“Toyota Prius” ətrafında şayiələr - qadağalar hazırlanır
Tarix: 2-11-2022, 10:04
Baxılıb: 188
Google+ Paylaş
Tumblr Paylaş

“Toyota Prius” ətrafında şayiələr - qadağalar hazırlanır

2-11-2022, 10:04

Artan qəzaların səbəbi “Prius”larla bağlıdır, yoxsa təcrübəsiz sürücülərlə?

“Əməkdaşımızın şəxsi avtomobilini "Prius" taksi vurdu, sürücünün sürücülük vəsiqəsi yox, icbari sığortası yox... Bugünlərdə isə şirkətimizin xidməti avtomobilini yenə də “Prius” taksi vurdu və yenə də sürücünün nə sürücülük vəsiqəsi var idi, nə icbari sığortası".
Bunu tanınmış jurnalist Azər Qəribov sosial media hesabında yazıb. “Mənim sığortamın vaxtı çatanda SMS gəlir, bir dəfə sığortasız sürdüm, paçka ilə cərimə gəldi, kamera dərhal çəkir. Bəs necə olur ki, bunları çəkmir kameralar? O kameraları kim söndürür bunlar üçün? Bunlar yollarda nəyə görə özlərini bu qədər arxayın hiss edirlər? "Azadlıq" prospektində yolu keçirdik nəvəmlə, az qala uçurtmuşdu bizi qırmızıya keçən “Yango” şirkətinin maşını. Bu qanunsuzluqlara niyə göz yumulur?", - deyə jurnalist qeyd edib.
Əsas problemlər yenə də qalır"
Elməddin Muradlı 
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı hesab edir ki, vəziyyət o yerə çatıb ki, tanınmış şəxslər də narazılıq bildirməyə başlayıblar: “Taksi operatoru şirkətləri sürücüləri istismar edirlər, yoldan keçəni işə götürürlər, sənəd, sığorta tələb etmirlər, insanların həyatını təhlükəyə atırlar. Elə təəssürat yaranıb ki, işsiz qalan taksi sürücüsü işləyə bilər. Vəziyyət təhlükəli həddədir. Taksi fəaliyyəti ilə bağlı tənzimləyici qaydalar müəyyənləşdirilməlidir. Bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşmüşük, ictimai müzakirə keçirmişik. Qanun layihəsi hazırlanır, sərt qərarlar olacaq”.
“Prius” avtomobillərinin adının yol-nəqliyyat hadisələrində daha çox hallanması ilə bağlı “Toyota Qafqaz” şirkətinin Azərbaycan üzrə direktoru Rəşad Saracov “Report”a danışıb. O da deyib ki, son dövrlərdə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayı kifayət qədər artıb. “Ancaq qəzaların səbəbi "Toyota Prius" deyil, bir az əvvəl də qeyd etdiyim kimi, bu avtomobilləri idarə edən bəzi sürücülərin təcrübəsizliyi və avtomobillərinin texniki vəziyyətinə laqeyd yanaşmalarıdır. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, ölkəyə daxil olan işlənmiş avtomobillər, həmçinin işlənmiş “Toyota Prius”lar bəzən sellər nəticəsində batmış və ya ciddi qəzadan çıxmış, bərpa olunmuş avtomobillərdir. Onların heç də hamısı texniki baxımdan sağlam vəziyyətdə olmur. Bu avtomobillərə texniki qulluq peşəkar olmayan şəxslər tərəfindən aparılır və çox hallarda avtomobillərdə saxta ehtiyat hissələrinin istifadəsi halı yaşanır. Təbii olaraq orijinal olmayan hissələr daha tez aşınır və bəzi hallarda qəzalara səbəb ola bilir. Ümumiyyətlə, avtomobil sahiblərinə tövsiyəmiz avtomobillərinin istismar müddətini uzatmaq üçün mütləq rəsmi mərkəzlərin təklif etdiyi xidmətlərdən və orijinal ehtiyat hissələrindən istifadə etmələridir. Məsələn, ola bilər ki, avtomobildə hansısa kiçik nasazlıq əmələ gəlir. Bu, ümumi gedişə hələlik təsir etmədiyi üçün sürücü servis xidmətinə müraciət etməyi gecikdirir və ya ciddi təhlükəyə səbəb olana qədər avtomobili idarə etməyə davam edir. Bu kimi laqeyd yanaşma daha ciddi fəsadlara gətirib çıxarır", - deyə o bildirib.
Bakıda taksi heç də ucuz deyil” - Eldəniz Cəfərov Pravda.az
Eldəniz Cəfərov
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə “Yeni Müsavat”a bildirib ki, taksilərlə bağlı problemin aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə ciddi riayət olunmalıdır: “Bakıda taksi fəaliyyətini Bakı Nəqliyyat Agentliyi tənzimləməlidir. Çıxış yolu nəzarəti gücləndirməkdir. Taksi operator şirkətləri sürücüləri işə götürəndə 3 şərtə diqqət etməlidir: sürücünün yaşı 21-dən, sürücülük təcrübəsi isə 2 ildən az olmamalıdır; taksi fəaliyyətinə cəlb olunan avtomobillərin üzərində nişan vurulmalıdır”.
Bəs görəsən, kiçik mühərrikli avtomobillər niyə sığortalanmır? Yeri gəlmişkən, son zamanlar bununla bağlı xeyli şikayət qeydə alınıb. Belə ki, avtomobillərin mühərrik həcmi 1500 kub/santimetrədək olan halda şirkətlər sığortadan imtina edir.
İlkin İbrahimov: Karantin dövründən sonra sığorta şirkətlərində kadrlar  azaldıla bilər
İlkin İbrahimov
Sığorta mütəxəssisi İlkin İbrahimov “Yeni Müsavat”a mövzunu şərh edərkən qeyd etdi ki, sığorta şirkətləri malus sisteminin (sığortalının hadisə törədib törətməməsindən asılı olaraq tariflərdə tətbiq edilən güzəşt və ya əlavələr) işləməməsini əsas gətirirlər: ““Bonus-Malus”un hesablanmasında dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minib. Avtomobillərin icbari sığortası üzrə tətbiq edilən yeniliklər intizamlı sürücülərin daha az, riskli sürücülər üçün isə malus əmsalı ilə daha çox sığorta haqqı hesablanmasına şərait yaradır. Bununla yanaşı, əgər əvvəl köhnə ildə baş verən sığorta hadisələrinin statistikası əsasında “Bonus-Malus” əmsalı yeni ilin yanvarın 15-də hesablanırdısa, artıq bu əmsal real vaxt rejimində hesablanacaq. Yəni dünən sığorta hadisəsi baş veribsə, sabah sığorta müqaviləsi sistemə daxil ediləndə artıq baş vermiş hadisə sığorta haqqının hesablanmasında nəzərə alınacaq. Eyni zamanda hadisə baş verməyibsə, bu da real vaxt rejimində daha az sığorta haqqının hesablanmasına təsir edəcək. Sığorta şirkətləri sığorta agentləri ilə xidməti müqavilə bağladıqdan sonra onların qarşısında qanunla müəyyən olunmayan şərt qoyur. Onlara bildirilir ki, kiçik tutumlu mühərriki olan avtomobilləri sığortalamaq mümkün deyil. Nəticədə sığorta agentləri elektron sistemə daxil olarkən orada 1500 kub/santimetrədək olan bəndin bağlı olduğunu görürlər. Bu isə istehlakçıların hüquqlarının pozulması deməkdir, çünki “İcbari sığortalar haqqında” Qanunda və Mülki Məcəllədə qeyd olunur ki, ölkə ərazisində olan bütün avtonəqliyyat vasitələri məcburi şəkildə sığortalanmalıdır". Yəni İcbari Sığorta Bürosunun üzvü olan bütün sığorta şirkətləri qeyd-şərtsiz bütün avtomobilləri sığortalamalıdır.
İcbari Sığorta Bürosunun açıqlamasında qeyd olunur ki, avtomobil vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcbari Sığortası ilə bağlı müraciət alan sığorta şirkətləri icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz: “Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə, onun bu istəyi sığorta şirkəti tərəfindən təmin olunmalıdır. Əks halla qarşılaşan vətəndaşlar (sürücülər) sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirən Azərbaycan Mərkəzi Bankına müraciət etmək hüququna malikdirlər”.
Azərbaycan Mərkəzi Bankından verilən məlumatda “İcbari sığortalar haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən icbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyin icbari sığortaların bu qanunda nəzərdə tutulan əsas prinsiplərindən olduğu bildirilir: “Həmin qanunun 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər. "Sığorta fəaliyyəti haqqında" Qanunun 3.4-cü və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Sığorta bazarında avtoicbari üzrə bəzi marka və model avtomobillərin sığortaçılar tərəfindən sığortalanmasından imtina edildiyinə dair şikayətlər Mərkəzi Banka daxil olduqda müraciət edən vətəndaşların icbari sığortalanması dərhal təmin edilir. Avtoicbari müqavilələrin qeyri-qanuni yolla bağlanmasına dair Mərkəzi Banka bugünədək hər hansı məlumat daxil olmayıb".
Qeyd edək ki, noyabrın 1-dən avtomobillərə dəyən ziyan zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda” artıq qüvvəyə minib. Məlumata görə, hadisə baş verən zaman sığortalı şəxs ona zərər vuran şəxsin sığorta şirkətinə deyil, öz sığorta şirkətinə müraciət edərək sığorta ödənişi tələb edəcək. Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə icbari avtosığorta (AVSMMİS) sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ