Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti suallar
Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti suallar

Maliyyə-iqtisadiyyat sektorunda dövlət qulluğu olmadan çalışanlar iddiası

Bakunews.az redaksiyasına daxil olan məlumatlara görə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunda dövlət qulluğundan keçməyən əməkdaşların fəaliyyət göstərməsi ilə bağlı ciddi iddialar mövcuddur. Bildirilir ki, sektor müdiri Aqil Ağayevin rəhbərlik etdiyi strukturda çalışan şəxslərin böyük əksəriyyəti dövlət qulluğu müsabiqəsindən keçməyib.

Məlumatlarda xüsusilə Ruslan Rzayev adlı şəxsin adı ön plana çəkilir. İddialara görə, Ruslan Rzayev həm sözügedən sektorda, həm də ümumilikdə regional idarədə əsas fiqurlardan biri hesab olunur. Onun həm Aqil Ağayevə, həm də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyinə yaxın şəxs kimi tanındığı bildirilir. Qeyd edək ki, Ruslan Rzayevlə bağlı bundan əvvəl də sosial şəbəkələrdə müxtəlif iddialar və tənqidi paylaşımlar yer alıb.

Məlumatlara əsasən, region üzrə işə qəbul proseslərində Ruslan Rzayev Fikrət Heybətovla birgə mühüm rol oynayıb. Bakunews.az-da daha əvvəl dərc olunan yazılarda da bu məsələyə qismən toxunulmuşdu. Xüsusilə köməkçi pedaqoji vəzifələr üzrə işə qəbul müsabiqəsi zamanı komissiya üzvü olmuş şəxsin namizədlərə ixtisasla uyğun olmayan suallar verməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif vətəndaşların narazılıqları diqqət çəkmişdi.

Redaksiyamıza daxil olan məlumatlara görə, Maliyyə-iqtisadiyyat sektorunda Aqil Ağayevdən başqa daha 6 əməkdaş çalışır. Onlardan cəmi 2 nəfərin dövlət qulluğundan keçdiyi bildirilir. Daha maraqlı və düşündürücü məqam isə ondan ibarətdir ki, iddialara görə, sektor müdiri Aqil Ağayevin özü də dövlət qulluqçusu deyil.

Bu vəziyyət bir sıra ciddi suallar doğurur:
Dövlət qulluğu müsabiqəsindən keçmədən müvafiq vəzifədə çalışan şəxs hansı hüquqi əsasla həmin postda saxlanılır? Dövlət qulluqçusu olmayan bir sektor müdiri nə qədər məvacib ala bilər ki, bu vəzifədə çalışmaqda maraqlı olsun? Təxminən 500 manat əməkhaqqı ilə Quba şəhərində kirayədə normal yaşayış üçün əlavə gəlir mənbəyi haradandır? Bu suallar yalnız Aqil Ağayevə deyil, adı hallanan Ruslan Rzayevə də aiddir.

Yoxsa daha əvvəl Fikrət Heybətovla bağlı səsləndirilən “paket maaş” iddiaları bu halda da aktuallaşır? Əgər belə əlavə ödəniş mövcuddursa, bu vəsaitin mənbəyi nədir və hansı mexanizm əsasında verilir?

Və ən əsası, dövlət qulluğundan keçməyən şəxslərin tutduğu vəzifələr niyə vakansiyaya çıxarılmır? Elm və Təhsil Nazirliyi bu proseslərə niyə göz yumur?

Bakunews.az olaraq bildiririk ki, səsləndirilən bütün bu suallar ictimai maraq daşıyır və aidiyyəti qurumlar tərəfindən aydın və əsaslandırılmış şəkildə cavablandırılmalıdır. Redaksiya mövzunu diqqətdə saxlayır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti