Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Azərbaycanda dərs saatları azaldılsın - ÇAĞIRIŞ
Azərbaycanda dərs saatları azaldılsın - ÇAĞIRIŞ

Azərbaycan universitetlərində dərs saatının müddəti bəzi ali təhsil müəssisələrində 90 dəqiqə, bəzilərində isə 80 dəqiqədir. Lakin müəllimlərin və tələbələrin fikirlərinə görə, dərsin ilk bir saatından sonra tələbələrin diqqəti azalır və onlar müəllimi effektiv şəkildə dinləyə bilmirlər. Yorğunluq və diqqət dağınıqlığı tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Buna görə də bəzi müəllimlər dərs saatının minimum 60 dəqiqəyə endirilməsini təklif edirlər. Xüsusilə Amerika və Kanada universitetlərində dərslər əsasən 60-75 dəqiqə arasında tədris olunur. Avropada və Türkiyədə isə dərs müddəti adətən 55-70 dəqiqə arasında dəyişir. Bəzi hallarda 80 dəqiqəlik dərslər də olur. Bizdə isə mühazirə və seminar dərsləri sovet dövründən qalan ənənəyə uyğun surətdə 90 dəqiqə tədris olunur...

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a açıqlamasında araşdırmaların nəticələrinə diqqət çəkərək bildirib ki, tələbələrin yüksək konsentrasiya müddəti orta hesaba 20-40 dəqiqədir. Onun sözlərinə görə, 90 dəqiqəlik fasiləsiz dərslərdə ikinci 45 dəqiqədən mənimsəmə qabiliyyəti kəskin aşağı düşür:

“Avropa təcrübəsində 50-75 dəqiqəlik modellər həm də diqqət pəncərəsini daha effektiv idarə etməyə fokuslanıb. Avropanın nüfuzlu universitetlərində olmuşam, onların tədris və tədqiqat mühiti ilə tanışam. Proseslərə insanların zamanına kifayət qədər hörmət etmək baxımından yanaşma mövcuddur. SSRİ-dən qalma 90 dəqiqəlik model daha çox müəllimin birtərəfli bilik ötürməsinə hesablanıb, tələbə isə passiv roldadır. Müasir tədrisdə isə daha çox aktiv öyrənmə metodları üstünlük təşkil edir. Yaxşı müəllim isə öyrətməyi öyrənəndir”.

Ekspertin sözlərinə görə, eyni zamanda, kollektiv öyrənmə yanaşması kifayət qədər geniş yayılıb:

“Daha çox dərs saatı müəllimi materialları daha lakonik və intensiv təqdim etməyə, tələbəni isə daha çox fərdi araşdırmaya sövq edir. Almaniya universitetlərinin təcrübəsinə diqqət çəkərək bildirim ki, tələbə tədrisdən sonra birbaşa praktiki həllərə yönəldilir. Tələbələr nəzəri biliklərlə yanaşı, praktiki biliklərə fokuslandırılırlar. 90 dəqiqəlik mühazirə dövrü çoxdan bitib”.

İ.Orucov vurğulayıb ki, Azərbaycan təhsil sistemində də yeni modelə keçid olmalıdır:

“Ölkəmizdə Boloniya sisteminə keçid olsa da, dərs saatlarının strukturu hələ də köhnə standartlarla tənzimlənir. Türkiyə, eyni zamanda, Avropada tətbiq olunan 50 dəqiqə dərs, üstəgəl, 10 dəqiqəlik fasilə tələbənin gün ərzində daha çox fərqli fənnə fokuslanmasına şərait yaradır. Bu, həm müəllimlərin, həm də tələbələrin zehni yorğunluğunu azaldır. Digər tərəfdən bu, prosesdə daha çox çevikliyi əldə etməyə imkan verir. Düşünürəm ki, dərs müddətlərinin 60 dəqiqəyə endirilməsi tədris metodikasının köklü şəkildə yenilənməsini tələb edən addımdır. Bu gün dünyada ən qiymətli resurs zamandır. Bu resursun daha effektiv idarə edilməsi, o cümlədən dərslərin dinamik keçməsinə imkan yaratmaq baxımından ənənəvi yorucu mühazirələr keçmişdə qalmalıdır və keçid ən qısa zamanda təmin olunmalıdır”.

Şərhlər