Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsrail hökuməti qondarma soyqırım müzakirəsinə "hə" dedi - indən sonra nə olacaq?
İsrail hökuməti qondarma soyqırım müzakirəsinə "hə" dedi - indən sonra nə olacaq?

İsrail hökuməti xarici işlər naziri Qideon Saarın Osmanlı İmperiyasında baş vermiş hadisələrin "erməni soyqırımı" kimi tanınması ilə bağlı təklifini dəstəkləyib.

Reportyor.tv xəbər verir ki, məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunaraq müsbət qiymətləndirilib.

Bununla belə, qərarın tam hüquqi qüvvəyə minməsi üçün onun İsrail parlamenti – Knessetin plenar iclasında müzakirəyə çıxarılması və səsvermədən keçməsi tələb olunur.

Sənədə əsasən, hökumətin qəbul etdiyi qərar Knessetin reqlamentinə uyğun olaraq parlamentə təqdim ediləcək və məsələ rəsmi gündəliyə daxil ediləcək.

Hüquqşünasların qiymətləndirməsinə görə, hadisələrin inkişafı iki fərqli istiqamətdə gedə bilər.

Birinci ssenaridə qondarma "erməni soyqırımı" ayrıca qanun qəbul edilmədən hökumətin qərarı və Knessetin siyasi dəstəyi ilə tanınacaq. Bu halda qərar İsrail dövlətinin rəsmi siyasi mövqeyi hesab olunacaq, lakin dövlət qurumları üçün yeni hüquqi öhdəliklər yaratmayacaq. Belə tanınma daha çox siyasi və diplomatik xarakter daşıyacaq.

İkinci ssenaridə isə Knesset ayrıca qanun qəbul edə bilər. Bu qanunda qondarma "erməni soyqırımı"nın tanınması ilə yanaşı, anım günü, təhsil proqramları və memorial tədbirlərlə bağlı müddəalar da əks oluna bilər. Belə olacağı təqdirdə məsələ artıq yalnız xarici siyasət bəyanatı deyil, İsrailin daxili hüquq sisteminin bir hissəsinə çevriləcək və gələcək hökumətlərin bu qərarı ləğv etməsi daha mürəkkəb hüquqi prosedurlar tələb edəcək.

Xatırladaq ki, İsraildə bu məsələ ilk dəfə gündəmə gəlmir. Adətən Təl-Əvivlə Ankara arasında münasibətlərin pisləşdiyi dövrlərdə "erməni soyqırımı"nın tanınması məsələsi yenidən siyasi gündəliyə qaytarılır. Son qərar da İsrail–Türkiyə münasibətlərində davam edən gərginlik fonunda qəbul edilib və bir çox müşahidəçilər bunu Ankaraya siyasi mesaj kimi qiymətləndirirlər.

Bununla yanaşı, hökumətin qərarı hələ yekun hüquqi nəticə hesab edilmir. Məsələnin gələcək taleyi Knessetin müzakirələri və səsverməsinin nəticəsindən asılı olacaq. Yalnız parlamentin qəbul edəcəyi yekun qərardan sonra İsrailin bu məsələdə hansı hüquqi və siyasi modeli seçəcəyi tam aydınlaşacaq.

Musavat.com


Şərhlər