Azərbaycan ailə modeli: Onlar bizim düşmənimizdi... - "Uşaq kimdir ki, nəyin yaxşı, nəyin pis olduğunu bilsin" - Sosioloq SƏRT DANIŞDI
Tarix: 1-08-2024, 13:22
Baxılıb: 152
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan ailə modeli: Onlar bizim düşmənimizdi... - "Uşaq kimdir ki, nəyin yaxşı, nəyin pis olduğunu bilsin" - Sosioloq SƏRT DANIŞDI

1-08-2024, 13:22

Ata övladlarının gözündə istəkləri yerinə yetirən, cəsarətli, qorxmaz olur. Uşaqlar çox zaman düşünürlər ki, ananın edə bilməyəcəyi hər şeyi ata onun üçün edə bilər.

Uşaqlarda ataya qarşı hörmətlə yanaşı, qorxu da olur. Hörmət valideyn və övlad arasında pərdəni qoruduğu halda arada olan qorxu hissi uşağı səhv addımlar atmağa sürükləyə bilər. "Atama deməyin, atam bilməsin" deyə-deyə atılan addımlar uşağı çıxa bilməyəcəyi çətinliklərin məngənəsinə sala bilər ki, sonra ata da övladını bu çətinliklərdən çıxarmaqda aciz olar. Uşaqların səhv addımlar atmasının qarşısını almaq üçün ata ilə övlad arasında olan qorxu hissini dürüstlük və sevgi ilə əvəz etmək lazımdır.


Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı Referans.az-a verdiyi açıqlamada Azərbaycan cəmiyyətində ata modelindən danışıb.




“Son dövrlərdə normal ata modeli ortadan qalxıb, əvəzinə bizə aparılan təbliğatlar nəticəsində aldadılmış cəmiyyətimiz elə qəbul edib ki, ata uşaqlara heç bir söz deməməli, tənbeh etməməlidir. Sərbəstlik, müstəqillik verməlidir və guya bu zaman uşaq azad və xoşbəxt böyüyür. Biz bunun dəhşətli nəticələrini son 20-30 ildə müşahidə etdik. Bu onu göstərir ki, min illərdi formalaşmış tərbiyə sistemini dağıtmaq necə ağır faciələrə səbəb olur. Bütün bu müasir dəyərlər, sərbəstlik və s. uşağın inkişafına “müsbət” təsir edən nüanslar bizə yad dəyərlərin təbliğatı idi”.


Sosioloq bildirir ki, normal ailə modelinin nə olduğunu keçmiş ailələrlə hazırki ailələri müqayisə edərək görə bilərik. Həmin dövrlərdə mövcud olan ailələrin necə mükəmməl insanlar yetişdirməsi də bunun bariz nümunəsidir.


“Normal ailə modelində, burada söhbət azərbaycanlı ailə modelindən gedir, atanın müəyyən bir ağırlığı olmalıdır, uşaqlar ondan çəkinməlidir. Təbii ki, ata uşağına vaxt ayırmalıdır, qayğısını da çəkməlidir amma uşağın üzərində çox ciddi nəzarət də etməlidir, yeri gələndə tənbeh etməli, səhvlərdən çəkindirməlidir və atanın bir sözü iki olmamalıdır. Təbii ki, söhbət normal atadan gedir, hansısa pis vərdişləri olan, aludəçi, özünü idarə edə bilməyən ataya aidiyyatı yoxdur bu məsələnin. Ayağı ayaq üstünə aşırıb oturmaq, ataya cavab qaytarmaq və s. hərəkətlər atanı saymamağın göstəricisidir. Uşaq da atanın hər dediyinə qulaq verməlidir, ata bunları onun yaxşılığı üçün edir. Uşaq kimdir ki, nəyin yaxşı, nəyin pis olduğunu bilsin. Bunun əksini təbliğ edənlər Azərbaycan xalqının düşmənləridir”.


Psixoloq Aytən Ələkbərova isə qeyd edib ki, normal ailə, ata, ana modelinin övladın fərd kimi formalaşmasında, sağlam düşüncə sahibi olmasında böyük rolu var.




“İlk növbədə qeyd etmək istəyirəm ki, valideynlər arasında yaranan problemlər ilk olaraq onların övladlarına təsir edir. Hətta belə uşaqlar intihara belə addım atmağı düşünürlər. “Bu ailədə niyə varam? Məni istəmirdilərsə, mən niyə dünyaya gəldim?” və s. kimi fikirlər onları düşündürür. Ailələrdə boşanma, ayrılıq çox vaxt övladlara yük olur. Onlar böyüsə də, ailə qurmaq mərhələsinə çatsa da, bu nüansdan hər zaman utanırlar. Düşünürlər ki, mən evlənəcəyim adama necə deyim atam məni atıb gedib. Buna görə də normal ailə, ata, ana modelinin övladın fərd kimi formalaşmasında, sağlam düşüncə sahibi olmasında böyük rolu var”.


Psixoloq vurğulayıb ki, normal ailə anlayışının formalaşması üçün ata və ananın hər birinin ailədə öz rolunu ifa etməsi önəmlidir. Ananın özünü ata kimi aparması, atanın da ana rolunda olması ailəni yavaş-yavaş məhv edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ