28 May 1918-ci ildə Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu müstəqillik gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, 1991-cil ildə SSRİ-nin süqutu ilə Azərbaycan xalqı ikinci dəfə azad nəfəs almağa başladı. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək müstəqilliyini yenidən bərpa etdi. Bu tarixdən bəri Azərbaycan gənc dövlət olsa da, qədim tarixə və zəngin mədəniyyətə sahib bir xalqın müasir davamıdır. Müstəqillik Günü yalnız tarixi bir fakt deyil, bu gün həm də millət olaraq kimliyimizi, dəyərlərimizi və gələcəyə olan ümidimizi təcəssüm etdirir.
Bununla bağlı Publika.az-a açıqlama verən hüquq elmləri doktoru, professor, görkəmli hüquqşünas Məhəmməd İmanlının sözlərinə görə, məhz bu gün Azərbaycan xalqının, gələcək nəsillərimizin və dövlətimizin taleyi ilə bağlı böyük əhəmiyyət daşıyır:
“107 il əvvəl, 1918-ci ildə, Azərbaycan Şərqdə ilk demokratik müsəlman dövlətini qurmağa nail oldu. Həmin dövrdə dünyada imperialist güclərin ölkələri bölüb öz təsiri altına aldıqları bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması olduqca mühüm və nadir bir hadisə idi. Bu, tarixdə dövlətçiliyin bərpası baxımından olduqca az rast gəlinən hadisələrdən biridir.
1828-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan xalqı öz müstəqil dövlətini, sərhədlərini və rəsmi bayrağını qəbul edə bildi. Bu, gələcək nəsillər üçün nümunə olacaq və onların bu yolda çəkdikləri zəhmət heç vaxt unudulmayacaq.
Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra parlament ilk dəfə toplaşaraq müstəqil qərarlar qəbul etdi. Cəmi 23 ay ərzində dövlətçiliyin əsasları quruldu: Milli Ordu yaradıldı, Ədliyyə Nazirliyi təsis olundu, qanunvericilik qəbul edildi, təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti yaradıldı”.
Professor qeyd etdi ki, bu nailiyyətlər olduqca çətin şəraitdə, Cümhuriyyətin qurucuları olan ulu babalarımızın həyatlarını riskə ataraq atdıqları addımlar sayəsində mümkün olub:
“Sonrakı dövrlərdə, xüsusən 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası zamanı bu tarixi təməl vacib rol oynadı. Naxçıvan Muxtar Respublikası SSRİ-yə qarşı mövqe göstərərək Milli Məclis yaratdı, referendumda iştirak etmədi və müstəqillik kursunu dəstəklədi.
1998-ci ildə Ulu Öndər Heydər Əliyev Cümhuriyyətin 80 illiyi münasibətilə mühüm qərarlar qəbul etdi və həmin hadisələr təntənəli şəkildə qeyd edildi. O, müstəqillik aktının hüquqi qüvvəyə minməsini təmin etdi. Hazırkı dövrdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir.
2018-ci ildə Cümhuriyyətin 100 illiyi yüksək səviyyədə qeyd olundu, 2021-ci ilin 15 oktyabr tarixində isə Milli Məclis Respublika Gününün adını dəyişdirərək, 28 Mayı rəsmi olaraq Müstəqillik Günü elan etdi. Azərbaycan Xalq Cümhuriyyət xalq hakimiyyətinə, bərabərliyə və demokratik azadlıqlara əsaslanırdı. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi və bu gün Azərbaycanın dünya miqyasında tanınan dövlətə çevrilməsi hazırkı rəhbərliyin səyləri nəticəsində mümkün olub. Nəhayət, uzun illərdən sonra torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz tam bərpa olundu”.