
Azərbaycan Qərb dünyası ilə münasibətlərini yenidən qurur. Tarixi qələbəmizdən sonra rəsmi Bakı qarşılıqlı əlaqələrdə bərabərsəviyyəli tərəfdaşlıq prinsipinə xüsusi önəm verir. Bu mövqe dünyanın aparıcı dövlətləri, qurumları tərəfindən də nəzərə alınır və təqdirlə qarşılanır.
Çünki hazırda beynəlxalq səviyyədə müstəqil və heç kimdən asılı olmayaraq milli maraqlara əsaslanan siyasət yürüdən ölkələrin sayı elə də çox deyil. Xüsusilə Azərbaycanın da yerləşdiyi geosiyasi məkan daxilində.
Bizi birləşdirən dəyərlər
Bu münasibət özünü Bakı-Vaşinqton tərəfdaşlığında da göstərir. III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Prezident İlham Əliyevin Donald Tramp dönəmində ikitərəfli münasibətlərə dair səsləndirdiyi fikirlər Azərbaycan-ABŞ əlaqələrinin mövcud durumuna aydınlıq gətirir. Dövlət başçısının Ağ Ev rəhbəri ilə bağlı fikirləri iki ölkəni birləşdirən dəyərlər və qarşılıqlı maraqların ortaq nöqtələrinin hansılar olduğunu bir daha göstərir. “Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir”, - Prezident İlham Əliyev bildirib. Göründüyü kimi, Azərbaycan da dünyada münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə əməli fəaliyyətləri ilə dünyaya nümunədir. İsrail-Suriya, Türkiyə-İsrail, daha əvvəl isə Rusiya-NATO və Rusiya-ABŞ arasında gərginliklərin azaldılması ilə bağlı danışıqlar məhz Bakının vasitəçiliyi ilə təşkil olunub. Digər bir məqam isə bu gün beynəlxalq səviyyədə həyəcan təbili çalınan ənənəvi ailə modelinin qorunmasına iki ölkə liderinin oxşar mövqedən yanaşmasıdır.

Dünya siyasətində nadir görülən hadisə
Prezident İlham Əliyev çıxışında Azərbaycanın keçmiş administrasiya ilə yaşadığı gərginliklər və ölkəmizə qarşı təbliğatın əsas ruporları olan təşkilatlarla mübarizədə Trampın fəaliyyətinə də toxunub. “Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı bildirib ki, ABŞ və Azərbaycan normal münasibətlərə qayıdır: “İndi biz hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialı görürük. Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir”. Rəsmi Bakı ümid edir ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşıb. Ağ Ev rəhbərinin bu addımı Azərbaycan liderinə, onun siyasətinə münasibətinin göstəricisi kimi dəyərləndirilir. Qeyd edək ki, dünya siyasətində bu cür hadisələr çox nadir baş verir. Xüsusilə də söhbət dünyanın supergücü olan bir dövlətin rəhbərindən gedirsə...

Prezident İlham Əliyev də bu münasibəti dəyərləndirib. O, Donald Trampa öz sosial şəbəkə hesabında onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib. “Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm”, - Azərbaycan Prezidenti bildirib.
Avropa da səhvlərini anlayır
Bakı-Vaşinqton münasibətlərində yaşanan müsbət dinamika özünü Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrində də göstərməyə başlayıb. Aİ Azərbaycanı enerji təhlükəsizliyinin təminində özünün mühüm strateji tərəfdaşı kimi qəbul edir. Mövcud reallıq, Qarabağ münaqişəsinin sona çatması və Ermənistanla sülh danışıqlarında müşahidə edilən müsbət məqamlar Avropanı da Bakı ilə qarşılıqlı münasibətlərdə yol verdiyi səhvlər barədə düşünməyə vadar edir. Təbii ki, bu səhvlərin əksəriyyəti tarixi qələbəmizdən sonra Ermənistan üzərindən Azərbaycana qarşı həyata keçirilən təxribatçı fəaliyyətlərlə bağlıdır. Lakin bu fəaliyyətlərin nəticəsiz qaldığını, əksinə, Aİ-nin özünün maraqlarına zidd olduğunu elə avropalı deputatlar etiraf edirlər. Almaniya üçün Alternativin (AfD) Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbərinin müavini, İnsan Hüquqları Komitəsinin koordinatoru Tomaş Fröhlix bildirir ki, Ermənistanın Aİ-yə daxil olması hazırda tamamilə qeyri-realdır. “Mən bunu Ermənistana böyük rəğbət bəsləyən şəxs kimi deyirəm”, - deyə o, Avstriyanın “Auf1” portalı üçün yazdığı məqalədə bildirib. Fröhlix Ermənistanın üzvlüyünün Aİ-nin strateji maraqlarına zidd olduğunu belə izah edib: "Bu, digər məsələlərlə yanaşı, Azərbaycanın Aİ üçün mühüm rol oynaması ilə bağlıdır. Aİ-nin Azərbaycanla ümumi maraqları var, xüsusən də Rusiya faktiki olaraq enerji təchizatçısı olmaqdan çıxdıqdan sonra. Bu kontekstdə Azərbaycan qismən öz yerini tutub və onun Brüssel üçün əhəmiyyəti artıb". AfD nümayəndəsi vurğulayıb ki, Aİ-nin Ermənistanla Azərbaycanın zərərinə yaxınlaşması “son dərəcə az ehtimaldır” və “sadəcə qeyri-realdır”.

“Azərbaycan xalqının bizdən istədiyini edirik”
Yeri gəlmişkən, Şuşa Forumunda Prezident İlham Əliyev də Azərbaycanın Aİ ilə münasibətlərinə toxunub. “Biz öz həyatımızı yaşayırıq, öz iradəmizi təlqin etmirik. Biz avropalılara özünü necə aparmağı, necə evlənməyi və necə yeməyi öyrətmirik. Lakin eyni münasibəti də özümüz üçün istəyirik. Biz hörmət istəyirik. Biz istəyirik həyatımıza, torpağımıza anlayışla yanaşsınlar və biz Azərbaycan xalqının bizdən istədiyini edirik. Beləliklə, səmimi desək, biz Avropada ictimai rəyə təsir göstərmək səylərimizi də artıq kənara qoymuşuq. Biz bunun vaxt itkisi olduğunu düşünürük”, - dövlət başçısı bildirib.
Prezident İlham Əliyevin də bəyanatından göründüyü kimi, Azərbaycanın artıq hansısa qurumda, təşkilatda özünə qarşı olan münasibəti dəyişməyə ehtiyacı yoxdur. Çünki Azərbaycan güclü, müstəqil və özünü tamamilə təmin edən bir ölkədir. Bakı ilə əməkdaşlıqda maraqlı olanlar üçün qəbul etməli olduqları ən mühüm reallıq da məhz budur: güclü, müstəqil Azərbaycan dövləti. ("Kaspi" qəzeti)
Şərhlər