Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Paşinyan üçün xilas yolu – Xocalı canilərini Bakıya...
Paşinyan üçün xilas yolu – Xocalı canilərini Bakıya...

Təqribən 100 gündən sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Nikol Paşinyan anlayır ki, bu seçki təkcə onun və komandasının deyil, bütövlükdə ölkəsinin taleyini müəyyənləşdirə bilər. Özü də söhbət təkcə Ermənistanın geosiyasi taleyindən getmir, “kadastr sənədi olmayan” ərazi vahidinin bütövlükdə varlığı sual altına düşə bilər.

Revanşistlərdən kimsə erməniləri Azərbaycan və yaxud Türkiyənin varlığı ilə qorxutmasın. Ermənistan üçün ən böyük təhlükə Rusiyadan gəlir. Təsadüfi deyil ki, son zamanlar bir-birinin ardınca Kremlin zəncirliləri ermənilərə xəbərdarlıqlar ünvanlayırlar, Ermənistanı Ukraynanın taleyi ilə qorxutmağa çalışırlar, “biz olmasaydıq, olmazdınız”, deyib “gözlərinin odunu almağa” çalışırlar. Nikol Paşinyan reallığı çox yaxşı bilir. Anlayır ki, seçkilər ərəfəsində Kreml Ermənistandakı missionerləri vasitəsilə ona sürprizlər edə, yaxud ölkədə yenidən terror küləkləri əsdirə bilər. 90-cı illərin sonlarında Ermənistan parlamentinin gülləboran edilməsi tək nümunə deyil. Ermənistanda terrorçular hələ də cəmiyyəti təhdid edir və əllərdə də kifayət qədər silahlar var. Paşinyan 44 günlük müharibədən sonra özü etiraf etmişdi ki, 17 min avtomat yoxa çıxıb. Bu günlərdə Ermənistanda baş verən silahlı toqquşmalar da ölkə daxilində kriminogen durumun heç də yerində olmadığını bir daha göstərdi. Ondan əvvəl də silahlı yolla “münasibətlərin tənzimlənməsi” halları baş verib. Real Ermənistan qurmaq istəyən baş nazir öz xalqını yaxşı tanıyır, necə deyərlər “dabbaqda kökünə bələd”dir. Üstəlik, Rusiyanın “5-ci kolon”unun, həmçinin Gümrüdəki hərbi bazasının, sərhədlərdə rus əsgərlərinin olması şəraitində “üzü Kremldən dönən” Paşinyanın seçkilərə getməsi heç də sadə məsələ deyil. Moskvadan ardıcıl olaraq “Qərb Ermənistanda Moldova variantını təkrarlamaq istəyir” anonsu da təsadüf sayıla bilməz. Deməli, Moldovada “ağzı yanan”lar Ermənistanı – İrəvan qalasını əldən verməmək üçün hər vasitəyə əl atacaqlar. Xüsusilə də erməni xalqına “dosqluq, tarixi əlaqələr” nağılları danışan rus “çinovnik”lərinin Paşinyan komandasına sürprizlər vəd etdiyi şəksizdir. Elə bir müddət əvvəl erməni spiker Alen Simonyan Rusiya paytaxtına səfər edərkən Rusiyanın rəhbər şəxsləri onun yediyini burnundan gətirdilər, “təmiz qanlı erməni” Lavrovdan tutmuş, Matviyenkoya qədər...

Məhz elə buna görədir ki, XİN başçısı Ararat Mirzoyan rəsmi şəkildə Ermənistana hibrid reaksiya qrupunun göndərilməsi xahişi ilə Avropa İttifaqına müraciət edib. Belə ki, Ermənistan qarşıdan gələn parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsi xahişi ilə Aİ-yə müraciət edib. Mirzoyanın yazılı şəkildə Brüsselə göndərdiyi müraciətdə niyyət açıq şəkildə ifadə olunub. Erməni mediası da bu barədə yazıb ki, daha əvvəl parlament seçkiləri zamanı Rusiyadan gələn dezinformasiyanın aşkar edilməsi və ona qarşı mübarizədə hakimiyyətə dəstək məqsədilə Moldovaya təxminən 20 nəfərdən ibarət analoji missiya göndərilmişdi. Beləcə, Aİ və Moldova hakimiyyəti layihəni uğurlu hesab edib və indi iyun seçkiləri ərəfəsində Ermənistan üçün də analoji təşəbbüs planlaşdırılır. Hətta perspektivdə İrəvanda Aİ-nin daimi mülki missiyasının yaradılması imkanları da müzakirə olunmaqdadır. Bir missiya şərti sərhədlərdə, digəri isə paytaxtda...

Nikol Paşinyan öz tərəfindən tədarükünü görür, ən azı daxildə elektoratın dəstəyini qazanmaqdan ötrü. İstintaq altında olan, Rusiyanın xüsusi tapşırığını icra etmək öhdəliyini üzərinə götürən milyarder Samvel Karapetyan Qarabağdan getmiş erməni ailələrinə yardıma başlayıb, hər dördüncü uşağa 4 min dollar vəsait verir. Digər planları da var. Onun rəhbərlik etdiyi “Taşir” şirkətinin fəaliyyətini məhdudlaşdırsa da, tamamilə əl-ayağını yığa bilməyən Paşinyan “səxavət kisəsi”nin ağsını açıb. Pensiyaların aprel ayından başlayaraq artırılmasına, digər sosial sahədə addımların atılmasına qərar verilib. Paşinyanın sözlərinə görə, nisbətən aşağı pensiyalar 10.000 dram (26.50 dollar) artacaq, yüksək pensiyalar isə daha az artacaq. O qeyd edib ki, keşbek nəzərə alındıqda, artım daha yüksək olacaq. Baş nazir pensiyaların niyə indi artırılması məsələsindən danışarkən deyib: “Birincisi, 2025-ci ildə Ermənistanda iqtisadi artım, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən proqnozlaşdırılandan daha yüksək olub. Bu, əlavə imkanlar yaradır və Ermənistan vətəndaşları bunları birbaşa yaşamalıdırlar”. Hər halda seçkiqabağı artımlar onun özünə daha çox dividentlər qazandırar, ona görə də zamanı düzgün hesablayıb. İstəyir ki, erməni seçicilər elə ilk artımı alandan sonra seçki qutularına yaxınlaşsınlar...

Üstəlik, bu ildən Ermənistanda hərbi xidmətin müddəti də yarım il azaldılıb. Paşinyan maksimum çalışır ki, iyun seçkilərini qazansın. Bu məqsədlər hətta Azərbaycanın yanacağından da istifadə edir, qiymətləri endirib, erməni əhalinin rəğbətini qazanmaqla... Parlament seçkilərinə isə nə az, nə çox 11 milyon dollar xərclənəcək.

Əsas mübarizənin başında Samvel Karapetyanın dayandığı “Güclü Ermənistan” gedəcəyi şübhə doğurmur. Düzdür, 2021-ci il seçkilərində səslərin 53,95%-ni qazanmış hakim “Mülki Müqavilə” partiyasının qarşısında “Hayastan” alyansı var, ötən seçkilərdə 21,11% səslə ikinci olmuşdu. Həmçinin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi “Şərəfim var” alyansı hələlik seçki qərarını açıqlamasa da, koalisiyada olmaqdan ötrü vurnuxur.

Amma Xocalı caniləri Köçəryan və Sərkisyanın başının üstündə həm də 1 mart 2008-ci ildə erməni xalqına qarşı cinayətlər dosyesi var. Nikol Paşinyan özünü və ölkəsini xilas etmək istəyirsə, Qarabağ canilərini qoluqandallı Azərbaycana təhvil verməlidir. Bu addım təkcə Paşinyanı revanşistlərin qəzəbindən xilas etməyəcək, həm də Cənubi Qafqazda sülhə qarşı olanların çıxarığını əbədi söndürəcək.

Elşad Paşasoy,
Musavat.com

Şərhlər