
Ermənistanın KTMT sammitlərini boykot etdiyi halda, Altaydakı ekoloji konfransa getmək istəyi nədən yaranıb? - gerçəklər üzə çıxdı
Ermənistanın baş nazirinin hazırkı geosiyasi reallıqlarda Rusiyada mühüm olmayan ekoloji tədbirə getməsi siyasi analitiklər tərəfindən təəccüblə qarşılanıb. Çünki bu yaxınlarda Paşinyan Moskvanı daxili işlərə qarışmaqda ittiham etdi. İddia olundu ki, Rusiya 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində Ermənistanda hakimiyyəti dəyişmək məqsədi güdür.
Rusiya vətəndaşı olan oliqarx Samvel Karapetyana qarşı cinayət işinə münasibət bildirdiyinə görə Ermənistan hətta Moskvaya etiraz notası da göndərdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovu katolikos II Qaregini müdafiə etdiyinə görə rusiyalı naziri “Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmamağı” məsləhət bildi. Bütün bunların fonunda təbii olaraq sual yaranır ki, Paşinyanın Altaydakı ekoloji konfransdan qat-qat vacib olan KTMT sammitlərini buraxdığı halda Rusiyaya getmək istəyi nədən yaranıb?
Rusiya mediası da bu suala cavab tapmağa çalışıb. Bildirilir ki, KTMT iclasları onun üzərinə mövqe bildirməyə, hətta hansısa sənədi imzalamaq öhdəliyi qoyur, amma ekoloji konfrans da belə məcburiyyət yoxdur. O da qeyd olunur ki, Paşinyan Rusiya ilə əlaqəni tam kəsməyib. O, vaxtaşırı Aİİ və MDB sammitlərində iştirak edir. Azərbaycanla Rusiya arasında münasibətlərdə müəyyən böhran yarandığı bir vaxtda Ermənistanın vəziyyətdən sui-istifadə edib Moskvada öz mövqelərini möhkəmləndirməyə çalışması da mümkündür. O da həqiqətdir ki, Avropa İttifaqına üzvlük perspektivlərinin hələ də aydınlaşmadığı, bütün ticarətin Moskvaya bağlı olduğu bir vaxtda Rusiyadan üzv çevirmək Emənistan üçün son dərəcə təhlükəlidir. Rusiya da öz növbəsində Ermənistana qalan əlaqələri saxlamaq imkanı verir.
Rusiya mediası onu da yazır ki, Paşinyanın bir məqsədi Moskva ilə “iplərin” qopmağın qarşısını almaqdırsa, başqa bir hədəfi Brüsselin gözündə imicini gücləndirməkdir. Rusiyada keçirilsə də, konfransın əsas mövzusu ətraf mühitlə bağlıdır və müasir Avropanın əsas prioritetlərindən biridir. Yaşıl partiyalar hər yerdə hakimiyyətə gəlir və iqlimin qorunması modası hər gün artır. Ermənistan demokratik, müasir və Qərb üçün “özünün biri” olmaq istəyir. Deməli, Paşinyanın orada iştirakı ilk baxışdan göründüyündən tamam başqa məqsədə xidmət edir - İrəvanın Avropaya inteqrasiyasını sürətləndirir.
Qeyd edək ki, iyulun 24-də Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüş beynəlxalq konfrans çərçivəsində baş tutub. Görüşdə Ermənistan-Rusiya münasibətlərinin hazırkı kursu müzakirə olunub. Eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyinə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətə və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, Paşinyan Mişustinlə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttifaqında işini davam etdirmək niyyətində olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Rusiya Ermənistanla Aİİ-də qarşılıqlı fəaliyyəti müzakirə edir və bəzi məsələlərlə bağlı narahatlığını bildirir. “Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalması narahatlıq doğurur, iki ölkənin baş nazirləri bu sahədə addımları, həmçinin Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər”, - Overçuk vurğulayıb.
Aydındır, Paşinyan ekoloji konfransı fürsət bilərək Aİİ ilə bağlı Moskvada yaranmış suallara cavab verməyə gedib. O, Kremli inandırmağa çalışıb ki, İrəvan Aİİ-ni tərk etmək niyyətində deyil.
Çünki Ermənistan parlamenti Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsi qəbul edib. Overçuk isə bir neçə dəfə İrəvana mesaj göndərib ki, Ermənistan Aİ və Aİİ arasında seçim etməlidir, hər iki platformada iştirak edə bilməz. Hətta onu da eyham vururdu ki, Ermənistan Aİİ-də daha çox iqtisadi divident əldə edir, nəinki Aİ-yə qoşularsa...
Asim Mollazadə
Deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında Paşinyanın Rusiya səfərini iqtisadi asılılıqla əlaqələndirdi. A.Mollazadə qeyd etdi ki, bu vəziyyət davam edəcək, amma Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltması üçün alternativlər var: “Onun Altaya gedişi də məhz ölkəsinin Rusiyadan iqtisadi asılılığını bir daha ortaya qoydu. Ermənistanın hələlik bundan qurtuluşu real görünmür. Hazırda İran və ya hər hansı səbəblər Ermənistanı iqtisadi cəhətdən Rusiyanın əlindən xilas edəcək gücdə deyil”.
Deputat həmçinin vurğuladı ki, Rusiyaya səfərdə balansı qorumaq manipulyasiyası da var: “Ermənistanda Rusiya vətəndaşı olan oliqarx Karapetyan və Moskvaya bağlı kilsə xadimləri həbs olunublar. Paşinyan bu qüvvələrlə mübarizədə balansı qorumağa, Rusiyanın qəzəbini azaltmağa çalışır. Ancaq Ermənistan ərazi iddialarına son qoyarsa, onun iqtisadi asılılığı azaltması üçün Türkiyə və Azərbaycan alternativlər ola bilər”.
Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az
Siyasi şərhçi Ramiyə Məmmədova Paşinyanın Mişustinlə görüşə getməsini Rusiyaya və onun liderinə jest adlandırdı. Onun fikrincə, hökumət başçısı bununla Rusiya ilə iqtisadi və digər sahələrdə əməkdaşlığa açıq olduğunu göstərdi: “Yalnız təhlükəsizlik sahəsində tərəflər qarşılıqlı ittihamlar səsləndirir. Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkədir və ticarət dövriyyəsi artmaqdadır. Yəni onların ulduzları təhlükəsizlik məsələsində barışmır. Əlbəttə ki, Nikol bir qərbpərəstdir, Ermənistanı Rusiyadan qoparmaq arzusundadır, amma radikal addımlar ata bilməz. Rusiya üçün Ermənistan cırtdan və kölə bir dövlətdir. Ona görə Moskva Paşinyan hökuməti ilə oynayır. Rusiya onun hər addımından razı qalmasa da, hazırkı regional proseslərdə belə davam etməyə üstünlük verilir”.
Siyasi təhlilçi bildirdi ki, Paşinyanın Aİİ ilə bağlı tutduğu mövqe Rusiyanı xeyli arxayınlaşdıra bilər. Ekspert əlavə etdi ki, Rusiya-Azərbaycan soyuqluğu dönəmində Ermənistan hakimiyyəti Altay konfransında iştirakla həm də fürsətdən istifadə etdi, amma nəticələr əsla əleyhimizə çevrilə bilməz.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Şərhlər