurlar. Bu, etnik mənsubiyyətindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər kəsə və hər yerə şamil edilməlidir. Beləliklə, bu, münaqişəyə son qoymağın yoludur. Əslində, baş verənlər müharibə cinayətidir. Bu son zorakılıq epizodundan bəhs etməzdən əvvəl, qeyd edim ki, BMT qətnamələri və beynəlxalq legitimliyə görə, İsrail 1967-ci ildən bəri Fələstini işğal edir. Bu, müasir bəşər tarixində bu planetdə ən uzun hərbi işğaldır. İnsanlar heç vaxt bu qədər uzun hərbi işğalı yaşamayıblar. Əsasən, müstəmləkəçilik, qeyri-qanuni müstəmləkəçilik olan yaşayış məntəqələri tikmək, işğal olunmuş Fələstin əraziləri daxilində qanunsuz yaşayış məntəqələri tikmək müharibə cinayəti və kolonializmdir. Buna kifayət qədər çox nümunə var. Beynəlxalq hüququn çoxsaylı pozuntuları və hərbi cinayətlər barədə danışmağa başlasam, bitirə bilməyəcəyəm. Bu mənim deyil, beynəlxalq hüququn təsbit etdiyi faktlardır.
Oktyabrın 7-dən bəri gördüklərimizi İsrail və onun himayədarları oktyabrın 7-də, şənbə günündən başlayıbmış kimi təsvir etməyə çalışırlar. Lakin bu, həmin tarixdən başlamayıb. Onlar bunu kontekstdən çıxarmağa çalışırlar. Kontekst ondan ibarətdir ki, İsrailin 7 oktyabr şənbə günü üzləşdiyi onun 1948-ci ildən bəri, 75 ildir ki, fələstinlilərə tətbiq etdiyinin yalnız bir hissəsidir. Deməli, beynəlxalq ictimaiyyətin ardıcıl mövqeyi olmalıdır və dünyanın bu hissəsində beynəlxalq hüququn tətbiqində seçiciliyi dayandırmalı və onu unutmamalıdır. Məsələnin həlli və İsraili işğala son qoymağa məcbur etmək bu yolla mümkündür. İsraildə və Fələstində minlərlə dinc, günahsız insanın ölməsinin qarşısını ala bilərdik, buna imkan verməyə bilərdik. Əgər biz bütün bunları dinc yolla həll etsəydik, İsrail fələstinlilərin beynəlxalq hüquqa əsaslanan azadlıqda və öz müstəqil dövlətində yaşamaq hüququnu tanımağa hazır olsaydı, minlərlə insanın həyatını xilas edə bilərdik. Fələstin 1993-cü ildə İsraili dövlət olaraq tanıdı, amma qarşılığında biz nə aldıq? İsrail BMT-yə və BMT-dəki üzv dövlətlərin 2/3-dən çoxunun rəyinə baxmayaraq, Fələstini dövlət kimi tanımadı və tanımaqdan imtina edir. Beləliklə, beynəlxalq ictimaiyyətin tətbiq etməli olduğu şey budur ki, İsraili işğal olunmuş Fələstin ərazilərində qanunsuz hərəkətlərinin və pozuntularının nəticələri ilə üzləşməyə məcbur etsin. O, dünyanın hər hansı digər dövlətlə eyni şəkildə bununla məşğul olmasından qorxduğu zaman bu nəticələrlə üzləşməlidir, o zaman biz bu məsələnin yekun həllinə başlayacağıq.

- Artıq sizin də qeyd etdiyiniz kimi, BMT-də daxil olmaqla digər beynəlxalq təşkilatlar, əksər ölkələr iki dövlətli həllin vacibliyini vurğulayır, tərəfləri dialoqa, sülh yolu ilə həllə çağırır. Ötən əsrin 90-cı illərində tərəflər arasında dialoq vardı, mən Oslo Razılaşmalarını nəzərdə tuturam. Amma bütün bu illər ərzində dayanıqlı həll və sabitliyin əldə olunması istiqamətində uğur əldə olunmayıb. Bu uğursuzluğun səbəbi nədir, niyə dialoqu, siyasi həlli zorakılıq əvəz elədi?
- BMT-də səlahiyyəti olan ölkələr, xüsusilə də Qərbdəki ölkələr BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüququn normalarına uyğun və tutarlı mövqe nümayiş etdirməlidirlər. Bu, sadəcə, bizim mövqeyimiz deyil. “Amnesty International”, “Human Rights Watch”, BMT, israilli insan haqları təşkilatları bu nəticəyə gəliblər ki, İsrail işğal altındakı Fələstin ərazilərində irqçi rejim tətbiq edir. Təsəvvür edin ki, siz, sizin atanız, babanız bu şəhərdə - Bakıda dünyaya gəlib. Bir gün İsrail kimi kimsə gəlir və İordan çayının şərq sahilində Hebron şəhərində olduğu kimi, şəhərin ortasında 300 min nəfərlik koloniya yaradır. Şəhərdəki fələstinlilər onun küçələri ilə hərəkət edə bilməzlər. Fələstinlilər şəhərdəki yollardan istifadə edə bilməzlər, bu seqreqasiyadır. Onlar bu koloniyalarda məskunlaşanlara İsrailin mülki qanunlarını, Fələstin xalqına qarşı isə hərbi qanun tətbiq edirlər... İsrail Prezidenti İshak Hersoq baş verənlərə görə bütün Fələstin xalqını günahlandırır və buna görə də cəzanın Fələstin xalqına tətbiq edilməli olduğunu bildirir. Mənim fikrimcə, bu, İsrail dövləti tərəfindən soyqırımına çağırışdır. Onlar bizi bərabər insanlar kimi görmürlər, bizimlə sanki onlardan aşağı, qeyri-insani davranırlar. Məsələ burasındadır ki, həll yolu işğala son qoymaqdır və BMT İsraili beynəlxalq hüquqa zidd olan bütün pozuntularının nəticələri ilə üzləşməyə məcbur edərək öz mənəvi səlahiyyətlərini tətbiq etmədən həll mümkün deyil. Bunun nəticələri olmalıdır. Qərb ölkələri iki dövlətli həllin tərəfdarı olduqlarını deyirlər, çox yaxşı, lakin məsələ Fələstini tanımağa gəldikdə, tanımırlar, amma İsraili tanıyırlar.
- Bu günlərdə bir sıra ölkələrin rəhbərləri, xüsusilə də İsrailə səfər edən Qərb ölkələrinin dövlət və hökumət başçıları vurğuladılar ki, HAMAS Fələstin xalqını təmsil etmir. Bilirik ki, HAMAS bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınır və bu dövlət rəsmiləri İsraili Qəzzadakı mülki fələstinlilərin həyatını qorumaq üçün bütün səyləri göstərməyə çağırdı. Sizin bu məsələdə mövqeyiniz necədir, HAMAS kimi təmsil edir?

- Məsələ burasındadır ki, problem HAMAS deyil. İsrail Fələstin xalqına hücum edir. Əgər biz, sadəcə, olaraq Qəzzada başlayan və hələ də davam edən hadisələrdən danışırıqsa, təxminən 3600 fələstinli həyatını itirib, onların 99,9 faizi mülki şəxslərdir, təxminən 1500-dən çoxu uşaqlar və qadınlardır (müsahibə ötən gün baş tutub, ölü və yaralı sayı artıb - red.). İsrail HAMAS döyüşçülərini öldürmür, Fələstin vətəndaşlarını öldürür. HAMAS-ı bu cür aradan qaldırmaq olmaz, HAMAS nəhayətində bir hərbi ideologiyadır. Əgər İsrail Oslo razılaşmaları imzalandığı zaman işğalını başa çatdırsaydı, böyük ehtimal HAMAS ortaya çıxmazdı, çünki HAMAS-ın əsası 1988-ci ildə Birinci İntifada əsasında qoyulub. Birinci İntifada dövründə bu çox kiçik bir hərəkat idi. HAMAS simptomdur və işğalın nəticəsidir.
- İsrail hökumətinin bu illər ərzindəki uğursuzluğu, qeyri-düzgün siyasətini qeyd etdiniz. Soruşmaq istərdim, bəs HAMAS-ın istifadə etdiyi üsul və mexanizmlərin düzgün olmadığını qəbul edirsinizmi?

- Biz kimliyindən asılı olmayaraq, günahsız mülki şəxslərin hədəfə alınmasını qəbul etmirik, hansı tərəfin hədəfə almasından asılı olmayaraq, bu, belədir. Lakin mənim məsələyə münasibətim belədir ki, biz simptomlarla məşğul olmaq yerinə, xəstəliyin səbəbini aradan qaldırmalıyıq. Dediyim odur ki, HAMAS 30 il əvvəl İsrail işğalının davamının nəticəsi kimi yaradılıb. İşğal olmasaydı, ehtimal ki, HAMAS da yaradılmayacaqdı, çünki onun təsis edilməsi üçün heç bir səbəb olmayacaqdı. Bu mənim baxışımdır. Biz mülki şəxslərin hədəfə alınmasına qarşıyıq və buna göz yuma bilmərik. Bu, hər zaman bizim mövqeyimiz olub.
- Bu gün səhər İsraildən olan keçmiş yüksək səviyyəli hərbi rəsminin müsahibəsini oxudum. O bildirir ki, HAMAS-ı məğlub etdikdən sonra Qəzzada Fələstin dövlətinin nəzarəti bərpa oluna bilər. Hətta İsrailin müxalifət lideri cənab Yair Lapid də bu gün səhər brifinqdə dedi ki, Qəzza üçün bəlkə də ən yaxşı həll bu anklava Fələstin dövlətinin nəzarətidir və o, hətta beynəlxalq ictimaiyyətin Fələstin dövlətinin Qəzzada nəzarəti ələ almasına kömək etməli olduğunu söylədi. Beləliklə, bu cür yanaşma bəlkə də bir növ ümid verə bilər ki, gələcəkdə hansısa dialoq, tərəflər arasında dinc dialoq ola bilər...
- Bu, İsrail hökumətinin necə olacağından asılıdır. Lakin indiki şərtlər çərçivəsində, İsrailin indiki hökumətinin, İsraildəki rəhbər elitlərin indi əvvəlki liderliklərin fələstinlilərlə, Fələstin rəhbərliyi ilə imzaladıqları razılaşmaları yerinə yetirəcəyini təsəvvür etmək çətindir. Onlar buna inanmırlar, onlar köçürülməyə, fələstinlilərin məcburi dislokasiyasına, başqa hər hansısa bir yerə köçürülməsinə inanırlar və hər şeyi edirlər. Onların etdikləri hər şey bəşəriyyətin ən primitiv dəyərlərinin belə əksinədir.

Bu baxışa malik indiki İsrailin rəhbərliyi ilə hansısa anlamlı razılaşmaya, sülhə nail olmaq çox çətindir. Çünki onlar bizə inanmırlar. Netanyahu özü 1993-cü il Oslo Razılaşmalarının əleyhinə idi və iki dövlətli həll yolunun əleyhinə danışıb.
Təəssüf ki hazırkı şəraitdə, bu hakim koalisiya ilə, İsraillə mənalı nəyəsə nail olmaq çətindir. Bizə görə yox, onlara görə.
- Münaqişənin miqyasının genişlənməsi ehtimalı barədə nə düşünürsünüz? Biz İsrail və Livan sərhədində toqquşmalar barədə xəbərləri izləyirik – “Hizbullah” və İsrail Müdafiə Qüvvələri arasında toqquşmalar, İranın aqressiv ritorikası və s. Belə bir ehtimal varmı ki, münaqişə mövcud sərhədlərdən çıxa bilər?
- Bu mümkündür. Çünki bu davam etdikcə və mülki əhalinin, fələstinlilərin meyitlərini gördükcə insanlar qıcıqlanır, qəzəblənir, ona görə də genişlənə bilər. Biz nə baş verə biləcəyini bilmirik, lakin bu mümkündür, sizinlə razıyam. Bu mümkün ehtimaldır. Londonda İsrail əleyhinə, Fələstin xalqını və HAMAS-ı dəstəkləyən nümayişlər keçirildi. Dünyanın müxtəlif ölkələrində, Afrikada, Cənubi Amerikada, ABŞ-da, Avropada, Avstraliyada, Asiyada böyük nümayişləri görürük. İnsanlar ədalətsizliyi görürlər, təəssüf ki bəzi ölkələrin rəhbər siniflərinin bununla heç bir problemi yoxdur, onlar başqa tərəfə baxırlar. Ona görə də münaqişənin genişlənməsi ehtimalı var, lakin bunun baş verib-verməməsi hücumun, qarşıdakı günlərdə və həftələrdə hadisələrin dinamikasından asılıdır. Livanın cənubunda toqquşmalar var, amma bu nəzarət altındadır. Lakin genişlənmə ehtimalı mümkündür.

- Növbəti sualım HAMAS-ın girov götürdüyü mülki şəxslərlə bağlıdır. Bildiyimiz kimi, 7 oktyabrda HAMAS-ın hücumu zamanı 200-dən çox insan girov götürülüb və onların əksəriyyəti qadınlar, uşaqlar və yaşlılardır. Bu şəxslərin sağ qaytarılması prosesində Fələstin Dövləti, rəsmi Ramallah da vasitəçilik edə bilər?
- Təbii ki biz əlimizdən gələni edəcəyik, amma bu, İsrail tərəfindən də asılıdır. Çünki bombardmanlar və qətllər, gündəlik qətllər davam edərsə, HAMAS insanları azad etməyəcək. Gündəlik yüzlərlə insanın qətlindən danışırıq. İsrail bombardmanları 7 oktyabrdan bu yana Qəzzada gündəlik olaraq 100-dən çox fələstinli uşağı öldürür. Bir sözlə, Fələstin Dövlətinin, ABŞ-ın, Qətərin və ya hər hansı digər tərəfin səylərindən asılı olmayaraq, bu, İsrail tərəfindən asılıdır.
- Ərəb ölkələrinin fələstinlilərə kifayət qədər dəstək vermədiyi barədə fikirlər eşidilir. Məsələn, bu günlərdə Misirin Qəzzadakı “Rəfah” keçid məntəqəsini mülki fələstinliləri üçün açmadığı və əksinə, məntəqənin gücləndirilməsi, oraya beton plitələrin yerləşdirilməsi ilə bağlı mediada məlumatlar və görüntülər yayıldı. Əgər biz mülki insan həyatının hər şeydən üstün və bütün vasitələrlə onun qorunmalı olduğu prinsipi ilə məsələyə yanaşsaq, bu addımlar nə dərəcədə normaldır? O keçid məntəqəsindən Misirə keçmək istəyən insanlar vardı müharibənin ilk günlərində...
- Məncə bu, yanlış fikirdir. Düşünürəm ki, oradakı insanların hamısı, əslində, Fələstin tərəfdarıdır. Bunu çox yaxşı bilirəm. Misir və İsrail arasında 1978-ci ildən bəri sülh sazişi var. Çox uzun müddətdir ki, onların İsraillə sülh müqaviləsi var, İsrailin Fələstin xalqına etdiyi ədalətsizliklə bağlı Misir əhalisinin 99,9 faizi İsrailə qarşı çox soyuqdur.

- Amma mənim sualım “Rəfah”la bağlıdır...
- Bu suala da gəlirəm. Təkcə dünən İƏT bəyanat yaydı, bunun da təxminən yarısı ərəb ölkəsidir. Bu, Fələstində baş verənlərlə bağlı çox güclü bəyanatdır. Nazir Ceyhun Bayramov da iclasda iştirak edirdi. “Rəfah”a qayıdaq. Misirlilərin qorxduğu budur ki, İsrail Qəzzanın şimalındakı 1,1-1,2 milyon fələstinlini ortadan qaldırmaq və Misirə göndərmək istəyir. Onlar Misirə getsələr, müharibə bitdiyi zaman öz şəhər və qəsəbələrinə geri qayıtmaları çox çətin olacaq. Fələstin xalqının 70 faizi artıq 1948-ci il müharibəsinin qaçqınları və onların nəsilləridir... Misir və İordaniya haqlıdır, çünki israillilər onları çıxarmağa çalışır. Onlar Qəzza əhalisinin yarısını təmizləməyə, onları ya Misirə - Sina səhrasına, ya da İordaniyaya göndərməyə çalışır. Bu insanlar məhsuldar torpaqlarda, yaşıl kəndlərdə yaşayırdılar, indi onları geri qayıtmaq perspektivi olmadan Sina səhrasına atmağa çalışırlar.
- Axı artıq orada ölənlər var...
İsrailin bu insanları Qəzzanın şimalından çıxarması müharibə cinayət kimi qiymətləndirilir. Misir Prezidenti təklif edib ki, əgər İsrail bu məsələdə səmimidirsə, onlar üçün İsraildə - Naqevdə müvəqqəti sığınacaq yarada bilər. İşğalçı tərəf olaraq beynəlxalq qanuna əsasən, onları qorumalısan. Onların Naqev səhrasında yerləşdiriləcəyi təqdirdə, evlərinə qaytarılmaları üçün həqiqi perspektiv olacaq. Lakin onları Misirə ya da İordaniyaya göndərsəniz, bu cür hökumətlə onların öz vətənlərinə geri qaytarılması nə qədər mümkün ola bilər? Biz bunu öz təcrübəmizdən bilirik. Mən sizinlə razıyam, bu günahsız insanları xilas edə bilərdi, lakin bunun baş verməsinin ciddi siyasi nəticələri ola bilər və bu regionda müharibənin miqyasını genişləndirə bilər. Çünki evlərindən çıxarılaraq səhraya atılmış insanlar işğalçıya qarşı silahlı mübarizə göstərmək barədə düşünəcəklər ki, bunun da Misirə təsirləri ola, Misir müharibədə birbaşa iştirak edə bilər.

- Mən bir neçə gün əvvəl Qəzzada xəstəxananın vurulması barədə soruşmaq istəyirəm. Bu məsələdə İsrail və HAMAS bir-birini ittiham edir. Bilirik ki, bu xəbər beynəlxalq ictimaiyyət tərəfindən də çox ciddi, hətta sərt şəkildə qarşılandı. Bu partlayışda 500 mülki şəxsin həlak olması xəbərlərini oxuduq. Ancaq bir şey etiraf edəcəyəm, partlayışla bağlı görüntülər, hadisə yerindən fotolar bu partlayışın miqyası barədə müəyyən şübhələr də yaratdı. Aydındır ki, müharibədə həm də dezinformasiya çox sürətlə yayılır.
- Partlayışdan bir neçə dəqiqə sonra İsrail sosial media platformalarında, “X”, Telegram və Facebookda partlayışın arxasında özlərinin dayandıqlarını göstərən paylaşımlar etdilər. Lakin sonra partlayış qurbanlarının sayları açıqlanmağa başladı, bu rəqəmlər kifayət qədər yüksəkdir. Faktiki olaraq, bu partlayışda yüzlərlə insan öldürüldü, rəqəmin nə qədər olmasından asılı olmayaraq. O zaman onlar sosial mediadan paylaşımlarını, kommentlərini silməyə başladılar. Daha sonra isə bildirdilər ki, bu, “İslami cihad”ın atdığı raket olub. İndi mənə deyin, onlar bunun “İslami cihad” və ya HAMAS raketi olduğunu bu qədər qısa vaxtda necə müəyyən etdilər? Raketin üzərində onun HAMAS, yaxud da “İslami cihad”a məxsus olmasının bir əlamətimi var idi? İsrailin hekayəsində bir çox boşluqlar var. Bu cür ciddi gücə malik sursatı heç kim HAMAS-da və ya digər cihadçı təşkilatda və ya qrupda görməyib.
Bunu da bilmək vacibdir ki, İsrail bir həftə əvvəl Qəzzadakı 21 hospitala zəng edərək təxliyə çağırışları edib, lakin bütün bu hospitalların rəhbərliyi və həkimlər müharibə vəziyyəti olduğu üçün təxliyədən imtina ediblər. Partlayışın baş verməsindən üç, ya dörd gün öncə İsrail xəstəxanaya iki mərmi atıb, lakin bu zədəyə səbəb olmayıb. Növbəti gün onlar xəstəxananın baş həkiminə zəng edərək soruşublar ki, biz sizdən xəstəxananı tərk etməyinizi istəmişdik, niyə tərk etməmisiniz?
Qoy İsrail komandası gəlib araşdırsın, bizim üçün heç bir problem yoxdur.

İsrailin bununla bağlı problemi var. İsrailin bu cür hallarda nə baş verməsinə dair tarixi var. Uzağa getməyək, “Al Jazeera“nın jurnalisti Şirin Əbu Əkləhin məsələsinə baxmaq kifayətdir. Bu hadisə müharibə vaxtı baş verməmişdi. Gündüz vaxtı səhər tezdən gün işığı altında və çoxlu şahidlərin olduğu bir vaxtda İsrail snayperi onu qəsdən öldürdü və İsrail bu hadisəyə görə məsuliyyəti aylarla inkar etdi. İsrailyönümlü CNN araşdırmaçı komanda göndərdi oraya və onlar bunu aşkarladılar ki, bu, İsraildir və daha sonra İsrail bunun əsgərlərindən biri ola biləcəyini bildirdi. İsrailin bu kimi uzun bir tarixi var.
- Yaxşı, bəs, israilli uşaqların öldürülməsi, onlar da öldürülüblər, çoxlu faktlar, fotolar və videolar mövcuddur.
- Biz bilirik ki, 1600-dən çox fələstinli uşaq öldürülüb, İsrail gündəlik olaraq fələstinli uşaqları öldürüb. Daş atdığı üçün fələstinli uşaqlar öldürülüb. Onlar 40 israilli uşağın öldürüldüyünü bildirirlər. Bu da rəqəmin nə qədər şişirdilməsindən asılı olmayaraq, şokedicidir. Günahsız insanların öldürülməsi, xüsusilə də, uşaqların öldürülməsi istənilən insan üçün şokedicidir. Lakin onlar rəqəmləri şişirtməklə kifayətlənmədilər, dedilər ki, gəlin indi də deyək ki, onların başları kəsilib. İŞİD və “Əl-Qaidə”nin belə bütün qəddarlığı ilə uşaqların kütləvi şəkildə başlarını kəsməsini biz eşitməmişik. Burada məqsəd öldürülməli olan vəhşi insan təsəvvürü yaratmaqdır. Burada biz İsrail Prezidentinin dediklərinə gəlirik: “Bizim müharibəmiz sadəcə HAMAS-a qarşı deyil, bütün fələstinlilərə, mülki əhaliyə qarşıdır”.

- Biz bütün bu siyasi həll yolu danışıqları, iki dövlət prinsipi və s. barədə danışdıq. Ancaq Sizdən bir diplomat kimi soruşmaq istərdim. Regionda baş verməkdə olan bu qanlı faciənin ən qısa zamanda dayandırılması, daha çox insanın həyatının xilas edilməsi üçün hansı praktiki addım atılmalıdır?
- İndi ən vacibi budur ki, iki həftədir, bombardman altında olan insanlara humanitar yardım çatdırılmalıdır.
- Yeri gəlmişkən, Bayden İsrailin Qəzzaya humanitar yardım çatdırılmasına razılaşdığını bəyan edib.
- Lakin yardım hələ də gəlməyib. Biz cümə gününədək gözləyib, bunun yerinə yetirilib-yetirilməyəcəyini görəcəyik. 17-18 gündür ki, insanların suyu, qidası, dərmanı yoxdur. Fələstindəki xəstəxanaların işi dayanıb. Onlar artıq fəaliyyət göstərə bilmirlər. Qəzzada olduqca distopik bir vəziyyət var. Mülki şəxslərin üzləşdiyi əzabların minimuma endirilməsi və həlli üçün ən sürətli yanaşma bombardmanın dayandırılması, humanitar yardımın daxil olmasına icazə verilməsidir.

P.S.Reportyor.tv İsrailin Azərbaycandakı səfirinin cavab haqqını tanıyır və cənab Corc Dik-lə müsahibə yayınlamağa hazırdır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti