Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Böyük antinarkotik əməliyyatı - kilo-kilo heroin, minlərlə metadon həbi...
Böyük antinarkotik əməliyyatı - kilo-kilo heroin, minlərlə metadon həbi...

Azərbaycan polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir. Daxili İşlər Nazirliyinin son iki gün ərzində yaydığı məlumatlar göstərir ki, keçirilən əməliyyatlar nəticəsində ölkənin müxtəlif bölgələrində iri həcmdə narkotik vasitələr, psixotrop maddələr və minlərlə çətənə kolu aşkarlanaraq dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Lənkəran və Yevlax rayonlarında keçirdiyi əməliyyat zamanı əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar. Onlardan ümumilikdə 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə yaşayan narkotik tacirlərinin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil ediblər. Fakt üzrə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Paytaxtın Sabunçu rayonunda da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində əvvəllər məhkum olunmuş Cavid Quliyev, Qurban Əliyev, Rahib Hüseynov və Zamin Abdullayev saxlanılıblar. Onlardan və istifadə etdikləri avtomobildən ümumilikdə 48 kiloqram heroin, metamfetamin, marixuana, tiryək və həşiş aşkarlanaraq götürülüb.

Məlumata görə, saxlanılan şəxslər narkotik vasitələri müxtəlif ünvanlara çatdıraraq paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar. Onlar barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, təkcə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cari ilin əvvəlindən bu günədək 234 kiloqram narkotik vasitə və psixotrop maddəni qanunsuz dövriyyədən çıxarıblar.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı isə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 28 yaşlı Ramal Pənciyev saxlanılıb. Ona məxsus əkin sahəsində aqrotexniki qaydada becərilmiş 181 ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

DİN-in gündəlik əməliyyat məlumatlarına əsasən, iyulun 8-də ölkə üzrə 17, iyulun 9-da isə 32 narkotiklə əlaqəli cinayət faktı aşkarlanıb. Polis əməkdaşları iyulun 8-də ümumilikdə 10,9 kiloqrama yaxın, iyulun 9-da isə 15,4 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıblar. Sonuncu əməliyyatlar zamanı 7,7 kiloqramdan çox marixuana, 3,9 kiloqramdan artıq metamfetamin, 2,8 kiloqrama yaxın heroin, 1 kiloqramdan çox tiryək və həşiş, həmçinin 2002 ədəd metadon həbi müsadirə edilib.

Narkotik tərkibli bitkilərin məhv edilməsi istiqamətində də tədbirlər davam etdirilir. İyulun 8-də yabanı halda bitmiş 20 ton çəkidə 23 min 115 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. İyulun 9-da isə kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu götürülüb, əlavə olaraq yabanı halda bitmiş 4 tondan artıq çəkidə 19 min 10 ədəd çətənə kolu məhv edilib.

Beləliklə, son iki gün ərzində keçirilən iri əməliyyatlar nəticəsində ən azı 124 kiloqram narkotik vasitə, 4 mindən artıq metadon həbi, yüzlərlə kultivasiya edilmiş və 42 mindən çox yabanı çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb və məhv edilib.


Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti