Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » ABŞ-İran razılaşması: Neft qiymətləri düşür, qızıl qalxır? - AÇIQLAMA
ABŞ-İran razılaşması: Neft qiymətləri düşür, qızıl qalxır? - AÇIQLAMA

ABŞ və İran arasında əldə olunduğu bildirilən anlaşma memorandumu qlobal bazarlarda da ciddi rezonans doğurub. Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin azalması və İran neftinin dünya bazarına daha rahat çıxış imkanlarının yaranması neft qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər. Eyni zamanda, bəzi analitiklər geosiyasi qeyri-müəyyənliyin davam etməsi fonunda investorların təhlükəsiz liman hesab edilən qızıla marağının artacağını və bunun qiymətlərə təsir göstərə biləcəyini bildirirlər.

Bu memorandumun qlobal enerji bazarına, maliyyə sisteminə və Azərbaycan iqtisadiyyatına nə kimi təsirləri olacaq?

Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "ABŞ və İran arasında mümkün anlaşma dünya enerji bazarları üçün mühüm hadisə hesab olunur. Əgər bu memorandum sanksiyaların yumşaldılmasına və ya İranın neft ixracının genişlənməsinə gətirib çıxarsa, dünya bazarında neft təklifi arta bilər. Təklifin artması isə adətən qiymətlər üzərində aşağı istiqamətli təzyiq yaradır. İran dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələrindən biridir və onun bazara daha geniş həcmdə qayıtması xüsusilə OPEC+ ölkələrinin istehsal siyasətinə də təsir göstərə bilər.

Bununla belə, neft qiymətlərinin gələcəyi yalnız İran amilindən asılı deyil. Qlobal iqtisadi artım tempi, Çin iqtisadiyyatının vəziyyəti, OPEC+ qərarları və regional təhlükəsizlik məsələləri də bazarın əsas müəyyənediciləridir. Əgər ABŞ-İran yaxınlaşması Yaxın Şərqdə gərginliyi azaldarsa, bazarlarda geosiyasi risk mükafatı zəifləyə bilər ki, bu da neftin ucuzlaşmasını sürətləndirə bilər".

İqtisadçı deyib ki, Azərbaycan iqtisadiyyatı üçün bu proses xüsusi əhəmiyyət daşıyır. Çünki dövlət büdcəsinin və ixrac gəlirlərinin mühüm hissəsi enerji sektorundan formalaşır. Neft qiymətlərinin aşağı düşməsi büdcə gəlirlərinə və valyuta daxilolmalarına müəyyən təsir göstərə bilər. Lakin qiymət azalması kəskin olmazsa, Azərbaycan iqtisadiyyatı bunu idarə edə biləcək imkanlara malikdir. Eyni zamanda, enerji bazarındakı sabitlik uzunmüddətli investisiyalar üçün daha əlverişli mühit yarada bilər.

Qızılın qiymətinin yüksəlməsi ilə bağlı proqnozlar isə bir neçə iqtisadi amillə əlaqələndirilir. İlk növbədə, beynəlxalq investorlar qlobal qeyri-müəyyənlik dövrlərində və geosiyasi risklərin tam aradan qalxmadığı şəraitdə vəsaitlərini təhlükəsiz aktivlərə yönəltməyə üstünlük verirlər. Qızıl tarixən belə aktivlərdən biri hesab olunur. Digər tərəfdən, dünya üzrə mərkəzi bankların son illərdə qızıl ehtiyatlarını artırması da qiymətlərin yüksəlməsini dəstəkləyən amillərdəndir.

Əgər ABŞ-İran anlaşması qlobal iqtisadi aktivliyi artırsa, inflyasiya gözləntilərində də müəyyən dəyişikliklər yarana bilər. İnflyasiya risklərinin yüksəlməsi investorların qızıla marağını artıran əsas səbəblərdən biridir. Bundan əlavə, ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti də qızıl bazarına ciddi təsir göstərir. Faiz dərəcələrinin aşağı salınacağı gözləntiləri adətən qızılın qiymətini dəstəkləyən amil kimi çıxış edir.

Nəticə etibarilə, ABŞ-İran anlaşmasının ilk növbədə birbaşa təsiri neft bazarında təklifin artması və qiymətlər üzərində müəyyən təzyiqin yaranması ola bilər. Qızıl bazarında isə qiymətlərin istiqaməti daha çox qlobal risklərdən, inflyasiya gözləntilərindən və investor davranışından asılı olacaq. Buna görə də yaxın dövrdə həm enerji, həm də qiymətli metallar bazarında yüksək həssaslıq və dəyişkənlik müşahidə oluna bilər".

Afaq Mirayiq,
Musavat.com

Şərhlər