İraq Kürdüstanı: Yaxın Şərqin yüksələn regionu, PKK-nı məğlub edən kürdlər
Tarix: 17-07-2023, 23:46
Baxılıb: 216
Google+ Paylaş
Tumblr Paylaş

İraq Kürdüstanı: Yaxın Şərqin yüksələn regionu, PKK-nı məğlub edən kürdlər

17-07-2023, 23:46

İraq Kürdüstanı: siyasi hərəkatlardan geniş muxtariyyətə
İraq Kürdüstanı son bir əsrdə Yaxın Şərqin ən aktiv ictimai-siyasi proseslərinin cərəyan etdiyi regionlarından biri olub. Bölgədə hələ ötən əsrin 20-ci illərində başlayan müxtəlif siyasi hərəkatlar 70-ci illərdə kürd muxtariyyətinin tanınmasınadək təkamül edib. Lakin İraq Kürdüstanına demokratik azadlıqların gəlməsi üçün əlavə 20 il də lazım olub. Mərkəzi hakimiyyətlə muxtariyyətin razılaşdırılmasına baxmayaraq, ötən 20 il ərzində İraqın digər bölgələrində mövcud olan repressiv ictimai-siyasi vəziyyət İraq Kürdüstanında da hökm sürüb. Lakin burada vəziyyət Səddam Hüseynin məğlubiyyəti ilə bitən Körfəz müharibəsindən sonra dəyişməyə başlayıb. 1991-ci ildə Səddam əleyhinə başlayan üsyanlardan sonra ABŞ və müttəfiq qüvvələr kürd qaçqınların qorunması məqsədilə “Hüzur Təminatı Əməliyyatı” başladaraq İraqın böyük bir hissəsini uçuşa qadağan zona elan ediblər, lakin kürdlərin yaşadığı bölgələrdə bu məhdudiyyət tətbiq edilməyib.

Qanlı toqquşmalardan sonra nəhayət 1991-ci ilin oktyabrında mərkəzi hakimiyyət öz qüvvələrini bölgədən çəkib və nəhayət İraq Kürdüstanı de-fakto müstəqil siyasət yürütməyə başlayıb. 1996-cı ildən sonra isə mərkəzi hakimiyyətlə əldə edilmiş razılaşmalar nəticəsində regionda iqtisadi rifah yaxşılaşmağa başlayıb.
ABŞ tərəfindən işğal edilməsindən sonra, 2005-ci ildə qəbul edilmiş İraqın yeni konstitusiyası ilə ölkədə federal idarəçilik üsulu qəbul edilib və Ərbil, Süleymaniyə və Duhok vilayətlərinin daxil olduğu Kürdüstan da bu federal regionlardan biri kimi tanınıb. Yeni konstitusiya eyni zamanda, Kürdüstan Regional Hökumətinin (KRH) 1992-ci ildən sonra qəbul etdiyi qərarları da tanıyıb.
İraq Kürdüstanının iqtisadiyyatı
İraq Kürdüstanının iqtisadiyyatını əsasən neft sənayesi, kənd təsərrüfatı və turizm təşkil edir. Regionun İraqın ümumi neft ehtiyatlarının 20%-nə sahib olduğu bildirilir. Bölgədə uzun müddətdir ki, nisbi sabitliyin və təhlükəsizliyin hökm sürməsi iqtisadiyyatın inkişafına, investisiya layihələrinin həyata keçirilməsinə şərait yaradıb. Nəticədə adambaşına düşən gəlir İraqın digər bölgələri ilə müqayisədə 3 dəfəyədək çox olub. Onlarla ölkədən xarici neft şirkətləri ilə bağlanmış müqavilələrə əsasən, regionun neft sektorunda hazırda Norveç, Kanada və ABŞ şirkətləri də fəaliyyət göstərirlər. Bundan başqa, İraq Kürdüstanı hazırda 4 xüsusi iqtisadi zonaya malikdir. Bunlardan bəzilərində Yaxın Şərqin ən böyük dərman istehsalı, qida sənayesi zavodları fəaliyyət göstərir. Bununla belə, İraq Kürdüstanının malik olduğu böyük neft və qaz yataqlarının istismarı məsələsi həm mərkəzi hökumətlə, həm də ərəblər və kürdlər arasında bir sıra ixtilaflara səbəb olub, bəzi hallarda qanlı toqquşmalar baş verib. Lakin bu ilin 4 aprelində KRH Baş naziri Məsud Bərzaninin OPEC-in vasitəçiliyi ilə Bağdada səfər edərək İraq Baş naziri Məhəmməd əl-Sudani ilə müzakirə etdiyi razılaşmanın tərəflər arasındakı 20 ildir davam edən anlaşmazlığa son verməsi gözlənilir. Tərəflərin məsuliyyətini müəyyənləşdirən bu razılaşmanın əldə edilməsindən sonra həm İraq Kürdüstan regionu, həm də bütün İraq üçün uzunmüddətli iqtisadi sabitlik yarana bilər.
KRH-nın beynəlxalq əlaqələri
Sürətli iqtisadi inkişaf tempinə və siyasi sabitliyə malik İraq Kürdüstanı mərkəzi hakimiyyətdən müstəqil xarici siyasət yürütməyə çalışır. KRH-nin hazırda 14 ölkədə nümayəndəliyi mövcuddur. Regionun paytaxtı olan Erbildə isə hazırda 30 ölkənin diplomatik missiyası fəaliyyət göstərir. Türkiyə İraq Kürdüstanın ən yaxın iqtisadi-siyasi əlaqələrə malik olduğu ölkələr arasındadır.
Bu günə kimi Türkiyədən Kürdüstana 5 milyard dollar məbləğində investisiya yatırıldığı bildirilir.
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Türkiyəyə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində iştirak etməsi isə tərəflər arasında yaxşı əlaqələrin mövcud olduğunu göstərir.
Təbii olaraq, İraq Kürdüstan Regionu ilə Azərbaycan arasında da yaxşı münasibətlər mövcuddur. Belə ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub. Həmin görüşdə Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Bərzani həmçinin Türkiyə və Azərbaycanla birlikdə üçtərəfli əməkdaşlıq layihələrinə baxıla biləcəyini də qeyd edib. Prezident İlham Əliyev də İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial olduğunu qeyd edib. Dövlət başçısı biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərinin nəzərdən keçirilməsinin mümkünlüyünü vurğulayıb.
Azərbaycanla İraq Kürdüstan regionu arasında turizm əlaqələri də mövcuddur.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın İraqın mərkəzi hakimiyyəti ilə çox yaxın siyasi-iqtisadi münasibətləri var. Bu il Azərbaycanla İraq arasındakı diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü tamam olub. Ümumilikdə, Azərbaycan və İraq respublikaları arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. Son illərin iqtisadi statistikası isə Azərbaycanın İraqdan idxalı kəskin artırdığını, həmçinin İraqın Azərbaycandan ən çox qida məhsulları idxal edən ölkələr arasında olduğunu göstərir.
Bundan başqa, həm Azərbaycan, həm də İraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tam şəkildə tanıyır və dəstəkləyir.
İraq Kürdüstanı PKK, İŞİD və digər terror qruplaşmalarına qarşı
İraq konstitusiyasına görə, İraq Kürdüstan Regionunun təhlükəsizliyinə cavabdeh olan peşmərgə qüvvələri Yaxın Şərqin bir sıra terror qruplaşmalarının fəaliyyətlərinin məhdudlaşdırılmasında önəmli rola malikdir. Peşmərgə xüsusilə də PKK və İŞİD terror qruplaşmalarına qarşı mübarizədə aktiv iştirak edir, onlara ciddi itkilər verdirir.
İraq Kürdüstan Regionu ilə PKK arasındakı münaqişələr bir neçə dəfə ciddi toqquşmalar səviyyəsinə də qalxıb. Bu qarşıdurmada PKK “partizan” döyüş taktikalarından, “vur-qaç” taktikasından istifadə edir, zərbə endirdikdən sonra qaçaraq dağlarda və ucqarlarda gizlənir.
PKK ilə hazırda da İraq Kürdüstan Regionunda iqtidarda olan Kürdüstan Demokratik Partiyası (KDP) arasındakı toqquşmaların tarixi hələ 80-ci illərə gedir. 70-ci illərin sonunda Türkiyədə ağır məğlubiyyətə uğradılmış PKK terrorçuları Suriyaya və İraqa sığındıqdan sonra 80-ci illərin ortalarından KDP-dən Kürdüstan regionunda nəzarət etdiyi bir sıra əraziləri istəyib və nəticədə tərəflər arasında münasibətlər daha da gərginləşib.
90-cı illərinin ortalarında İraq Kürd Vətəndaş Müharibəsi zamanı Cəlal Tələbaninin Kürdüstan Vətənpərvərlər Partiyası (KVP) ilə nisbətən yaxşı əlaqələri olan PKK peşmərgə qüvvələrinə, həmçinin KDP üzvlərinə hücumlara başlayıb. Vətəndaş müharibəsi bitdikdən sonra isə terror qruplaşması Qandil dağlarına çəkilib. Tərəflər arasında mübarizədə Türkiyə PKK-ya qarşı KDP-ni dəstəkləyib, hətta KDP-nin tərəfindən toqquşmalara müdaxilə edib. Türkiyə həmçinin KVP-yə PKK ilə əməkdaşlığı dayandırmaqla bağlı xəbərdarlıq edib. 1997-ci il 25 sentyabrında Ankara KDP və KVP arasında atəşkəsə nail olmaq, həmçinin PKK düşərgələrini məhv etmək məqsədilə “Şəfəq Əməliyyatı”nı başlayıb. Əməliyyat çərçivəsində minə yaxın terrorçu neytrallaşdırılıb. Aparılan danışıqlardan sonra isə KVP lideri Cəlal Tələbani PKK-dan silahı yerə qoymasını və ya İraqı tərk etməsini tələb edib.
2000-ci ildə PKK-nın lideri Abdullah Öcalanın həbsindən sonra isə PKK və KVP arasında toqquşmalar baş verib. PKK 2015, 2020 və 2022-ci illərdə isə KRH-Türkiyə neft kəmərinə hücum edib. 2014-cü ildə İŞİD-ə qarşı mübarizə zamanı PKK peşmərgəyə arxadan zərbə endirib, boşluqlardan yararlanaraq İraq Kürdüstan Regionunun bəzi bölgələri ələ keçirib. KRH-nin məlumatına görə, PKK 2015-ci ildə Kürdüstan regionunun 515 kəndini işğal edib. 2021-ci ildə isə Məsud Bərzani kürd rəsmilərinin PKK-ya görə, 800 kəndin bərpasını həyata keçirə bilmədiklərini deyib. 2021-ci ildə isə PKK 5 peşmərgə döyüşçüsünü Duhokda pusquya salaraq qətlə yetirib.
Xülasə
İraq Kürdüstanı bütün təhlükəsizlik problemlərinə baxmayaraq, sadəcə İraqın deyil, Yaxın Şərqin yüksəlməkdə olan bölgələrindən birinə çevrilir. Əlverişli iqtisadi imkanlara, təbii sərvətlərə, zəngin mədəni-tarixi irsə malik region sadəcə daxili çağırışlara deyil, beynəlxalq əlaqələrə də diqqət ayırır, xarici investorları ölkənin potensial iqtisadi sahələrinə sərmayə qoymağa çağırır. Bütün bunları nəzərə alaraq, regionun təhlükəsizliyinə önəmli töhfələr verən, PKK və İŞİD kimi terror təşkilatlarının yayılmasının qarşısını alan Kürdüstan Regional Hökuməti ilə əlaqələrin inkişaf etdirilməsi necə ki, Türkiyə üçün, eləcə də Azərbaycan üçün önəmlidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ