Üstü abad, altı bərbad – Bakını kim xilas edəcək?
Tarix: Dünən, 12:24
Baxılıb: 50
Google+ Paylaş
Tumblr Paylaş

Üstü abad, altı bərbad – Bakını kim xilas edəcək?

Dünən, 12:24

Dünən mediada, xüsusilə də sosial şəbəkələrdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ünvanına xeyli tənqidi qeyd vardı. Bu gün də var və bu, təbiidir.
Bu tənqidlərin bir səbəbi ötən həftənin üçüncü günü paytaxtı basmış sel-su, yaranmış gölməçələr və axmazlar idisə, o biri səbəb Bakı rəhbərinin dünən mediaya verdiyi açıqlamadır.
E.Əzizov qeyd edib ki, güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmalıdır.
Bu, insanlara əlacsızlığın etirafı kimi görünür. Yəni bir də leysan olsa, Bakı hökuməti yenə heç nə edə bilməyəcək, əlac təhlükəli yerlərə nəqliyyat vasitələrini buraxmamağa qalır.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, bu gün paytaxtın problemlərinə cavabdeh olan şəxs kimi yaxası əldə qalan Əzizovdan çox həmin vəzifədə işləyən Hacıbala Abutalıbovun və rəhmətlik Rafael Allahverdiyevin də şəhərin bu durumu üçün məsuliyyət payı var.
Əzizovun nasos stansiyalarnını həddindən artıq yüklənməsi boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirməsi barədə dedikləri doğrudur və çox adam bilir ki, gerçəkdən də şəhər infrastrukturu, ilk növbədə kanalizasiya sistemi yenilənməlidir.
Müstəqillik dövründə, son 30 ildə paytaxta başçılıq edən şəxslər vaxtında təsirli tədbirlər görməli idilər, kanalizasiya sistemini də yeniləməliydilər, yol ötürücülərinin axıntı yollarını da abadlaşdırmalı idilər.
Sovet dövrünün yerüstü Bakısı ilə indiki Bakının arasında azı 10 dəfə fərqi var. Yerlatı Bakı isə həmin həmindir. Başqa sözlə, paytaxtımızın üstü abad, altı bərbaddır. 35-40 il öncə Bakı qapalı şəhər idi, paytaxt əhalisinin artmasının qarşısı süni şəkildə, yasaqlarla alınırdı. Müstəqillik dövründə bu yasaq aradan götürüldü və paytaxt hava şarı kimi şişdi. Kanalizasiya sistemi isə milyon yarımlıq şəhər üçün nəzərdə tutulduğu kimi qaldı.
Hazırda Bakıətrafı qəsəbələr də paytaxtın ümumi ansamblına qoşulub, bir metr boş yer, asfaltlanmayan, betonlanmayan yer qalmayıb. Böyük bir əraziyə yağan yağışlar torpağa hopmur, asfalt üzərində axıb küçələri kanala döndərir, sonra bir çuxura dolub göllər əmələ gətirir. Şəhərin yeraltı kanalları bu qədər suyu nəql edə bilmir.
Ona görə də yağış və kanalizasiya sistemləri modernləşdirilməlidir. Buna isə külli miqdarda vəsait, vaxt, enerji, diqqət lazımdır. Əgər şəhər təsərrüfatının rəhbərlərindən, əlaqədar strukturlardan kanalizasiya sisteminin modernləşdirilməsinə nə qədər vəsait lazım olduğunu soruşsaq, “minimum 1 milyard” deyəcəklər.
Bu, bir qaydadır, son illərdə bütün iri layihələrin smeta dəyəri fantastik miqdarda olur və ictimaiyyət haqlı olaraq şübhəyə düşür ki, həmin vəsaitin mühüm bir hissəsi işi görənlər tərəfindən mənimsənilir.
Bu, korrupsiya deməkdir. Korrupsiya olan yerdə isə heç vaxt keyfiyyətli iş olmaz, problemlər tam həll olunmaz. Bu, “iki üstəgəl iki” düsturunun cavabı qədər sadə məsələdir.
Böyük fransız yazıçısı Viktor Hüqonun “Səfilər” romanında Paris kloakasının labirintindən bəhs olunur. Bu şəhərdə hələ antik dövrlərdə kanalizasiya sistemi olub, sonrakı əsrlərdə daha da təkmiləşdirilib. Hazırda Parisin yeraltı kanallarının uzunluğu 2500 kilometrdir.
parrris.JPG (154 KB)
               Paris kanalizasiyası - 1861-ci (min səkkiz yez altmış birinci) il
Şəhərə yağın yağışlar və şəhərin özünün çirkab suları şəhərətrafı ərazilərdə yerləşən çökmə gölməçələrinə və Aşerdəki təmizləyici qurğuya göndərilir. Drenajların özlərinin yığılmış qum və zibildən təmizlənməsi 19-cu əsr texnologiyalarından istifadə etməklə həyata keçirilir, çünki təhlükəsizlik baxımından yeraltı şəraitdə elektrik enerjisindən və müasir texnologiyadan istifadə olunmur. Təmizləmə xüsusi yuyucu çənlərin açılması zamanı yaranan güclü su axını sayəsində baş verir.
Başqa meqapolislərdə də fəlakət səciyyəsinə çatan təbiət hadisələrinin – güclü leysanların, daşqınların fəsadlarını minimuma endirmək üçün tədbirlər görülüb və görülür.
Çünki qədim dövrlərdən bəri toplu şəkildə yaşayan insanları narahat edən sellər və daşqınlar son illərdə müşahidə olunan iqlim dəyişiklilərinin nəticəsində daha intensiv xarakter alıb. İndi dünyanın hər tərəfində şəhərləri, yaşayış massivlərini su basır. Kənd yerlərində belədir ki, suyun bir hissəsi torpağa hopur, bir hissəsi köhnə çay yatağına, kanal və arxlara, qobulara axır, göllərə dolur. Şəhərlərdə isə su küçələrə, çökək yerlərə yığılır, ona görə də problem daha böyük olur.
Bu aylarda Bakıya yenə yağış yağacaq. Ona hazırlaşmaqla yanaşı, yaxın illərdə vəziyyəti kardinal şəkildə dəyişmək üçün fikirləşmək, planlar tərtib etmək lazımdır. Məsuliyyət daşıyan şəxslər əl-qollarını salıb otursalar, Bakı batacaq.
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ