Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Bakı “boğulur”, əhalini bölgələrə necə qaytaraq?
Bakı “boğulur”, əhalini bölgələrə necə qaytaraq?

Sosioloq Türkiyə modelini təklif edir

Son illər ölkənin problemlərindən biri də bölgə əhalisinin getdikcə azalması, vətəndaşların paytaxta üz tutmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin sayı ilin əvvəlindən 2935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 227 min 824 nəfərə çatıb.

Qeyd olunub ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bakının Baş Planında da demoqrafik vəziyyət nəzərə alınaraq vurğulanıb ki, Bakı şəhərinin 2040-cı ilə olan əhalisinin sayı 2,88 - 3,17 milyon nəfər arasında dəyişəcək. Onu da vurğulayaq ki, şəhər və kənd əhalisinin sayı ilə bağlı açıqlanan rəqəmlər rəsmidir.

Faktdır ki, ölkə əhalisinin əksəriyyəti paytaxtda yaşayır. Bunun isə müxtəlif səbəbləri var. Hətta elə kəndlər var ki, artıq orada heç kim yaşamır. Beləliklə, urbanizasiya prosesi davam edir. Vətəndaşlar öz evlərindən, kəndlərindən, rayonlarından uzaq düşərək yaşamaq üçün paytaxtı seçirlər.

Bu problemin yaşandığı bəzi ölkələrdə kənd əhalisinin yenidən bölgələrə cəlbi üçün müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhəri ora köçüb məskunlaşmağa razı olan şəxslərə maliyyə dəstəyi təklif edir. Ümumi maliyyə stimulu təxminən 30 min ABŞ dollarına çata bilər. Yerli hakimiyyət bu addımla əhalinin sayının azalmasını dayandırmaq və boş qalan evləri yenidən istifadəyə qaytarmaq niyyətindədir.

Azərbaycan hökuməti hansı addımlar atmalıdır? Əhalini bölgələrə qayıdışa necə həvəsləndirmək olar?

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb:

“Birinci növbədə qeyd etmək lazımdır ki, 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar mahiyyət etibarilə olduqca maraqlı və strateji əhəmiyyətə malik təşəbbüslərdir. Lakin istənilən dövlət proqramının effektivliyi yalnız onun qəbul edilməsi ilə deyil, icra mexanizmlərinin nə dərəcədə işlək olması və real nəticələr verməsi ilə ölçülür. Bu baxımdan hesab edirəm ki, regionların sosial inkişafı proqramlarının icrası ilə bağlı mütəmadi və sistemli monitorinq mexanizmi tətbiq olunmalıdır. Yerli icra hakimiyyətləri, aidiyyəti dövlət qurumları ictimaiyyət qarşısında hesabat verməlidir ki, proqram çərçivəsində konkret olaraq hansı işlər görülüb, hansı layihələr icra olunub və bu layihələrin əhalinin həyatına real təsiri nədən ibarətdir.

Xüsusilə regionlarda məşğulluq sahəsində hansı addımlar atıldığı, gənclərin işlə təminatı, onların yaş xüsusiyyətlərinə uyğun əmək imkanlarının yaradılması, asudə vaxtlarının təşkili və mənəvi-psixoloji ehtiyaclarının ödənilməsi ilə bağlı ətraflı hesabatlar hazırlanmalıdır. Çünki regionlarda yalnız iqtisadi deyil, eyni zamanda sosial və mənəvi mühitin formalaşdırılması vacib şərtdir.

İkinci mühüm məsələ isə regionlardan paytaxta və iri şəhərlərə kütləvi axının qarşısının alınmasıdır. Bu axının əsas səbəblərindən biri yaradılan yeni iş yerlərinin qeyri-bərabər bölgüsüdür. Müşahidələr göstərir ki, il ərzində yaradılan, məsələn, 91 min yeni iş yerinin təxminən 80 faizi Bakı və Abşeron zonasının payına düşür. Bu isə təbii olaraq paytaxtı və mərkəzi şəhərləri region əhalisi üçün daha cəlbedici edir. İnsanlar iş tapmaq, həyat şəraitlərini yaxşılaşdırmaq ümidi ilə Bakıya üz tuturlar".

Sosioloq qeyd edir ki, bu vəziyyətin qarşısını almaq üçün iş yerlərinin diversifikasiyası düzgün aparılmalı, yeni iş yerlərinin əsas hissəsi regionlarda yaradılmalıdır:

“Məqsəd ondan ibarət olmalıdır ki, yaradılan iş yerlərinin 80 faizdən çoxu Bakı və Abşeronda deyil, regionların payına düşsün. Xüsusilə də gənclərin yaş və sosial xüsusiyyətlərinə uyğun iş yerləri açılmalıdır, çünki əsas miqrasiya edən təbəqə məhz gənclərdir

Eyni zamanda, gənclər üçün kollektiv iş sahələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki gənclər sosiallaşmanı, ünsiyyəti və mənəvi ehtiyaclarını daha çox kollektiv mühitdə tapırlar, nəinki fərdi iş yerlərində. Kollektiv əmək mühiti həm də cəmiyyət daxilində inteqrasiyanı, sosial bağları və ailə institutunun formalaşmasını gücləndirir.

Bundan əlavə, regionları cəlbedici etmək üçün alternativ və innovativ layihələr də tətbiq oluna bilər. Məsələn, Türkiyədə tətbiq edilən və “çiftçi layihəsi” kimi tanınan model olduqca uğurlu nəticələr verib. 2017-2019-cu illər ərzində bu layihə vasitəsilə təxminən 300 min nəfər mərkəzi şəhərlərdən regionlara geri qaytarılıb. Layihə çərçivəsində paytaxta köçmüş insanlara kənd təsərrüfatı heyvanları, məsələn, qoyun verilirdi, onlara aylıq məvacib ayrılırdı və 3 ildən sonra əldə olunan gəlirdən dövlət pay götürürdü. Bu, həm sosial, həm də iqtisadi baxımdan son dərəcə maraqlı və effektiv layihədir və Azərbaycanda da analoji model tətbiq oluna bilər".

Üzeyir Şəfiyevin fikrincə, digər mühüm tədbir kimi mədəni-kütləvi layihələrin regionlar üzrə daha ədalətli paylanması vacibdir:

“Gənclər təkcə iş dalınca deyil, eyni zamanda mənəvi və mədəni ehtiyaclarını ödəmək üçün də böyük şəhərlərə üz tuturlar. Bu baxımdan teatr truppalarının, konsert proqramlarının, mədəni festivalların regionlara göndərilməsi olduqca faydalı olardı. Bu həm regionların mədəni həyatını canlandırar, həm də gənclərin böyük şəhərlərə köçmək ehtiyacını azaldar.

İnsanların regionlardan iri şəhərlərə axınının digər əsas səbəblərindən biri də təhsil və səhiyyə xidmətlərinin əlçatanlığıdır. Əgər regionlarda keyfiyyətli təhsil və səhiyyə təmin olunsa, bu problemin əhəmiyyətli hissəsi həll edilə bilər. Məsələn, ölkə üzrə təxminən 100 minə yaxın tibbi personal mövcuddur, onlardan 37 minə yaxını həkimdir. Buna baxmayaraq, regionlarda ciddi həkim çatışmazlığı müşahidə olunur. Halbuki son illər regionlarda çoxlu sayda tibb məntəqələri, klinikalar, xəstəxanalar və diaqnostika mərkəzləri tikilib".

Sosioloq həmçinin vurğulayıb ki, eyni zamanda universitetlərin və profili uyğun olan nazirliklərin regionlara köçürülməsi də məqsədəuyğundur:

“Məsələn, kənd təsərrüfatı nazirliyinin paytaxtda yerləşməsi nə dərəcədə məntiqlidir? Bu kimi qurumların regionlara köçürülməsi həm məşğulluğu artırar, həm də regional inkişafı sürətləndirər.

Keçmişdə mövcud olan üzüm plantasiyaları, kolxoz və sovxoz modelləri kollektiv əmək mühitinin formalaşmasına xidmət edirdi. Gənclər bir yerdə işləyir, sosiallaşır, ailə qurur, cəmiyyət daxilində bağlar yaranırdı. Bu gün də regionlarda kollektiv iş sahələrinin yaradılması bu baxımdan olduqca vacibdir".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti