
1997-ci ildə Moskvada baş verən maraqlı bir hadisə Azərbaycan–Rusiya münasibətlərinin diplomatik tarixində diqqətçəkən epizodlardan biri kimi xatırlanır.
Reportyor.tv xəbər verir ki, həmin vaxt Rusiya hökumətində baş nazirin müavini vəzifəsini tutan Boris Nemtsov Moskvaya səfərə gələn Azərbaycan Prezidenti Heydər Əliyevi qarşılamaq üçün təcili şəkildə hava limanına yollanmalı olub.
Nemtsovun xatirələrinə görə, o, həmin an qeyri-rəsmi geyimdə – futbolka və ağ şalvarda idi. Bu zaman Rusiyanın baş naziri Viktor Çernomırdin ona zəng edərək dərhal Vnukovo hava limanına getməyi əmr edir. Vaxtın azlığı səbəbindən nə evə qayıdıb kostyum geyinmək, nə də haradansa rəsmi paltar tapmaq mümkün olur.
Hava limanına çatdıqda rəsmi heyətin ciddi protokol qaydalarına uyğun geyindiyini görən Nemtsov vəziyyətin çətinliyini anlayır. Çıxış yolu kimi mühafizəçilərdən birinin qızılı düyməli gödəkçəsini götürərək təyyarənin trapına doğru hərəkət edir.
Heydər Əliyev isə qara yun kostyum, ağ köynək və tünd qalstukda təyyarədən enir. O, Nemtsovun həyəcanlı vəziyyətini dərhal hiss edir. Prezident rusiyalı siyasətçini qucaqlayaraq sakit səslə deyir:
“Mən Sovet dövründən bəri bu axmaq protokola qarşıyam, rahat ol.”
Bu sözlər Nemtsovun “Üsyankarın etirafları” kitabında da yer alıb. Hadisə, bir tərəfdən, Moskvanın sərt diplomatik qaydalarını, digər tərəfdən isə Heydər Əliyevin situasiyaya psixoloji və insani yanaşmasını göstərən maraqlı nümunə kimi tarixə düşüb.
Musavat.com






Şərhlər