Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 250 nikah və 10 430 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Çin hökuməti isə evlilik və doğum nisbətlərinin azalması ilə bağlı mübarizəni davam etdirir. Ölkə məsələnin həlli üçün universitetlərdə "evlilik" fakültəsi açmaq qərarına gəlib. Payızda açılması planlaşdırılan şöbə nikahla əlaqəli sənayeləri və mədəniyyəti inkişaf etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Çində gənclərin evlənməkdən çəkinmələrinin səbəbi iş imkanlarının pisləşməsi və istehlakçı inamının azalmasıdır.
Azərbayacanda evlənənlərin sayının azalmasına səbəb nələrdir? Və yaxud da gəncləri bir damın altında yaşamamağa nə vadar edir, onlar evlilik məsuliyyətindən niyə qorxurlar?
Mövzu ilə bağlı Referans.az-a sosioloq Elvin Abdullayev danışıb. Ekspert bildirib ki, insanlar artıq nikah haqqında sənədin əhəmiyyətli olduğunu düşünmürlər: "Gənclər düşünür ki, bir yerdə yaşamaq üçün kağız parçasının olması vacib deyil. Ola bilər ki, evlənməmək qadın və kişinin bir- biri ilə həyatlarını bölüşməmək istəyindən də qaynaqlanar. 20 il bundan əvvəl boşanmaların sayı artmağa başladı, indi bunun fəsadlarını görürük. Aiilə tamlığı olmadığı üçün ana- atası boşanmış uşaqlar valideynlərindən gördüklərini edirlər. Ailə ilk sosial mühitdir. Belə uşaqları dəyişdirmək çətindir. Onlarla müəyyən konsultasiyalar, dəstək aparılmalıdır".
"Ailənin mövcud olması üçün cütlüklər tərəfindən ailə planlaması olmalıdır. Doğru planlama olmadığı zaman problemlər çıxacaq. Azərbaycanda evlilik kurslarının açılması yaxşı olar. Valideynlik kursu da açılmalıdır. Sığınacaq uşaqlarla doludur. İnsanların doğru həyat yoldaşını seçməklərini öyrənmələri müsbət yanaşmadır",
Ekspert bildirib ki, evliliklərin çoxalması istiqamətində efirdən yayımlanan proqramlara müsbət baxmır: "İnsanları öyrətməliyik ki, öz problemlərini özləri həll etməyi bacarsınlar. Proqramlar daha çox insanların br- birini tapıb, evlənmələri üzərində qurulub. Bunu bir az da şouya çevirirlər, insanlardan istifadə edirlər. Şəxsi olaraq belə proqramlara baxışım yaxşı deyil".