
2026-cı il dünya çempionatı həyəcanı getdikcə kulminasiya nöqtəsinə yaxınlaşır. Məlum olduğu kimi ötən gün ABŞ-ın Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən növbəti 1/4 final qarşılaşması turnirin ən dramatik oyunlarından biri kimi yadda qaldı. Belə ki, Avropa çempionu İspaniya son dəqiqələrdə Belçikanı 2:1 hesabı ilə məğlub edərək 16 illik fasilədən sonra yenidən dünya çempionatının yarımfinalına yüksəldi.
Matçın əsas qəhrəmanı isə yenə ehtiyat oyunçular skamyasından qalxaraq taleyi dəyişən Mikel Merino oldu. Portuqaliyaya qarşı 1/8 final görüşündə olduğu kimi, bu dəfə də sonradan meydana daxil olan yarımmüdafiəçi həlledici qolu vuraraq komandasına qələbə qazandırdı. Bununla o, dünya çempionatları tarixində "pley-off" mərhələsinin iki müxtəlif oyununda əvəzedici kimi meydana çıxıb qələbə qolunu vuran ilk futbolçu adını tarixə yazdırdı.
Xatırlatma verək ki, Los-Ancelesdəki "SoFi" stadionunda keçirilən qarşılaşma yüksək tempdə başladı. İlk hissədə komandalar hərəyə bir dəfə fərqlənərək fasiləyə 1:1 hesabı ilə yollandılar.
30-cu dəqiqədə Fabian Ruis hesabı açdı. "Real Madrid"in ulduz qapıçısı Tibo Kurtua ilk zərbəni möhtəşəm şəkildə dəf etsə də, top yenidən Ruizə qayıtdı və ispaniyalı futbolçu müdafiəçi Timoti Kastanyenin ayaqları arasından dəqiq zərbə ilə topu qapıya göndərdi.
Beləliklə, Luis de la Fuentenin Pedrini ehtiyatda saxlayaraq Fabian Ruizə əsas heyətdə şans verməsi özünü tam doğrultdu.
Belçika isə cəmi 11 dəqiqə sonra cavab verdi. Timoti Kastanyenin dəqiq ötürməsini Çarlz De Ketelare baş zərbəsi ilə qapıya göndərərək turnirdə İspaniyanın buraxdığı ilk qolu vurdu.
Lakin oyunun dönüş nöqtəsi ikinci hissədə yaşandı.
Dünyanın ən güclü qapıçılarından biri hesab olunan Tibo Kurtua uzaq ötürmələr zamanı ayağında əzələ ağrısı hiss etdiyini bildirdi. Baş məşqçi Rudi Qarsiya risk etməyərək onu əvəzlədi. Meydanı göz yaşları içində tərk edən Kurtua sonradan açıqlamasında oynamağa davam etmək istədiyini desə də, məşqçinin qərarına hörmət etdiyini bildirdi. Mütəxəssislər bildirir ki, məhz bu dəyişiklik Belçikaya baha başa gəldi.
Kurtuanın əvəzində meydana çıxan Senne Lammens isə oyunun sonlarına yaxın Pau Kubarsinin aşağıdan vurduğu zərbəni saxlaya bilmədi. Top onun qarşısında qaldı və həmin anda meydana cəmi iki dəqiqə əvvəl daxil olmuş Mikel Merino fürsəti qaçırmadı.
Son dəqiqələrdə vurulan qol Los-Anceles stadionunu dolduran 70 min 492 azarkeşi ayağa qaldırdı. İspan azarkeşləri yandırıcı istiyə baxmayaraq qələbəni böyük coşqu ilə qeyd etdilər.
Oyundan sonra Merino uğurunu təsadüf hesab etmədiyini söylədi.
"Belə şeylər təsadüf olmur. Əgər oyuna yaxşı hazırlaşırsansa, belə anlar yenidən yaşanır". Merino əlavə edib ki, İspaniyanın əsas məqsədi dünya çempionluğu uğrunda son iki addımı da uğurla keçməkdir:
"Dünya kubokunu qazanmağa cəmi iki oyun qalıb və biz məhz bunun üçün mübarizə aparırıq".
Futbol mütəxəssisləri qeyd edir ki, İspanya bu oyunda açıq-aşkar üstün futbol nümayiş etdirdi. Statistika da İspaniyanın üstünlüyünü açıq şəkildə göstərirdi. İspanlar oyun ərzində rəqib qapısına 17 zərbə endirdilər, Belçika isə cəmi 5 dəfə təhlükə yarada bildi.
18 yaşlı Lamin Yamal yenə də sürəti və fərdi ustalığı ilə matçın ən fəal futbolçularından biri oldu. İkinci hissədə İspaniya topa tam nəzarət edərək Belçika müdafiəsini ardıcıl hücumlarla sınağa çəkdi.
Kevin De Bruyne və Romelu Lukakunun liderlik etdiyi Belçika son dəqiqələrdə hesabı bərabərləşdirmək üçün bütün qüvvəsini səfərbər etsə də, İspaniya müdafiəsini keçə bilmədi.
"Belçikanın bu oyunda ümumiyyətlə, bəxti gətirmədi" deyə şərhlər verilir. Qeyd olunur ki, Belçika oyuna hələ başlamamış ciddi problemlərlə üzləşmişdi. Belə ki, Komandanın kapitanı Yuri Tilemans isinmə hərəkətləri zamanı zədələndiyi üçün start heyətindən çıxarıldı. ABŞ-la oyunda diz ön çarpaz bağlarını qıran Amadu Onana isə ümumiyyətlə heyətdə yox idi. Ən ağır zərbə isə Kurtuanın zədələnməsi oldu.
Matçdan sonra təcrübəli qapıçı komanda yoldaşı Senne Lammensi müdafiə etdi:
"Ona böyük sarıldım. Qapıçılar üçün belə səhvlər çox ağır olur. Senne çox yaxşı qapıçıdır və bu hadisədən sonra daha da güclənəcək".
Onu da qeyd edək ki, tribunada dünya şöhrətli simalar da yer almışdı. Dünya şöhrətli musiqiçilər Kortni Lav və Noel Qallager, Hollivud ulduzu Bred Pitt, həmçinin məşhur ispaniyalı aktyorlar Penelopa Kruz və Xavyer Bardem qarşılaşmanı stadiondan izləyiblər.
İndi isə gözlər yarımfinaldadır. İspaniyanın yarımfinaldakı rəqibi Fransa olacaq. Fransızlar 1/4 finalda Mərakeşi 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.
Baş məşqçi Luis de la Fuente qarşıdakı oyunun çətin keçəcəyini gizlətməyib.
"Fransanı məğlub etmək üçün əlimizdən gələni edəcəyik. Onlar da bizim qədər narahatdırlar".
Bu gün isə dünya çempionatının daha iki 1/4 final görüşü keçiriləcək. Norveç İngiltərə ilə, Argentina isə İsveçrə ilə üz-üzə gələcək. Həmin oyunların qalibləri iyulun 15-də keçiriləcək ikinci yarımfinalda qarşılaşacaqlar.
Dünya çempionatının üçüncü yer uğrunda oyunu iyulun 18-də Mayami-Qardensdə, böyük final isə iyulun 19-da Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək.
Musavat.com






Şərhlər