
Türk kinosunun unudulmaz aktyoru Kadir İnanır son mənzilə yola salınır.
Reportyor.tv xəbər verir ki, sənətkar üçün vida mərasimi İstanbuldakı Harbiye Muhsin Ertuğrul səhnəsində keçirilir.
Mərasimdə çıxış edən Kadir İnanırın 27 illik həyat yoldaşı, aktrisa Jülide Kural göz yaşlarını saxlaya bilməyib. O, həyat yoldaşının ədalətsizliyə qarşı barışmaz mövqeyindən, insanlara sevgisindən və sənətə bağlılığından danışaraq duyğulu anlar yaşayıb.
"Əslində indi yalnız susmaq istəyirəm. Amma Kadirin demək istədikləri o qədər böyük idi ki, ürəyimin buna tab gətirəcəyini bilmirəm. O, haqsızlığa qarşı qəzəbi, yoxsulluq və ədalətsizlik qarşısında vicdanı ilə tanınırdı. O, xalqın özü idi, Anadolu idi, bütün xalqların dostu idi. Bu dünyadan bizə qoyduğu ən böyük vəsiyyət isə sülh oldu", - deyə Kural bildirib.
Aktrisa çıxışını göz yaşları içində "Bir gün mütləq, sevgilim..." sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Kadir İnanır pnevmoniya səbəbindən iyunun 26-da 77 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Kadir İnanır və Jülide Kuralın yolları 1999-cu ildə "Bütün Çocuklarım" serialının çəkiliş meydançasında kəsişmişdi. Jülide Kural daha əvvəl verdiyi müsahibələrdə ilk vaxtlar aktyor haqqında fərqli düşüncədə olduğunu, lakin yaxından tanıdıqdan sonra onun həssas, insan haqlarına və qadın hüquqlarına böyük önəm verən bir şəxsiyyət olduğunu gördüyünü söyləmişdi.
27 il birlikdə həyat sürən cütlük Türkiyə sənət aləminin ən nümunəvi ailələrindən biri kimi yadda qalıb.






Şərhlər