
Ölkəmizdə Türkiyədəki kimi demoqrafik təhlükə varmı? - sosioloq rəyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə əhalisinin artım tempinin kəskin şəkildə azaldığını bildirib və bunu fəlakət adlandırıb.
“Ölkədə əhalinin artım tempi azalır və doğum nisbətinə baxanda biz faktiki fəlakətlə üz-üzəyik. Cəmiyyət getdikcə individualizmə yönəlir və bu, bizi tənha edir. Ümumi doğum nisbəti minimum artım səviyyəsindən aşağı düşüb. Ötən il üçün ümumi doğum nisbəti 1,48 olub. Bu da əhalinin artımı üçün tələb olunan 2,10-dan xeyli aşağıdır”, - prezident qeyd edib.
Onun sözlərinə görə, əsas amil şəhərdəki qadınların getdikcə öz problemləri ilə baş-başa qalmasıdır: “Mən açıq danışmağa məcburam. Kişilər inciməməlidir, amma reallıq budur. Qadınlar uşaq böyütmək məsələsində çox vaxt həyat yoldaşlarından lazımi dəstəyi almırlar. Təəssüf ki, yükün böyük hissəsi qadınların çiyninə düşür”.
Bəs Azərbaycanda Türkiyədəki kimi analoji demoqrafik problem, təhlükə varmı? Ərdoğanın gətirdiyi arqument əhalinin azalmasında nə dərəcədə həlledici rola malikdir?
Üzeyir Şəfiyev
Mövzu ilə bağlı sosiloloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Bu yaxınlarda Ankarada oldum. Orada müşahidə etdim ki, xanımlar - yaşlılardan tutmuş gənclərə qədər hamısı tütün məmulatlarından istifadə edir, tatu etdirirlər. Bu mənim üçün bir qədər qeyri-adi idi, çünki ölkəmizdə qadınlar arasında hələ ki belə hallar çox az yaşanır. Onlar arasında bir sorğu da keçirdim ki, niyə daha çox tütün məmulatlarından, tatulardan istifadə edirlər? İstər gənc, istərsə də yaşlı xanımlar əvvəlki nəsil qadınların kişi cəmiyyətindən çəkdikləri acıları dilə gətirib deyirdilər ki, nəhayət ki, özümüzü təsdiq etmək istəyirik, nəhayət ki, biz müstəqilik, sərbəstik, kişilərdən asılı deyilik. Sadəcə, özünütəsdiqin yolunu bununla görürlər. Sanki belə bir düşüncə gördüm onlarda. Çox təəssüf ki, Türkiyənin sosial xarakterində mövcud olan dəyişikliklərin də yavaş-yavaş Azərbaycan cəmiyyətinə yansımağa başladığı görünür.
Ərdoğanın bu cür çıxışı ilk deyil, bir neçə dəfə, hətta bir ildə bir neçə dəfə belə çıxış edib. Baxmayaraq ki, Türkiyə əhalisi 86 milyondan çoxdur, ancaq görürük ki, Ərdoğan sos siqnalı çalır, çünki qardaş ölkədə sürətli qocalma ehtimalı var. Yəni yaşlıların sayı çoxalır, yeni doğulanların sayında isə azalma və ləngimə var. Bu, Ərdoğanı düşündürür. Hətta Ərdoğan bir dəfə demişdi ki, Türkiyə üçün 3, Azərbaycan üçün isə ailələrdə 5 uşaq olmalıdır ki, demoqrafik artım təmin olunsun.
Ümumiyyətlə, dövlətlərin qüdrəti həm də əhalinin keyfiyyəti ilə ölçülür. Ona görə də Ərdoğan öz xalqının təkcə bu günü ilə deyil, yaxın və orta perspektivini düşünür və düşünür ki, orta gələcək perspektivdə əhalinin qocalması özünü daha çox göstərə bilər. Çünki əhalinin ümumi kütləsində yaşlı insanların çəkisi 8 faizdən çoxdursa, bu, artıq qoca əhali hesab olunur".
Sosioloq xatırladıb ki, bu səbəbdən Ərdoğan yeni doğulanların sayının artırılması istiqamətində təşviq siyasəti həyata keçirir: “Hətta 2025-ci ili "Ailə ili" elan etdilər və bu çərçivədə müxtəlif alətlər tətbiq etdilər. Məsələn, yeni ailə quranlara faizsiz kredit verilir, 4 ildən sonra onlar həmin krediti hissə-hissə ödəməyə başlayırlar. Daha sonra bələdiyyələr və dövlət qurumları gənc ailələrin müəyyən xərclərini öz üzərlərinə götürdülər. Sosial müavinət sisteminə keçdilər, bir uşağa görə bir cür, iki uşağa görə daha fərqli müavinət tətbiq edilməyə başlandı. Türkiyədə uşağa görə birdəfəlik müavinət də artırıldı.
Eyni zamanda gənc ailələr və gənclər arasında məşğulluq marafonları təşkil edirlər. Bütün bunlar Türkiyədə təbii artım siyasətinin tərkib hissəsidir.
Əlbəttə ki, qadınlar başlı-başına qalmayıb, xeyr. Dünya miqyasında təhlillər də göstərir ki Azərbaycan və Türkiyə kişisi ailəyə bağlı olur; ailənin maddi yükü, təhlükəsizlik məsuliyyəti Azərbaycan və Türkiyə kişilərinin üzərindədir. Burada, sadəcə, başqa məqam var. Həm Türkiyədə, həm də Azərbaycanda Qərbin müəyyən güc mərkəzləri tərəfindən xüsusilə aqressiv dalğanın təsiri ilə gender bərabərliyi adı altında qadın hüquqları bəhanə gətirilərək qadınlar kişilərlə qarşı-qarşıya qoyulur, eqosentrik düşüncə aşılanır. Hesab edirəm ki, qadınların düşüncə transformasiyası bunu doğurub.
Həm Türkiyədə, həm də Azərbaycanda kişi-mərkəzli cəmiyyət idi, sadəcə, liberal Avropa dəyərləri daxil oldu, qadın hüquqlarını bir qədər qabartdılar, qadınları kişilərə qarşı qoydular; sanki anaxaqanlığı təşviq olunur. Bütün bunların nəticəsidir ki, indi uşaqsız ailələr trendi yaranmağa başlayıb. Yəni gənclər ailə qururlar, amma uşaq istəmirlər. Heyvan saxlayırlar, amma uşaq istəmirlər. Bu, xüsusən Qərb ölkələrində geniş yayılıb və yavaş-yavaş həm Azərbaycan, həm də Türkiyə ailələrinə təsir göstərməyə başlayıb, yəni daha eqosentrik uşaq məsuliyyəti anlayışı formalaşır".
Üzeyir Şəfiyev qeyd edib ki, Azərbaycanda da demoqrafik ləngimə artıq özünü göstərməyə başlayıb: “Son 5 ildə əhalidə 39 min azalma var, eyni zamanda 2 il ərzində əhali cəmi 26,4 faiz artıb, ahılların sayı isə 4 faizə yüksəlib. Bu o deməkdir ki, 2023-cü ilin statistikasına baxanda təbii artımda 15 faiz azalma var, 2024-cü ildə də eyni tendensiya özünü göstərir. Yəni əhali artımında ləngimə var. Doğrudur, Cənubi Qafqazda əhali artımına görə lider ölkəyik, lakin sovet dövrünə qədər və sovet dövründəki təbii artım artıq yoxdur. Təbii artımdakı ləngimə reallıqdır. Əgər təbii artım belə davam edərsə və demoqrafik təşviq siyasəti aparılmazsa, hesab edirəm ki, orta perspektivdə əhali qocalması artıq qapıdadır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”






Şərhlər