
Nepalda vəhşi fil gecə bir evə girib, bir qadını və uşağını öldürüb.
Reportyor.tv xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti yazıb.
Qəzetin yazdığına görə, hücum 5 iyul gecəsi Cagatpur rayonunda baş verib. Dhurbe adlı aqressiv bir fil doqquz nəfərin yaşadığı daxmanın divarlarını uçuraraq 25 yaşlı Aşika Bote və onun dörd yaşlı oğluna hücum edib. Nə qadın, nə də oğlan xilas ola bilməyib. Fili qovmaq üçün ev sahibləri bir az saman yandırıblar, lakin yanğın dərhal daxmanı alışdırıb.
“Gecə divara çırpılan bir şeyin səsini eşitdik. Çölə çıxdım və bir fil gördüm. Gil divarlar dərhal uçmuşdu. Gəlinim nəvəmi qucağına götürüb qaçdı, amma fil onların dalınca cumdu. Mən qorxaq insan deyiləm, amma bu, hətta məni də qorxutdu", - ev sahibi deyib.
Dhurbe uzun illər Bote ailəsini təqib edib. 2012-ci ilin dekabr ayında Madi rayonundakı bir bazarda bu fil Şaniçara Botenin atasını və anasını tapdalayıb. Dhurbedən qaçmaq üçün Şaniçara Caqatpura köçdü. "Biz böyük çayların o tayında təhlükəsiz olacağımıza inanırdıq. Amma həmin fil bizi yenidən tapdı, evi dağıtdı və gəlinimi və nəvəmi öldürdü. Qaçacaq başqa yerimiz yoxdur", - S.Bote deyib.
Dhurbenin ən azı 25 nəfəri öldürdüyü güman edilir. Hakimiyyət orqanları onu 2012-ci ildə güllələməyə cəhd ediblər, lakin yaralı fil cəngəlliyə qaçıb, sağalıb, sonra yenidən peyda olub və qisas almağa başlayıb..
Musavat.com






Şərhlər