Bakıətrafı bir sıra ərazilərdə vətəndaşlar havaların isinməsi ilə suyun fasilələlə verildiyini iddia edirlər. Bu isə onların narazılığına səbəb olur. Belə ki, bəzi Bakıətrafı qəsəbələrdə içməli su günün müəyyən saatlarında verilməyə başlayıb. Vətəndaşların sözlərinə görə bu məsələ onların gündəlik fəaliyyətlərində çətinliklər yaradır.
Vətəndaşları narahat edən problemin nədən ibarət olduğunu öyrənmək üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Referans.az-a açıqlamasında bildirib ki, yeni qrafikin tətbiqinə başlanılıb.
A.Cəbrayıllı bildirib ki, ölkədə hazırda suyun verilməsində iki rejim tətbiq edilir. Bunlar qış və yay rejimləridir.
"Texniki imkanların və su həcmlərinin az olduğu ərazilərdə yay rejiminə keçidlə bağlı fasiləli rejim tətbiq olunur. Bunlar əsasən Bakıətrafı ərazilər, qəsəbələr, yeni yaşayış massivləridir. Bu ərazilərdə suyun verilişi qrafiki fasilələrlə həyata keçirilir. Hətta Xətai və Binəqədi rayonun bəzi ərazilərində də gecə saatlarında anbar ehtiyatlarının toplanması məqsədilə suyun azaldılması öz həllini tapacaq" qurum sözçüsü deyib.
A.Cəbrayıllı onu da vurğulayıb ki, ötən il "Azərsu" ASC yay rejiminə su ehtiyatları az olduğundan fevral ayından keçsə də, bu il may ayından keçib. O, suyun verilmə rejimlərinin fərqli olduğunu bildirib.
"Qış mövsümündə elə ərazilər var ki, ora su 24 saat fasiləsiz verilir. Amma bəzi ərazilərdə suyun verilməsi gecə saatlarında dayandırılır. Anbar ehtiyatları toplanılır. Bəzi ərazilər də var ki, qışda 12 saat su verilirdisə, yayda 8 saat su verilir" - Anar Cəbrayıllı bildirib.
O, Nizami rayonunda və Xətainin bəzi küçələrinə verilən suyun təzyiqinin gecə saatlarında azaldıldığını təsdiqləyib: "Gündüz saatlarında mərkəzi anbardan daha böyük məhsuldarlığı olan aqreqatlar işləyir. Gecə saatlarında isə kiçik məhsuldarlı aqreqatlar işləyir. Xəttimizdə su olduğundan, həyət evləri və aşağı mərtəbələrdə su olur. Amma gecə saatlarında suyun verilişi azaldılır".
Anar Cəbrayıllı son olaraq vurğulayıb ki, problem yay aylarında suya tələbatın artması ilə əlaqədardır.
