
Özbəkistanda iyulun 7-11-də keçiriləcək I Beynəlxalq İslam Sivilizasiyası Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olunur. Forumda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə təmsil edir.
Musavat.com xəbər verir ki, forum XXI əsrdə müsəlman coğrafiyasında qarşılıqlı hörmətin möhkəmləndirilməsi, İslamın sülh, maarifçilik və humanizm dəyərlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
Bu məqsədlə iyulun 6-da Daşkənd şəhərinə səfər edən Allahşükür Paşazadə Nuriddin Xoliqnazarov ilə görüş keçirib. Görüşdə Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin son illərdə daha da inkişaf etdiyi vurğulanıb.
Şeyxülislam çıxışında bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şafqat Mirziyoyev mühüm rol oynayırlar. O, dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələr üzrə dinamik inkişaf etdiyini diqqətə çatdırıb.
Allahşükür Paşazadə görüş zamanı Ümummilli lider Heydər Əliyev haqqında da danışaraq qeyd edib ki, o, hələ sovet dövründə, Sov.İKP Siyasi Bürosunun üzvü olduğu illərdə ittifaqa daxil olan müsəlman xalqları üçün ümid və dayaqlardan biri kimi qəbul edilirdi.
Görüş çərçivəsində dini əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.
Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti İslam Sivilizasiyası Mərkəzi ilə də tanış olub. Qonaqlara mərkəzin fəaliyyəti, burada yaradılan elmi-tədqiqat infrastrukturu, 100 min əlyazma və bir milyondan artıq kitabın toplandığı zəngin kitabxana barədə ətraflı məlumat verilib. Bildirilib ki, kompleksdə beynəlxalq təşkilatların nümayəndəlikləri və elmi bölmələr də fəaliyyət göstərir.
Nümayəndə heyətinə ekspozisiyanın əsas hissəsində yerləşən “Müqəddəs Quran” zalı nümayiş etdirilib. Burada müsəlman dünyasının ən qiymətli dini-mədəni irslərindən biri hesab olunan Osman Quranı haqqında geniş məlumat təqdim olunub.
İslam Sivilizasiyası Mərkəzində forum münasibətilə Özbəkistana gələn xarici nümayəndə heyətləri üçün rəsmi mərasim də təşkil edilib. Tədbirdə Səlim Əl-Malik, Allahşükür Paşazadə, Nuriddin Xoliqnazarov və müxtəlif ölkələrdən gəlmiş dini və ictimai xadimlər iştirak ediblər.
Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu iyulun 7-11-də Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərlərində keçiriləcək. Forum çərçivəsində İslam sivilizasiyasının tarixi irsi, dini tolerantlıq, elm, mədəniyyət, maarifçilik və müasir dövrdə müsəlman dünyasının qarşısında duran çağırışlarla bağlı beynəlxalq müzakirələrin aparılması nəzərdə tutulur. Azərbaycanın bu mötəbər tədbirdə yüksək səviyyədə təmsil olunması ölkənin İslam dünyası ilə əlaqələrinin inkişafı və dinlərarası dialoq siyasətinin daha bir göstəricisi kimi qiymətləndirilir.





Şərhlər