Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Şantaj olunan şəxs nə etməlidir? — Vəkildən açıqlama
Şantaj olunan şəxs nə etməlidir? — Vəkildən açıqlama

Bakı Dövlət Universitetinin bəzi xanım tələbələrinin sosial şəbəkələrdə şəkillərinin icazəsiz montaj edilərək yayılması və şantaj olunması ilə bağlı iddialar narahatlıq doğurub. Bu cür hallar şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin qorunması, eləcə də kibercinayətlərlə mübarizə baxımından hüquqi qiymətləndirmə tələb edir.

Hüquqşünas Elvin Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, hər hansı şəxsin şəkillərinin icazəsiz montaj edilərək yayılması və bunun müqabilində şantaj olunması həm cinayət, həm də mülki hüquq pozuntusu hesab oluna bilər.

"Əgər montaj edilmiş şəkillərin yayılmaması müqabilində pul və ya digər tələb irəli sürülürsə, bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən hədə-qorxu ilə tələb etmə (şantaj) kimi qiymətləndirilir və azadlıqdan məhrumetmə də daxil olmaqla ciddi sanksiyalar nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsinə görə hədə-qorxu ilə tələb etmə belə cəzalandırılır: 182.1. Zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, rüsvayedici məlumatlar yaymaq və ya əmlakına zərər vurmaq hədəsi ilə əmlakını və ya əmlaka olan hüququnu tələb etmə — üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 182.2. Eyni əməllər: qabaqcadan əlbir olan qrup tərəfindən, təkrar, zor tətbiqi ilə və ya xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə — beş ildən on ilədək azadlıqdan məhrum etmə, 182.3. Mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək və ya zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törədildikdə, və ya əvvəllər hədə-qorxu ilə tələb etməyə görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə — on ildən on beş ilədək azadlıqdan məhrum etmə və 182.4. Xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə — on üç ildən on yeddi ilədək azadlıqdan məhrum etmə".

Hüquqşünas bildirib ki, ümumiyyətlə, şəxsin razılığı olmadan onun görüntülərinin yayılması və şəxsi məlumatlarının ictimailəşdirilməsi cinayət məsuliyyəti yaradır:

"Əgər əməl informasiya texnologiyalarından istifadə edilərək törədilibsə, əlavə olaraq kibercinayət tərkibi də yarana bilər. Mülki hüquqi məsuliyyətlə zərərçəkmiş şəxslər şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər, məlumatın təkzib olunmasını tələb edə bilərlər və mənəvi zərərin ödənilməsi üçün iddia qaldıra bilərlər. Mülki qaydada təzminat tələbi cinayət işindən asılı olmayaraq ayrıca irəli sürülə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsi “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum Qərarında bu hüquqla bağlı yeni mühüm mövqelər sərgiləyib. Belə hallar ilə qarşılaşan şəxslər vəkilin köməyi ilə aidiyyəti hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməlidirlər" - o qeyd edib.

Qeyd edək ki, bu kimi hallar yalnız fərdi deyil, ictimai təhlükəlilik daşıyır və hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır.

Şərhlər